Qafqaznews.az bildirir ki,bir müddət əvvəl mətbuatda A.Heydərov 23 ünvanında, Nərimanov məhkəməsinin yaxınlığında fəaliyyət göstərən “Montinburg” adlı pivə barına azərbaycanlıların düşməni, qaniçən erməni cəlladı Andranikin şəkilinin vurulması ilə bağlı yayılan məlumat açıq səmada ildırım kimi çaxdı. Görəsən xalqımızın düşmənini belə əzizləyən kimdir..? İlkin versiyada obyektin Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyevə məxsus olduğu bildirilirdi. Amma sonra başqa məqamlar ortaya çıxdı. Və…bəlli oldu ki, obyektin sahibi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəisi Qoşqar Məmmədovdur. Sonrakı araşdırmalarda bəlli oldu ki, Q.Məmmədovun Nərimanov İcra Hakimiyyətinin rəhbərliyi ilə bir sıra şərikli obyektləri var. Və “Montinburg” adlı pivə barı Q.Məmmədovun Bakıdakı çoxsaylı obyektlərindən biridir. Mətbuatda Qoşqar Məmmədovun Türkiyə- Azərbaycan qardaşlığına ciddi zərbə vurması ilə bağlı da məlumatlar gedib.
Belə ki, MKTB sədri Qoşqar Məmmədov Suat adlı türk vətəndaşına 260.000 dollar “atıb”. Qısaca bildirək ki, Qoşqar Məmmədova məxsus “Riva” otelinin tikintisinə Suat adlı türk vətəndaşı rəhbərlik edib, amma sonda Qoşqar Məmmədov inşaatçılara 260.000 ABŞ dolları “atıb”. Uzun mübahisələrdən sonra Suat hətta hüquq-mühafizə orqanlarına da şikayət edib. Lakin bu da bir nəticə verməyib. Q.Məmmədov Suata bildirib ki, ona borclu olduğu pulun bir hissəsini ödəməklə o, hüquq-mühafizə orqanları ilə problemi daha rahat həll edib. Ümumiyyətlə, Qoşqar Məmmədovin Bakıdakı obyektlərinin, mülklərinin siyahısı çox uzundur. O, metronun Nərimanov stansiyası ətrafında onlarla obyektin ya tamhüquqlu sahibi, ya da şərikidir. Montin qəsəbəsinin mərkəzi hesab olunan Ağa Nemətulla küçəsində isə köhnə “stalinka” layihəli binalarda çox sayda mənzil bu məmura məxsusdur. Həmçinin məlumatlarda bildirilir ki, Əhməd Rəcəbli küçəsində, YAP-ın Nərimanov təşkilatının ətrafında Qoşqar Məmmədovun onlarla obyekti fəaliyyət göstərir. Onlardan “Riva” otelini, “Rahat” Marketi və başqa obyektləri misal göstərmək olar. Qeyd edək ki, Qoşqar Məmmədovun obyektləri tək bununla bitmir. Atatürk prospektindəki parkın içindəki restoranların bir neçəsinin sahibi də məhz Qoşqar Məmmədovdur. Atatürk prospektindəki obyektlərindən ən məşhuru isə “Park Fore” restoranıdır.
Biz hələ Qoşqar müəllimə məxsus “Lexus” markalı avtomobillər və “700” rəqəmləri ilə bitən dövlət nömrə nişanları barədə danışmırıq. İndi isə keçək Qoşqar Məmmədov barəsində yeni məlumatlara. Bu gün Nərimanov rayonu A.Alı küçəsi 7/19 binanın sakinləri bir daha qafqaznews.az-ın redaksiyasına müraciət ediblər. Müraciətdən bəlli olur ki, Qoşqar Məmmədov və Nərimanov rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev Aşıq Alı küçəsi 7/19 binanı iki yerə bölüblər. Belə ki, binanın bir hissəsi vəkil Aslan İsmayılovun səmimi tərəfdarlarıdır, digər ikinci hissəni isə Qoşqar Məmmədovun qohumu Vahid adlı birisi “idarə edir”. Binanın sakinlərinin redaksiyamıza bildirdiyinə görə Vahid adlı şəxs məhəllədə yerə dəmir borular basdıranlara rəhbərlik edir və hətta özü də 616 nömrəli “Hunday” avtomobili üçün həyətdə qeyri-qanuni “avtopark” yaradıb.
Hətta tanınmış biznesmen Arzu Kazımovun avtomobilinin qapısını açıb-örtən İlqar adlı birisinə də həmin məhəllədə Vahid “krışa”lıq edir. Sakinlər dəfələrlə Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevə, Nərimanov RPİ-nin rəisi İsmail Əsədova, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyeva müraciət etsələr də Qoşqar Məmmədov və onun qohumu Vahid bu şikayətlərin qarşısını ala bilib. Hətta bu şəxslərin qarşısında 18- ci Polis Bölməsinin sahə inspektoru Elxan Əliyev də aciz qalıb. Baxmayaraq ki, Nərimanov RPİ-nin rəisi İsmayıl Əsədova ünvanlanan müraciət 18 -ci polis bölməsinin sahə inispektoru Elxan Əliyevə həvalə olunub.
Elxan Əliyev Qoşqar Məmmədova və onun qohumu Vahidə görə müraciəti icra etmir. Sakinlərlə söhbətdə Elxan Əliyev bildirib ki, “bu müraciətin icrası mənim səlahiyyətimdə deyil, “Azəryolsevis”ə müraciət edin, qoy onlar gəlib məhəllədəki dəmir boruları yerdən çıxartsınlar”. Sakinlərin dediyinə görə dünən Yaşıllaşdırma idarəsi A.Alı küçəsi 7/19 binanın həyətində bəzi ağacların budaqlarını kəsərək səliqə-sahman yaratmaq istəyib. Ancaq Qoşqar Məmmədovun qohumu Vahid onlara əmr edib ki, məhəllədə ancaq Qoşqar Məmmədovun “tərəfdar”ları yaşayan hissə sahmana salınsın, Aslan İsmayılova rəğbəti olanlar yaşayan tərəfin ağacları isə səhmana salınmasın. Bir sözlə bu kompaniyaya Qoşqar Məmmədovun qohumu Vahid adlı birisi rəhbərlik edir.
Sakinlər bizimlə söhbətdə bildirdilər ki, Vahidin Anar adlı oğlu vaxtı ilə Hüseyn Abdullayevin ( Quskanın ) “oxrana”sında olub. Sakinlər xüsusi olaraq qeyd elədi ki, Vahidin yaşadığı blokun birinci mərtəbəsində yerləşən zibilxananı Qoşqar Məmmədov özəlləşdirərək orada “Miledi” adlı qadın bərbərxanası açaraq, obyekti Vahidə hədiyyə edib. Mətbuatda gedən yazılardan bəlli olur ki, Nərimanov MKTB-nin rəisi Qoşqar Məmmədov və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev hər işdə “ortaq”dırlar. Növbəti yazıda Qoşqar Məmmədovun Suat adlı türk vətandaşına pul “atması”, Nərimanovda açdığı bara erməni Andronikin fotosu yapışdırması ilə bağlı məsələyə aydınlıq gətirəcəyik.
P.S. Sakinlər onu da bildirdilər ki, uzun illər bu məhəllədə yaşayan vəkil Aslan İsmayılov onlara təmənnasız kömək edib, hüquqi yardım göstərib.