Qaradağda "əlil olmaq" iki vur ikidir... - Əlin cibində olsun...
Tarix: 15-12-2015, 09:45 | Çap et
Qaradağda "əlil olmaq" iki vur ikidir... - Əlin cibində olsun...
Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilərkən Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) sədrləri ilə keçirdiyi iclas yəqin ki, çoxlarının yadındadır. Nazir həmin iclasda bildirmişdi ki, komissiyalarda aparılan yoxlamalar zamanı xeyli nöqsan aşkarlanıb. O bu komissiyalara nəzarət edən Ali Nəzarət Komissiyasının ləğv edilməsinə də göstəriş vermişdi: "Belə bir qurum lazım deyil. Nazirlər Kabinetinə müraciət edəcəyik. Əgər bu arayışları kimsə alıb əlinin altından satırdısa, onda 50 nəfər yaxın adam siz nə işlə məşğul idiniz? Elə şəhər tibbi komissiyaları var ki, əhalini başdan ayağa əlil edib. Hər min nəfərdən 50-nə əlillik yazıb. Adam var ki, barmağı yoxdur. Hər il deyirlər ki, həkim komissiyasından keçsin. Barmağı yerinə gələcək? Qurtarmaq lazımdır, bu hoqqaları. Bunun hamsının bir adı var - insanlardan nəsə ummaq». Nazirin xəbərdarlığına baxmayaraq, bəzi TSEK-lərdə problem hələ də qalır. Qeyd edək ki, bir neçə gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edildi. Baş prokurorluqdan verilən məlumata görə, Bakı şəhər sakini, II qrup əlilin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinin qanunsuz əməlləri barədə şikayəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2015-ci ilin iyun ayından 5 saylı TSEK-in sədri vəzifəsində işləyən Fəsad Mustafayev “Tibbi-sosial ekspert komissiyaları haqqında”, “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamələrə və Tibbi-Sosial Ekspertiza Mərkəzinin Nizamnaməsinə əsasən mərkəzin fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsinə, əlillik dərəcələrinin, müddəti və səbəbinin, şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq I, II və III qrup əlilliyin təyin olunmasına və sair səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar görmə qabiliyyətini itirmiş II qrup əlil olan Bakı şəhər sakininin əlillik dərəcəsinin təsdiq edilməsi üçün təkrar müayinənin və əlillik dərəcəsi üzrə təyinatın aparılmasına görə 2015-ci ilin noyabr ayında 1500 manat istəyərək, razılaşdırılmış 1200 manat pulu görmə qabiliyyəti həddən artıq zəif olduğuna köməklik etməsi məqsədi ilə qohumu ilə birgə gəlmiş şikayətçidən noyabrın 23-də xidməti otağında alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. F.Mustafayevin üzərində, xidməti otağı və avtomobilində həyata keçirilmiş baxış, axtarış və götürmə istintaq hərəkətləri zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik bir sıra sənədlər aşkar edilərək maddi sübut qismində götürülüb. Fkta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. F.Mustafayev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Fəsad Mustafayevin həbsi bəzi TSEK sədrlərinə dərs olmayıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Qaradağ rayon Tibbi-osial Ekspert Komissiyası lə bağlı redaksiyamıza bir sıra ilginc bilgilər daxil olub. Həmin məlumatlarda qeyd olunur ki, adıçəkilən TSEK-ə müraciət edənlərin böyük əksəriyyəti bir sıra problemlərlə üzləşməli olurlar.

Belə ki, Qaradağ rayon Tibbi-Sosial Ekspert Komissiyasının sədri Katib Məmmədovun bir müddət öncəyə kimi Suraxanı TSEK-inə rəhbərlik etdiyini vurğulayan məlumatlı şəxsin iddiasına görə, o, özünə məxsus qaydalar tətbiq etməklə şəxsi maraqlarının təmin olunmasına çalışır. Hazırda Qaradağ TSEK-də bir sıra neqativ halların yaşandığını deyən mənbənin sözlərinə görə, Katib Məmmədov sözügedən TSEK-ə sədr təyin olunduğu gündən qurumda vəziyyət dözülməz həddə çatıb: «O, əvvəllər Suraxanı rayonu 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri idi. Həmin dönəmdə rayon sakinləri onun fəaliyyətindən narazı olduqları üçün bir neçə dəfə üzləşdikləri problemlərlə bağlı müvafiq qurumlara müraciət ediblər. Katib müəllim Qaradağ TSEK-ində də öz «ənənə»sindən əl çəkməyib. Bura müraciət edənlərin böyük əksəriyyəti bəzi problemlərlə üzləşməli olurlar. Məsələ ondadır ki, bir çox şəxslər əlillik dərəcəsi almaq və bu yolla özlərinə təqaüd düzəltdirmək üçün TSEK sədrinin «tələb»ləri ilə razılaşmaq məcburiyyətində qalırlar. Odur ki, bu gün Katib Məmmədovun rəhbərlik etdiyi TSEK-dən istənilən əlillik dərəcəsini almaq mümkündür. Bunun üçün sadəcə irəli sürülən «şərt»lərə əməl etmək lazımdır. Onu da qeyd edim ki, mərkəz yaradılmamışdan öncə də əlillik dərəcəsinin verilməsində süni əngəllər yaradılırdı, bu gün də yaradılmaqdadır. Qaradağda əlillik dərəcəsi əldə etmək üçün xüsusi tariflər tətbiq olunur. Və bu tariflər sağlamlığında həqiqi problemlər olan vətəndaşlara, hətta anadangəlmə şikəstlərə də şamil olunur. Bu isə onu göstərir ki, Qaradağ rayon Tibbi-Sosial Ekspert Komissiyasında əlillik dərəcəsinin müəyyənləşdirilməsi işində çox ciddi nöqsanlar mövcuddur.
Buna görə də son dövrlər Qaradağ rayonunda müəyyən yollarla əlillik dərəcəsi alanların sayı xeyli artıb». Biz Suraxanı TSEK-in həbs olunan sədri Fəsad Mustafayevin də barəsində çox yazmışdıq. Amma nazir Səlim Müslümov və ƏƏSMN-in digər yetkili şəxsləri nədənsə yazdıqlarımıza reaksiya verməmişdilər. TSEK sədrinin həbsi yazılanların boş olmadığını göstərdi. Səlim müəllim, eyni qanun pozuntuları Katib Məmmədovun rəhbərlik etdiyi Qaradağ TSEK-də də mövcuddur. Biz sizdən xahiş edirik ki, bu qurumda yoxlama təşkil etdirib sədrin özbaşına əməllərinin üstünü açasınız. Əks halda, sizin də dediyiniz kimi, Qaradağ əhalisinin böyük əksəriyyəti əlillik dərəcəsi alacaq.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net