Rabitənin «ağırçəkili topu» kimə və necə kələk gəlib?
Tarix: 27-07-2015, 11:26 | Çap et
Rabitənin «ağırçəkili topu» kimə və necə kələk gəlib?
«Aztelekom» İstehsalat Birliyinin baş direktoru, YAP Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəhbəri Məhəmməd Məmmədovla bağlı çox ciddi məlumatlar verilib.

Vertikal.az "Reytinq” qəzetinə istinadən bildirir ki, «Aztelekom»u şəxsi təsərrüfatı kimi idarə edən Məhəmməd Məmmədov burada milyonlarla manat vəsaiti təyinatından yayındırıb:

Dövlətə kələk gələnlər və ya korrupsiya hansı sahələri əhatə edib?

«Təkcə Hesablama Palatasının «Aztelekom»da apardığı yoxlamanın nəticələri belə deməyə əsas verir ki, nazir Əli Abbasovun bu ilin yanvar ayında ona «yığışdır rüşvəti» xəbərdarlığı əbəs olmayıb.

Məlumat üçün diqqətə çatdırım ki, Hesablama Palatası ötən illə bağlı hesabatında "Aztelekom” rəhbərinin Vergilər Nazirliyinə kələk gəlməsindən tutmuş, mal və avadanlıq almaq adıyla şübhəli xarici müqavilələrlə çox böyük vəsaitləri mənimsənildiyini təsdiq edib. Üstəlik, birlik rəhbərinin ƏDV və yol vergisini azaltması, birliyin idarə aparatı tərəfindən digər struktur vahidlərinə köçürülmüş pul vəsaitlərinin təyinatları üzrə istifadə edilməməsi, xarici kontraktlar üzrə iş və xidmətlərə, eləcə də, əsasən rayonların telekommunikasiya qovşaqlarında quraşdırılmaq üçün alınmış telekommunikasiya avadanlıqlarına görə 18.187.217.2 ABŞ dolları, alınmış mallara görə Azərbaycan Respublikasının rezidentləri üzrə 29945,22 manat kreditor borcları yaratmasında şübhəli və ciddi araşdırılmalı məqamları var.

Düzdür, Palatanın müraciəti əsasında Vergilər Nazirliyi bu məbləğin çox cüzi bir hissəsini geri qaytarmağa nail olub. Ancaq xarici müqavilələr üzrə ayrılan daha dəqiqi, silinən pulların taleyi isə hələ də müəmma olaraq qalır”.

Sifariş "Novruzəlinin eşşəyi”nə niyə döndü?

Məhəmməd Məmmədovun rabitənin, YAP-ın nüfuzuna zərbələr vuran digər bir əməli isə «Aztelekom»un internet trafikində yaranan «tıxac»ın guya aradan qaldırılması məqsdəiylə sildiyi pulları göstərmək olar: "Bu problemin həlli üçün bir neçə il əvvəl pulunu köçürüb, guya sifariş verdikləri avadanlıq hələ də ölkəyə gəlib çıxmayıb. Maraqlı fakt, maraqlı oyundur!

Artıq elə bir vəziyyət yaranıb ki, birliyin işçiləri "Rəisimiz o pulu yəqin şəxsi məqsədi üçün köçürdü. Yoxsa bu avadanlıq Novruzəlinin eşşəyi söhbətinə dönməzdi”, - deyə, danışmazdılar».

Məhəmməd Məmmədov korrupsiyanı YAP-a necə və niyə transfer etdi?

Mənbə deyir ki, Məhəmməd Məmmədovun korrupsiya əməlləri bunlarla bitsəydi, bəlkə də dövlətin nisbətən rahat nəfəs aldığını demək olardı:

«Əslində, Hesablama Palatası «Aztelekom»dakı yeyinti faktının çox cüzi bir hissəsini açıb. Əgər geniş və əhatəli araşdırma getsəydi, o zaman Məhəmməd Məmmədovun bəzi YAP-çı deputatlara və bəzi fəallara hansı mənbədən aylıq və illik xərclər ayırması, onları hansı vəsait hesabına xidməti maşınlarla təmin etməsi və digər siyasi çalarlı faktlar da cəmiyyətə açıqlanardı. Görünür, nə palata, nə də Məmmədov bunları açıqlayacaq qədər cəsarət sahibi deyillər. Çünki bu faktlar ölkə siyasətinin necə korrupsiyalaşdığının bariz nümunəsidir. Məhəmməd Məmmədov isə bu prosesi tamam "üz-gözünə” bulaşdırmaqla, əslində, iqtidarın özünü də çətin suallarla üzləşdirib. Sözsüz ki, palatanın yoxlaması zamanı «Əl əli, əl də üzü yuyar» prinsipi ilə hərəkət edən Məmmədov onların gözünü və ağzını qapatmağın yolunu da tapıb.

Bu məsələdə Məhəmməd Məmədovun YAP MNTK və onun ən məşhur üzvlərindən biri, hətta nazirliyin aparatında bir şöbə müdirinin də bağlı olduğu qruplaşmanın adıyla çox təhlükəli və riskli siyasi oyunlar oynadığı və bununla göz qorxutduğu haqda da maraqlı iddialar var...”.

Sökülən analoqlu ATS-lər və ondan çıxan qızıllar hardadır?

Onun hətta tez-tez öyündüyü 1992-93-cü illərdə tutduğu mövqe, BRTİB-ə necə rəis təyin edilməsi, əslində isə hansı iri ranqlı məmurun şəxsi və bağ evində xidmət etməsi, BTRİB-in rəisi olarkən strateji dövlət qurumlarına necə xidmət göstərməsi və hansı ciddi skandallara imza atması, bir neçə il əvvəl isə ölkənin ən güclü qruplaşmasına bağlı olan müavininin yaşını və səhhətini əsas gətirərək niyə vəzifəsini müşavirliyə dəyişməsi və digər ilginc olaylara hələlik toxunmadan qeyd edək ki, M.Məmmədov hazırda Bakı şəhəri və Naxçıvan MR istisna omaqla, bütün ölkə ərazisində lokal telefon rabitəsi (57 yerli Telekommunikasiya müəssisəsinin 89 məntəqəsində 108 mərkəzi və 1129 kənd (qəsəbə) ATS, 23 ATS (38 baza stansiyası) üzərindən 44 bölgə üzrə respublikanın əhali məskunlaşmış ərazisinin 80 %-ində CDMA standartlı simsiz telefon rabitəsi, İP telefoniya və İP-TV xidmətləri),
internet xidmətləri (genişzolaqlı və ayrılmış xətlə internet, internetə parolsuz qoşulma imkanı) və digər iri maliyyənin fırlandığı bir sahəyə nəzarət edir:

«Məhəmməd Məmmədovun «Aztelekolm»dakı ən gəlirli dövrü isə son bir il əvvələ qədər olub. O, analoqlu ATS-lərin elektron ATS-lərlə əvəzlənməsi, optik kabelləşmə, intrenet xidmətləri, analoqlu ATS-lərin sökülərək "qara bazar” satılması, oradan çıxan qızıl və digər qiymətli metalların hələ də taleyinin qaranlıq qalması kimi çox ciddi ittihamlar açıq status qazanıb.

Ümumiyyətlə, sadalanan bu sahələr üzrə araşdırma aparsanız, görəcəksiniz ki, «Aztelekom»da dövlətdən daha çox, YAP-ın MNTK sədri varidatını artırıb. Bəs, talanan vəsaitlər hanı? Bax, bunun özü isə nəinki ölkədə, hətta beynəlxalq qurumlarda böyük sensasiya yarada bilər. Eyni zamanda, seçki qabağı bir neçə fəal YAP-çı deputatın siyasi karyerasını da məhv edər».

Bu və ya digər suallar əsasında geniş araşdırmalarımız davam edir.

Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net