Bəzi iri məmurlar arasında yeni «müharibə»
Tarix: 3-09-2015, 12:18 | Çap et
Bəzi iri məmurlar arasında yeni «müharibə»
Hazırda dünyada neftin qiymətinin düşməsi ilə bağlı iqtisadi böhranın baş verdiyi bir zamanda ölkəmizdə də bir sıra narahatlıqlar ortaya çıxıb. Manatın məzənnəsi ilə bağlı narahatlıqlardan tutmuş ölkənin gəlirlərinin kəskin azalmasınadək çeşidli faktorlar Azərbaycanda fəaliyyət göstərən əksər şirkətlərin fəaliyyətinə mənfi təsir edib. Onlar ixtisarlara start verir, büdcələrinə yenidən baxır, bir sıra hallarda maaşları verə bilməmək dərəcəsində gərgin situasiya qarşısında qalırlar.
Baş verənlərin məntiqi nəticəsidir ki, son vaxtlar sığorta şirkətlərinin göstəricilərində ciddi geriləmə müşahidə olunur. Məsələn, bu günlərdə məlum oldu ki, 2015-ci ilin avqust ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 907 sığorta müqaviləsi bağlanmışdır.

İcbari Sığorta Bürosundan daxil olmuş məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,6 milyon manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 65,13%-i yaşayış evləri və mənzillər, 0,41%-i inzibati binalar, 34,47%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 37,4% azalma müşahidə edilmişdir.

Hələ bu ilin iyununda Banker.az saytı bu dəfə sığorta haqları üzrə gərgin vəziyyətdə olan sığorta şirkətləri haqqında araşdırma aparmış, araşdırma nəticəsində ölkədə fəaliyyət göstərən sığorta şirkətlərindən 13 şirkətin sığorta haqlarının mənfiyə düşdüyü müəyyənləşmişdi.
Sığorta bazarındakı böhranlı durum isə şirkətləri daha aktiv fəaliyyətə sövq edir. Artıq sığorta şirkətləri açıq şəkildə bir-birlərinin müştərilərinə göz dikdiklərini gizlətmirlər. Məsələn, dünən “Amrah Sığorta” şirkətinin sədr müavini Rəşid Salıfov bildirib ki, indi gəlirləri artırmaq üçün adminstrativ xərcləri azaltmaqla yanaşı yeni satış üsullarından da istifadə etmək lazımdır. O açıq şəkildə bəyan edib ki, «Amrah sığorta» satışlarını artırmaq üçün rəqib şirkətlərin müştərilərini də ələ keçirmək niyyətindədir. Sədr müavini bildirib ki, bəzi sığorta şirkətləri işçilərini ixtisar etdiyinə görə, həmin işçilərin vasitəsilə gələn müştəriləri də itirib: «Biz belə bacarıqlı işçiləri işə götürməklə şirkətə yeni müştərilər cəlb edə bilərik». Bundan əlavə, şirkət digər şirkətlərin narazı müştərilərini də cəlb etmək niyyətindədir: «Digər sığorta şirkətlərinin narazı müştərilərini cəlb etmək də sığorta satışlarının artmasına təsir edə bilər».
Heç kimə sirr deyil ki, ölkənin aparıcı sığorta şirkətlərinin əksəriyyətinin arxasında müəyyən iri məmurlar dayanır. Belə görünür ki, həmin məmurlar nəzarətlərindəki sığorta şirkətlərinin böhran şəraitində varlılığını qorumaq və onların gəlirliliyini təmin etmək üçün rəqib sığorta şirkətlərinin müştərilərini ələ keçirməyi hədəfləyirlər.
Bu isə heç şübhəsiz, bir sıra məmurlar arasında maddi maraq toqquşmalarının ortaya çıxmasını şərtləndirəcək. İstisna deyil ki, biz hətta belə toqquşmaların açıq müstəviyə keçməsinin şahidi olaq.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net