Məmurların ov yerlərinə daraşan vaxtı gəldi... - KİM GEDİR: SİYAHI
Tarix: 2-06-2015, 11:55 |
Çap et
Azərbaycan Respublikası ərazisində 2015-2016-cı illər üçün ov mövsümü 30 may 2015-ci il tarixindən etibarən açıq elan edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublika ərazisində 2015-2016-cı illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanması müddətləri və normaları aşağıdakı kimi müəyyən olunub.
Vəhşi heyvanların və quşların sayının tənzimlənməsi məqsədilə onların ovlanmasına aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:
Dağıstan turu (təkə) 30 may-17 oktyabr 2015-ci il tarixlərində, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), Zaqatala, Şəki, Qax, Quba, İsmayıllı, Oğuz;
Qaban (çöl donuzu) 19 sentyabr-19 dekabr 2015-ci il tarixlərində, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı;
Dovşan 14 noyabr 2015-ci il-09 yanvar 2016-cı il tarixlərində, 2 baş (adambaşına), Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı;
Bataqlıq qunduzu (nutriya) 10 oktyabr 2015-ci il-20 fevral 2016-cı il tarixlərində (nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün);
Cüllüt (ağquyruq, çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla) 12 sentyabr-07 noyabr 2015-ci il tarixlərində, 6 ədəd (adambaşına), müvafiq ov sahələri və ovçuluq təsərrüfatları;
Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla ) 10 oktyabr 2015-ci il -20 fevral 2016-cı il tarixlərində, 1 ədəd (adambaşına), su-bataqlıq ərazisi olan ovçuluq təsərrüfatları;
Ördək (ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla) 10 oktyabr 2015-ci il - 20 fevral 2016-cı il tarixlərində, 4 ədəd (adambaşına), su-bataqlıq ərazisi olan ovçuluq təsərrüfatları;
Qaşqaldaq 10 oktyabr 2015-ci il-20 fevral 2016-cı il tarixlərində, 6 ədəd (adambaşına); su-bataqlıq ərazisi olan ovçuluq təsərrüfatları.
Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimi müəyyən edilib:
Dağıstan turu (təkə) - 24 manat 75 qəpik;
Qaban (çöl donuzu) - 16 manat 50 qəpik;
Dovşan - 2 manat 20 qəpik;
Cüllüt - 31 qəpik;
Ördək - 99 qəpik;
Qaşqaldaq - 31 qəpik;
Qaz - 2 manat 53 qəpik.
Qeyd edək ki, ov üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.
Onu da deyək ki, Azərbaycanda iri və orta çəkili məmurların ova xüsusi marağı heç kimə sirr deyil. Daha yüksək vəzifəlilər üçün ov həvəslərini “söndürmək” üçün əslində hər hansı qadağa formal xarakter daşıyır. Onlar hətta ovun yasaq edildiyi dövlət qoruqlarında belə, istədikləri vaxt ova çıxa bilərlər.
Orta və kiçik məmurlar isə ov mövsümünü daha çox qanunların tələbləri ilə uyğunlaşdırırlar. Yəni sırf ov mövsümünün açılmasını gözləyirlər ki, əks halda qanuna zidd əməllərinə görə qəzəbə tuş gəlməsinlər. Çünki belə məmurların həmin vəziyyətdə öz postlarını qorumaq imkanları qat-qat azdır.
Qeyd edək ki, hələ bir neçə il əvvəl, daha dəqiq desək, 2012-ci ildə məlum olmuşdu ki, 20 mindən artıq üzvü olan Ovçular və Balıqçılar Cəmiyyətinin sıralarında xeyli nazir, nazir müavinləri, eləcə də digər məmurlar var. Amma adıçəkilən cəmiyyətdən “ov azarı”na tutulmuş yüksək çinli məmurların adlarını açıqlamağa ehtiyatlanırlar.
Bununla belə, həmin vaxt ov həvəskarı olan bəzi məşhur simaların adlarını öyrənmək mümkün olmuşdu. Belə ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkətin bir çox rəhbər şəxslərinin, bəzi icra başçılarının, Naftalanın sabiq icra başçısı (keçmiş deputat) Musa Musayevin, bir sıra universitet rektorlarının və millət vəkillərinin Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin üzvləri olduğu aydınlaşmışdı.
Bir sözlə, bəzi məmurlarımız yalnız “qaz vurub qazan doldurmağa” ov ovlayıb quş quşlamağa da yaman həvəskardırlar. Odur ki, onları yeni ov mövsümünün başlaması münasibəti ilə təbrik etməyə dəyər.