İmişlidə biabırçılıq: Müəllimlərin pullarını yeyiblər...
Tarix: 16-07-2015, 12:25 |
Çap et
İmişli rayonunda orta məktəb müəllimlərinin məzuniyyət pulları verilmir. Bu barədə GUNDEMİNFO.AZ-a rayondan olan bir qrup müəllim müraciətində bildiriblər. Müəllimlər müraciətlərində bildirirlər ki, iyulun 1-dən rəsmi olaraq məzuniyyətləri başlasa da, hələ də məzuniyyət pullarını ala bilməyiblər. Dövlət başçısına müraciət edən müəllimlər yazır:
«Cənab prezident qarşıdan müqəddəs Ramazan bayramı gəlir. Sizin Azərbaycan müəllimlərinə göstərdiyiniz diqqət və qayğının, böyük hörmətin müqabilində bəzi yerli məmurlar bizə zülm edirlər. Bayram günlərində bizim məzuniyyət pullarımız verilmir. Evimizdə bayram süfrəsi açmaq üçün gözümüzü dikdiyimiz tək gəlir yerimiz olan maaşlarımızı vermirlər. Rayonun yerli rəhbərliyinə müraciət etmişik. Bizə deyiblər ki, İmişli özü-özünü maliyyələşdirən rayondur. Ona görə də pul yoxdur deyə məzuniyyət pullarınızı veorə bilmirik. Cənab Prezident sizdən xahiş edirik ki, bizim də ailəmizin bu bayram günlərində əsl bayram əhvalında olması üçün bizə yardım edəsiniz».
Onu da əlavə edək ki, Ramiz Əmirov uzun illərdir ki, İmişlidə Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir. Onun Bakıda iri obyektlərinin olduğu, yaxın adamlarının vasitəsilə biznes qurduğu söylənilir.
Qeyd edək ki, bu problemlə bağlı olaraq əməkdaşlarımız İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirovla əlaqə saxlamağa çalışıblar. Dəfələrlə cəhd etməyimizə baxmayaraq təhsil şöbəsi mobil telefonuna cavab verməyib.
Onu da əlavə edək ki, müəllimlərin məzuniyyət pulları ilə bağlı, bütün ölkuə rayonlarında ödənişlər həyata keçirilib.
Mövzu ilə bağlı bir sıra dəqiqləşdirmələrimiz davam edir.