General olmaq istəməyən əsgər əsgər deyil, amma...
Tarix: 11-06-2015, 11:49 | Çap et
General olmaq istəməyən əsgər əsgər deyil, amma...
Keçmiş nazir Füzuli Ələkbərovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) rəhbərliyi dövrü elə də müsbət xarakterizə olunmur. Sirr deyil ki, sabiq nazirin vaxtında nazirliyin yerli mərkəzlərində, eləcə də Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) ciddi qanun pozuntuları hökm sürürdü və vəzifəli şəxslər vətəndaşları incidirdilər. Lakin Səlim Müslümov nazir vəzifəsinə təyin olunandan qısa müddət sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işində müsbət dönüş yarandı. İnsaf naminə qeyd etmək lazımdır ki, yeni nazir sələfindən fərqli olaraq çox işlər görülüb. Məsələn, Səlim müəllim vəzifəsinin icrasına başlayan kimi bəzi TSEK sədrlərini işlərində nöqsana yol verdiklərinə görə cəzalandırdı. Bəzilərinə isə özlərini yığışdırmalarını tapşırdı. Həyata keçirilən islahat və cəza tədbirlərinə baxmayaraq, bəzi tibbi-sosial ekspert komissiyalarında köhnə problemlər qalmaqdadır. Bildiyiniz kimi, son illərdə ölkəmizdə saxta yollarla əlillik dərəcəsi almış şəxslərin sayı xeyli artıb. Hazırda həmin «əlil»lərin müəyyənləşdirilməsi, habelə qanunsuz yolla aldıqları qrupların ləğv olunması istiqamətində tədbirlər davam etdirilir. Bir sözlə, Səlim Müslümov bir dəqiqə olsun boş dayanmır və prezidentin ona tapşırdığı sahəni səhmana salmaq üçün var gücü ilə işləyir. Biz bu işində ona uğurlar arzulayırıq. Təəssüf ki, bəzi TSEK sədrləri nazirin çəkdiyi əziyyətin heçə getməsinə səbəb olurlar. Xəzər rayon Tibbi-Sosial Ekspert Komissiyasının sədri Məmmədtağı Tağıyevin barəsində maraqlı məlumatlar əldə etmişik. Adının çəkilməməsini xahiş edən şəxsin sözlərinə görə, komissiya sədrinin işində yol verdiyi nöqsanlar bura müraciət edən vətəndaşların əlavə problemlə üzləşməsinə gətirib çıxarır: «Sədr və komissiyanın üzvləri vətəndaşların təqdim etdikləri sənədləri lazımı səviyyədə araşdırmırlar. Xəzər rayon Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik dərəcəsi almış insanların içərisində sağlam olanlar kifayət qədərdir. Həmin şəxslər məhz Məmmədtağı müəllimə «şirinlik» verərək əlillik dərəcəsi alıblar. Bu yolla əlillik müavinəti alanların sayı çoxdur. Həqiqətən fiziki qüsurlu, əmək qabiliyyətinin mühüm hissəsini itirən şəxslər isə əlillik qrupu almaqda çətinlik çəkirlər. Komissiya rəhbəri bu insanların qarşısında ağır «şərtlər» qoyur. Buna əməl etməyən vətəndaşların işi əməlli-başlı düyünə düşür. Həkimlər sənəd bəhanəsi adı altında əlillik dərəcəsi almaq üçün bura müraciət edən rayon sakinlərini get-gələ salırlar. Bundan bezən vətəndaş axırda komissiyanın rəhbərliyinə nəysə verməyə məcbur olur». Məlumatda TSEK sədrinin fəaliyyətini başqa prinsiplər üzərində qurduğu da vurğulanır: «Hansı ki, «görüm-baxım» etməyən, həqiqətən xəstəliyi olan adamlar sədrin qəzəbinə tuş gəlib, süründürməçiliyə məruz qalırlar. Belə vəziyyətdə sağlam və iş qabiliyyətli şəxslər isə nəyinsə müqabilində tək şəxsiyyət vəsiqəsini verməklə istədikləri əlillik qruplarını alırlar. Xəzər rayonunda kimi dindirirsən ya xəstəlik, ya da əlilliyə görə təqaüd aldığını deyəcək. Halbuki bu adamların çoxu sağlamdır. Əgər son vaxtlarda təqaüdə çıxanların sənədləri TSEK-də araşdırılsa, onda vəziyyətin nə yerdə olduğu hamıya bəlli olar. Məmmədtağı müəllimin həmçinin yüksək vəzifəyə iddiası var. O Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mühüm postlardan birini tutmaq arzusundadır. Bu məqsədlə bəzi şəxsləri nazirə minnətçi salıb». Biz bilirik ki, Səlim Müslümov əsasən bacarıqlı və işini bilən şəxsləri yaxşı vəzifələrdə irəli çəkir. Məmmədtağı Tağıyev isə TSEK sədri kimi özünü doğrulda bilməyib, maraqlıdır nazirlikdə vəzifə tutsa nə edəcək? Fikrimizcə, ƏƏSMN rəsmiləri sədrin fəaliyyətini araşdırsalar, yazılanların boş olmadığını görəcəklər. Gündəlik Bakı

Qarşı tərəfi də dinləyə bilərik.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net