36 saylı poliklinikada bülleten spekulyasiyaları
Tarix: 30-07-2015, 15:07 |
Çap et
Redaksiyamıza daxil olan məlumatlarda paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 36 saylı şəhər poliklinikasının baş həkimi Ramidə İbrahimovanın öz fəaliyyətində yol verdiyi saxtakarlıq hallarına dair konkret faktlar təqdim olunur. Bu xüsusda aldığımız açıqlamalarda 36 saylı poliklinikada yaranmış vəziyyətin həddindən artıq acınacaqlı olduğu bildirilir. İlk növbədə poliklinikada yaranmış vəziyyətdən şikayətlənən xəstələr, həmin tibb müəssisəsinin rəhbərliyini saxta arayışların verilməsində ittiham edirlər. Bu barədə məlumatlarda deyilir ki, 36 saylı poliklinikada xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib. Bu barədə məlumatlarda deyilir ki, poliklinikada müəyyən olunmuş məbləği ödəməklə, heç bir müayinədən belə keçmədən, tələb oluynan istənilən arayışı dərhal almaq olur. Hətta müəyyən maxinasiyalar vasitəsilə arayışların köhnə tarixlə qeydiyyatına nail olmaq mümkündür. Təbii ki, bu zaman ödənilən məbləğ bir neçə dəfə artıq olacaq. Digər tərəfdən isə, pul ödəmədikdə, bu poliklinikada həqiqi xəstəlik səbəbindən belə bülleten açdırmaq və ya sağlamlıq haqda arayış almaq demək olar ki, mümkünsüzdür. Aldığımız digər bir məlumatda isə Ramidə İbrahimovanın bəzi vətəndaşlara Tibbi Sosial Ekspert Komissiyalarına təqdim etmək üçün verdiyi əlillik barədə arayışın alınması üçün irəli sürülən tələblərdən bəhs edilir. Bildirilir ki, bir illik müddətə verilən belə arayışı almaq üçün baş həkimə “xəstə”nin şəxsiyyət vəsiqəsinin surətini və 250-300 manat civarında pul vermək kifayətdir. Daha sonra aldığımız açıqlamalarda vurğulanır ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlər pulsuz olunmalı olduğu halda, istisnasız olaraq bütün xəstələr bu poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Pul ödəməkdən imtina edən xəstələr isə nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. İddialara görə istisnasız olaraq bütün xəstələr 36 saylı poliklinikaya girdikləri andan çıxanadək burada xeyli pul xərcləməli olurlar. Bütün həkim və laborator müayinələri, istənilən tibbi prosedurlar və hətta ən ucuz tibbi ləvazimatlar (bint, pambıq, plastr və s.) üçün belə xəstələrdən pul tələb edilir. Ödəniş olmayacağı təqdirdə isə, xəstələrin nə müayinələri, nə də onlara doğru-dürüst müalicə təyin olunması mümkün deyil. Bəzi mənbələr ümumiyyətlə 36 saylı poliklinikada pulsuz tibbi yardım almaq fikrinə düşməyin özünün belə artıq həyat və sağlamlıq üçün təhlükəli olduğunu vurğulayırlar. Daxil olan digər bir məlumatda isə 36 saylı poliklinikada tətbiq olunan “ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur. Bildirilir ki, poliklinikanın baş həkimi bu tibb müəssisəsinin kadrlar üzrə mufəttişi ilə əlbir olaraq, ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyirlər.Bu gün bir çox dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin aşağı keyfiyyəti və bunun müqabilində irəli sürülən qeyri-qanuni pul tələbləri mətbuat tərəfindən tez-tez ictimai müzakirələrə çıxarılan mövzulardandır. Biz də dəfələrlə bu müzakirələrə qatılaraq vurğulamışıq ki, hazırda istər paytaxt Bakda, istərsə də rayon və bölgələrimizdə fəaliyyət göstərən və dövlət büdcəsindən maliyyəşən bir çox tibb müəssisələri var ki, onlar hələ də ölkə qanunlarından daha çox öz yazılmamış daxili “qanunlarına” riayət edirlər. 36 saylı poliklinikanın timsalında isə, bütün bu ittihamlar bir daha öz təsdiqini tapmış olur.