Yanlış PKK siyasətinin acı nəticəsi
Tarix: 10-09-2015, 10:22 | Çap et
Yanlış PKK siyasətinin acı nəticəsi
Türkiyə çox çətin dönəmdən keçir. 7 iyun parlament seçkisində xalqdan “get” mesajı alsa da hakimiyyəti əldən vermək istəməyən 13 illik AKP iqtidarı ölkəni son dərəcə gərgin bir nöqtəyə sürükləyib. PKK tarixində ilk dəfə Türkiyə Silahlı Qüvvələrinə genişmiqyaslı savaş açıb. Türkiyə təhlükəsizlik qüvvələri Türkiyənin güney, güney-doğu bölgələrində hər gün əməliyyatlar keçirir. Şəhid, yaralı sayı hər keçən gün çoxalır. Rəqəmlər ürküdücüdür - 2 ayda 100-dən çox əsgər və polis şəhid olub. Ciddi qaynaqlara əli çatanlar deyir, şəhid sayı daha çoxdur, panika yaratmamaq üçün xalqdan gizlədilir.

Gərginlik son dönəmlərə qədər sabit olan bölgələrə də sıçrayıb. Ölkənin hər tərəfindən iğtişaş xəbərləri gəlir. Paytaxt Ankara, ölkənin ən böyük şəhəri İstanbul, solçuların şəhəri İzmirdən başlayaraq quzey-doğudakı Trabzona, Orduya, güney-batıdakı Antalyaya, Bodruma qədər hər tərəfdə xalq ayağa qalxıb. Sosial şəbəkələr PKK-ya, HDP-yə, terroru dəstəkləyən kürdlərə etiraz mitinqlərindən fotovideogörüntülərlə dolub-daşır. Türklər artıq ölkədən kənarda da ölkələrinə dəstək mitinqləri keçirməyə başlayıblar.

Kürd xalqı Türkiyənin başına bəla açdığını, ölkəni parçalayaraq özünə dövlət quracağını düşünə bilər. Ancaq əslində durum tam fərqlidir - kürdlər sürətlə çıxmaza gedirlər.

Terrorçu PKK AKP-nin “açılım” siyasəti, “çözüm sürəci” ilə dağdan enib Türkiyə Böyük Millət Məclisinin Rəyasət Heyətinə qədər gələ bildi. 7 iyun seçkisində 80 millət vəkili qazanan PKK-nın siyasi qanadı HDP parlamentin ilk yığıncağında lideri Abdulla Öcalanın qardaşı qızı Dilek Öcalanı parlamentin rəyasət heyətində təmsilçisi təyin etdi. Qosqoca Türkiyə dövləti parlamentinin tribunasında bu ölkəni parçalamağı vəzifə sayan terror qruplaşmasının təmsilçisi oturdu. Bu acı tablo Türkiyədə də, türk dünyasında da çox danışıldı. Ancaq HDP prosesi kürd xalqının xeyrinə davam etdirə bilmədi. HDP 7 iyun seçkisindən öncə xeyli barış mesajları vermişdi. Partiya liderləri, millət vəkili namizədləri illərdir davam edən qovğanın dayanması üçün çalışacaqlarını deyirdilər. Deyirdilər... Seçkidən sonrakı 2 ayda PKK-nın Türkiyəni qana boyaması siyasətə dağda türk əsgərinə silah tuşlamaqla gələnlərin islah olmasının mümkünsüzlüyünü göstərdi.

1 noyabr seçkisində mənzərə tam dəyişə bilər. AKP-ni “taxtdan salmaq” üçün solçu görüşlü yüz minlərlə insanın 7 iyunda HDP-yə səs verdiyi bəllidir. CHP-nin elektoratı bu dəfə fərqli yolu sınaqdan çıxarmaq istəmişdi. Ölkənin bir çox ünlü söz-sənət adamları da daxil olmaqla, xeyli şəxs HDP-yə səsini borc vermişdi. Türkiyədə buna “ödünc səs” deyirlər. PKK-nın, HDP-nin Türkiyəyə savaş açmasından sonra onların hamısı borcunu geri istəyib. Bu durumda HDP-nin 10 faizlik həddi keçəcəyi ciddi sual altındadır.

Türk ordusu PKK-ya qarşı havadan və qurudan əməliyyatlar keçirir, türklər müxtəlif şəhərlərdə kürdlərə aid nə varsa yaxıb-yandırır, iş yerlərini, təşkilatlarını, HDP ofislərini dağıdır. Türkləri dayandırmaq mümkün olmayacaq. Bıçaq sümüyə dirənib. HDP bunu istəyirdimi? Kürdlərin məqsədi qosqoca Türkiyə dövlətini özünə qarşı qaldırmaq, sayı sayından dəfələrlə çox olan xalqı özünə düşmən etmək idimi?

Durum 1988-90-cı illərdə Azərbaycandakı erməni-türk gərilmələrini yada salır. Hələ onda Qarabağ uğrunda savaş başlamamışdı, ermənilər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan kimi iri şəhərlərdə yaşayırdılar, işləyirdilər. Rusiyanın qızışdırması ilə Ermənistandakı tarixi torpaqlarımızda, Qarabağda, sərhəd bölgələrdə yerləşən türk kəndlərinə hücumlar genişlənən kimi Azərbaycanda yaşayan ermənilərin qara günü başladı. Xalq torpağını parçalamağa qalxan milləti məhəlləsindən, şəhərindən, ölkəsindən qovdu, erməni köçü başladı.
O günlərlə bağlı ziddiyyətli faktlar səslənir. Ancaq uzaq tarix olmadığı üçün şahidlər çoxdur. Hər birimiz gözümüzü açıb erməni qonşumuzun gecə ilə evindən köç etdiyini, şəhərdən qaçdığını, Ermənistandan qovulan türklərin ermənilərin boş qalmış evlərinə yerləşdiyini görmədikmi? Hər gün şəhid, yaralı, didərgin qarşılayan xalq bunu edən milləti öpüb gözünün üstünə qoymayacaqdı... Münaqişənin uzun sürəcəyini anlayan nə qədər erməni Bakıdan, Gəncədən, Sumqayıtdan Rusiyanın əyalətlərinə səpələndi. Doğmalarının yanına sığınmaq üçün Qarabağın, Ermənistanın yolunu tutan nə qədər erməni hərbi əməliyyatlar zamanı öldü, savaşın bütün acılarını yaşadı və yaşamaqdadır. Bu gün dünya üzünə səpələnən nə qədər erməni Bakının mərkəzində kef içərisində yaşadığı sakit günlərin özləmini çəkir.

Yaşadığı dövlətə qarşı savaş açmaq, millətinə düşmənçilik etmək hansı xalqa rifah, yüksəliş, xoşbəxtlik gətirib ki?

Kürdlər də itirir. Özü də çox sürətlə. Türkiyəni tanıyanlar bilir. AKP hakimiyyətə gələndən sonra ölkənin orta və kiçik biznesini kürdlərə sözün əsl mənasında təslim etmişdi. Hansı şəhərə getsən, xidmət sektorunda kürdləri görürdün. Hətta solçuların alınmaz qalası kimi tanınan İzmirin mərkəzində belə bütün kafe-restoranlar, taksi şirkətləri, ticarət obyektləri kürdlərin əlində idi. Dünyanın ən qaynar turizm bölgələrindən olan Ağ dəniz, Egey dənizi sahillərindəki yüzlərlə turizm obyektlərini kürdlər çalışdırırdı. Hələ İstanbul. AKP-nin İstanbula vurduğu yara yəqin uzun illər sağalmaz - şəhər tarixin heç bir dönəmində bu qədər kürdləşdirilməmişdi.

Ən son günlərə qədər nəhəng bir dövlətin paraları illərdir gizlin-aşkar PKK-nı dəstəkləyən kürdlərə axırdı. Ancaq indi tam tərsi yaşanacaq. Qapısına PKK-nın şəhid etdiyi övladı, qardaşı, qohumu, qonşusu gələn türk kürdlərlə eyni ortamda yaşamaq istəməyəcək. Qurunun oduna yaş da yanacaq, türklər Türkiyənin hər bölgəsini kürdlərə dar edəcək. Başqa cür mümkün deyil. Biz bu tarixi yaşamışıq, Türkiyə də yaşayacaq.

Türkiyəni vətəndaş müharibəsinə sürükləmək planları çoxdan var və həmin qüvvələrin PKK-nı ciddi şəkildə dəstəklədiyi sirr deyil. Çətin olacaq. Gərginlik olacaq. Hətta ən pis variantı düşünək - Türkiyə bölünəcək. Ancaq kürdlər heç zaman dövlət quraraq sabitlik və rifah içərisində yaşaya bilməyəcək. Onlar uzağı Azərbaycanda ermənilərin “qazandığı” kimi sabitliyi daim təhlükə altında olan, inkişafı mümkünsüz bir bölgəni əldə edə biləcək. Böyük bir ölkəni, dövləti itirmək bahasına. Dəyərdimi?





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net