“Ermənistanın bölgədə həyata keçirdiyi xarici siyasət Rusiyanın güclü təsiri altındadır”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu gürcü müstəqil analitik, “GeoCase” Təhlil Mərkəzinin rəhbəri Viktor Kipiani “İmedi” telekanalına müsahibəsində bildirib.
Ekspertin sözlərinə görə, bu gün Ermənistanın qərarları müstəqil qəbul etdiyini sübut edə biləcək araşdırmaçı və ya mütəxəssis tapmaq çətindir.
V.Kipiani Azərbaycanın xarici siyasət kursunun ehtiyatlı olduğunu deyib: “Azərbaycan həm Rusiya, həm də Qərb ilə yaxınlaşmağa çalışır, bu halda Bakının və digər böyük düşərgənin maraqlarına xələl gətirilmir. Bu çox vacib və diqqətəlayiq bir vektordur”.
Analitik hesab edir ki, Gürcüstan Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı neytral qala bilməz: “Qarşıdurmaların qonşuluğumuzda baş verməsi, Gürcüstanda azərbaycanlı və ermənilərin yaşamasını nəzərə alaraq, hadisələrlə bağlı neytral qala bilmərik. Gürcüstan hər hansı bir formada münaqişəyə müdaxilə edə bilməsə də, onun konservasiyasına kömək göstərə bilər”.