Ali təhsilli müəllimlər orta ixtisas təhsilli direktor istəmirlər
Tarix: 22-09-2015, 11:52 |
Çap et
Dünən redaksiyamıza daxil olmuş növbəti müraciətdə, yenidən Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin kollektiv üzvlərinin, daha dəqiq desək, müəllim heyətinin narazılıqları ifadə olunub. Bu narazılıq isə, ilk növbədə bu heyətə ali təhsili olmayan direktorun rəhbərlik etməsindən dolayı yaranıb. Artıq ötən saylarımızda mövzuya dair dərc etdiyimiz materiallarda da qeyd olunduğu kimi, Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin direktoru Təranə Ağalarovadır. Lakin aldığımız məlumata görə, Təranə Ağalarovanın musiqi məktəbinə rəhbərlik edə bilmək üçün tələb olunan ali təhsil barədə diplomu yoxdur. Maraqlıdır ki, Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəsmi internet səhifəsində təqdim olunan məlumatlarda da Təranə Ağalarovanın sadəcə Sumqayıt şəhər S.Hacıbəyov adına musiqi kollecini bitirdiyi bildirilir. Bu kollec isə, Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsidir və bu müəssisənin məzunları musiqi məktəbinin direktoru vəzifəsini tuta biməzlər. Bəs onda görəsən Mədəniyyət və Turizm Nazirliyinin Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyi bu məsələyə necə aydınlıq gətirə bilər? Digər tərəfdən isə, Təranə Ağalarovanın özünün qeyri-qanuni olaraq, məktəb direktoru vəzifəsini tuta bilməsi bu xanımımn malik olduğu imkanların heç də tam göstəricisi kimi çıxış etmir. Məsələ bundadır ki, Təranə Ağalarova hətta Bakıda fəaliyyət göstərən ayrı-ayrı muaiqi məktəblərinin də fəaliyyətinə müdaxilələr edə bilir. Buna misal kimi də biz, ötən materiallarda S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin direktoru Tofiq Salmanovun karyera yüksəlişini nümunə göstərmişdik. Belə ki, Tofiq Salmanov hazırda rəhbərlik etdiyi S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinə direktor təyin olunana qədər, Mehdiabad qəsəbə uşaq musiqi məktəbində müəllim işləyib. Onun hazırda tutduğu vəzifəyə təyinatı isə, məhz Təranə xanımın əlaqələri sayəsində baş tutub. Buna baxmayaraq, Mehdiabad qəsəbə uşaq musiqi məktəbində çalışan 40-a yaxın ali təhsilli müəllim bu müəssisəyə rəhbərliyin məhz orta ixtisas təhsilli kadra həvalə olunmasını özləri üçün həm də alçaldıcı bir məqam kimi qiymətləndirirlər. Hətta Təranə Ağalarova öz vəzifəsinin öhdəsindən ləyaqətlə gələ bilsəydi belə, bu təyinat ölkə qanunlarına zidd olaraq qalacaqdı. Halbuki, bu gün Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin fəaliyyəti çeşidli qanun pozuntuları ilə müşahidə olunmaqdadır. Məsələn, mənbələr iddia edirlər ki, hazırda məktəbdə “ölü canlar” təcrübəsi geniş tətbiq olunur. Belə ki, piano müəlliməsi kimi qeydə alınmış Mehriban Səfərova, başqa bir piano müəlliməsi Vüsalə xanım, tar müəlliməsi Məlahət xanım məhz “ölü canlar” funksiyasını yerinə yetirirlər və onların maaş kartları da direktorun özündə saxlanılır. İkinci bir tərəfdən isə, Təranə xanım təhbərlik etdiyi məktəbi yaxın qohum-əqrabasının maddi təminatı üçün də əlverişli qaynağa çevirib. Belə ki, aldığımız məlumata görə direktorun gəlini Aygün xanım, qardaşının həyat yoldaşı Pakizə xanım və qardaşıoğlu Zaur da bu məktəbdə “əmək fəaliyyəti” göstərməkdədirlər. Amma bütün bunlara baxmayaraq, ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hələ də Təranə Ağalarovanın qanunsuz fəaliyyətinin dayandırılması yönümündə heç bir tədbir görülmür. Bir müddət əvvəl qeyd etdiyimiz kimi, sadalanan bu və bir çox digər faktların təqdim olunmasından sonra, nazirliyin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev tərəfindən imzalanmış məktubda rəsmi olaraq bildirilmişdir ki, “ərizədə göstərilənlər öz təsdiqini tapmamışdır”.Halbuki, qeyd olunan qanun pozuntularından ən önəmlisini “aşkar etmək” üçün, dediyimiz kimi, sadəcə olaraq Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəsmi internet səhifəsinə nəzər salmaq kifayət edir...
Bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.