Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı güllələyən Tomas Metyu Kruks sui-qəsd cəhdindən bir neçə saat əvvəl siyasətçinin Pensilvaniya ştatında seçkiqabağı mitinqinin keçiriləcəyi yerin üzərindən pilotsuz təyyarə ilə uçurub.
Bu barədə Oxu.Az "The Wall Street Journal" (WSJ) və "NBC" nəşrlərinə istinadən bildirir.
KİV-də yayılan məlumatlara görə, Kruks Çinin DJI şirkətinə məxsus kameralı drondan istifadə edib və çox güman ki, məhz bu vasitə ilə sui-qəsd cəhdini planlaşdırıb.
WSJ qeyd edir ki, bu tip dronun istifadəsi ABŞ-nin keçmiş prezidentinin təhlükəsizliyi ilə bağlı böyük boşluqları ortaya çıxarır.
Məlumata görə, Trampın mitinqinin yeri və vaxtı açıqlandıqdan sonra Kruks tədbirdə iştirak üçün qeydiyyatdan keçib, bir neçə gün sonra isə baxış keçirmək üçün kompleksə gəlib. Drondan başqa, o özü ilə partlayıcı qurğu da götürüb. Sonradan həmin qurğu onun hadisə yerinin yaxınlığında park edilmiş avtomobilindən tapılıb.
Qeyd edək ki, ötən gün Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ABŞ-nin keçmiş prezidentinə atəş açan şəxsin motivlərini hələ də müəyyən edə bilmədiklərini etiraf ediblər. Xəbər verildiyi kimi, xüsusi xidmət orqanları yüzdən çox insanın ifadəsini alıb və lazımi məlumatları əldə ediblər, lakin "tapmacanı həll etmək" mümkün olmayıb.