Rüstəm Nağıyevin iş yeri Gədəbəydədir, yoxsa Bakıda?
Tarix: 26-11-2015, 10:01 |
Çap et
Onu keçmiş məhkumlarla sıx münasibət saxlamağa vadar edən nədir? Azərbaycanın ucqarında, düşmənlə üzbəüz mövqedə dayanan rayonlardan biri də Gədəbəydir. Bir çoxlarına məlumdur ki, Gədəbəy camaatı Birinci Qarabağ savaşında düşmənə qarşı layiqli müqavimət göstərib və torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə necə lazımdırsa iştirak edib. Belə bir rayonun sakinlərinin xüsusi qayğıya və diqqətə ehtiyacı var. Qeyd edək ki, dövlət tərəfindən gədəbəylilərin sosial problemlərinin aradan qaldırılması istiqamətində çox böyük işlər görülür. Bunu heç kim inkar edə bilməz. Amma rayonun bir qrup məmuru özbaşına işlər törədərək əhalini narazı salırlar. Yerli və mərkəzi icra hakimiyyəti orqanlarında məsul vəzifə tutan şəxslər yuxarı instansiyalar qarşısında vətəndaşlara qarşı mülayim rəftar edəcəkləri və onlara tapşırılan işləri layiqincə yerinə yetirəcəkləri barədə öhdəlik götürürlər. Təəssüflə qeyd etmək istəyirik ki, Gədəbəy rayonunda yüksək vəzifələri tutan bəzi şəxslər işlərinə istənilən səviyyədə məsuliyyət göstərmirlər. Məsələn götürək elə Gədəbəy Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rüstəm Nağıyevi. Bu adamı rayonda tanımayan yoxdur. O bir neçə il rayonun icra başçısının müavini işləyib. Əgər buna işləmək demək mümkündürsə. Gədəbəydə az adam tapılar ki, Rüstəm Nağıyev onu incitməsin və haqqını tapdalamasın. Deyilənə görə, bu şəxs icra başçısının müavini işlədiyi vaxtlarda rayonda aparılan tikinti işlərinin böyük hissəsinə rəzarət edib. Yəni kimsə ev, ticarət obyekti və istirahət mərkəzi tikmək istəyibsə, ilk növbədə ona müraciət edirmiş. Bir sözlə, hazırda şöbə müdiri işləyən Nağıyev icra başçısının müavini işləyərkən geniş səlahiyyətlərindən istifadə edərək bəzi qanuna zidd işlər törədirmiş. O həm də Yeni Azərbaycan Partiyasının (YAP) Gədəbəy rayon təşkilatının sədridir. Bəlkə də onun qeyri-normal fəaliyyətinin nəticəsidir ki, bu gün sözügedən rayonda müxalif düşüncəli insanlar xeyli fəallaşıb. Bu başqa yazının mövzusudur. Rüstəm Nağıyev YAP-ın mövqelərinin rayonda daha da möhkəmlənməsi üçün işlər görmək və şöbə müdiri kimi üzərinə düşən işləri yerinə yetirmək əvəzinə, vaxtının çox hissəsini Bakıda keçirir. Şöbə müdirinə yaxın olan şəxslərdən birinin bizə verdiyi məlumata görə, Rüstəm Nağıyev Gədəbəydəki bütün işini-gücünü atıb paytaxtdakı kafe, restoranlarda görünür. Özü də tək yox. İddialara əsasən, şöbə müdirinin «kruq»unda keçmişdə məhkumluq həyatı yaşamış şəxslər, cəmiyyət içərisində hərəkətinə və davranışına fikir verməyən insanlar var. Bizə çox təəccüblüdür, axı böyük bir rayonda YAP-ın yerli təşkilatının sədri işləyən, eyni zamanda icra hakimiyyətində şöbə müdiri vəzifəsini tutan insanla keçmiş məhkumları hansı əlaqələr birləşdirə bilər. Yəqin ki, şöbə müdiri özünü ziyalı təbəqəsinin üzvü sayır. Biz demirik ki, keçmiş məhkumlar cəmiyyətdən təcrid olunmalıdır. Amma belə adamlar həyatlarının hansısa mərhələsində cinayət törədiblər, dövlətin qanunlarına qarşı çıxıblar. Onlardan fərqli olaraq Rüstəm Nağıyev dövlət qulluğunda çalışır, eyni zamanda YAP-ın yerli təşkilatının sədridir. Maraqlıdır, görəsən şöbə müdirinin iş yeri Gədəbəydədir, yoxsa Bakıda. Bu adam vaxtının çox hissəsini paytaxtda keçirirsə, bəs onun rayondakı işlərini kim görür? Hörmətli dövlət qulluqçusu bilməlidir ki, onu Bakıda yox, Gədəbəydə vəzifəyə təyin ediblər. Bütün bunlar icra başçısı Ramiz Yediyarovun fəaliyyətindəki boşluqların nəticəsidir. İcra başçısı yerində olsa, digərləri də yerində olar. Təəssüf ki, Gədəbəy rayonu hazırda Rüstəm Nağıyev kimi məmurların ümidinə qalıb. Şöbə müdiri bilməlidir ki, rayon camaatı müxtəlif problemlərin əlində əsir-yesir qalıb. O isə vaxtını Bakıdakı bahalı restoranlarda dincəlməklə keçirir. Olmaya, şöbə müdiri paytaxtda işləmək eşqinə düşüb. And olsun bir nəfərin canına ki, Rüstəm Nağıyevə hələ Gədəbəydəki vəzifə də çoxdur. Bunun səbəbi haqda isə gələn saylarımızda biləcəksiniz. Həmçinin bu şəxsin icra başçısının müavini işləyərkən evində çörək yediyi adamdan nə umması haqda da danışacağıq. Sonda bir vacib məqamı qeyd etmək istəyirik. Bizdə olan məlumata görə, Rüstəm Nağıyev dövlətdən həm 100 faiz pensiya, həm də vəzifə maaşı alır. Görəsən, bu hansı qanuna sığır? Bu barədə gələn saylarımızda biləcəksiniz. Qarşı tərəfi də dinləyə bilərik