Yevlaxda suvarma suyu sanki qeybə çəkilib
Tarix: 23-05-2015, 13:58 | Çap et
Yevlaxda suvarma suyu sanki qeybə çəkilib
Yevlax rayonunda əkin sahələrinin suvarılması ürəkaçan səviyyədə deyil. Kəndlilərin əkdikləri sahələri vaxtında və bol su ilə suvara bilməməsinin nəticəsində məhsuldarlıq hər il aşağı düşür. Susuzluqdan məhv olan sahələr vətəndaşların büdcəsinə də ziyansız ötüşmür. Belə ki, böyük ümidlərlə əkin işləri görən vətəndaşlar bu məqsədlə müəyyən miqdarda vəsait sərf edirlər.

Amma sahələrini lazımı səviyyədə suvara bilməyəndə həm əziyyətləri hədər gedir, həm də çəkdikləri xərc göyə sovrulmuş olur. Etibarlı mənbələr tərəfindən redaksiyamıza sızdırılan məlumatlarda isə bildirilir ki, Yevlaxda suvarma suyu ilə bağlı problemlərin yaşanması daha çox Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Telman Əsədovun fəaliyyətsizliyi ilə bağlıdır. Adıçəkilən məmuru yaxından tanıdığını deyən mənbənin iddiasına görə, idarə rəisi "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadənin ən yaxın adamlarından biri hesab olunur: "Məhz cəmiyyət sədrinə arxayın olan məmur qanuna uyğun gəlməyən işlərə qol qoyur. İlk olaraq bildirim ki, bu idarənin balansında 40 min 199 hektar suvarılan sahə var. Həmin sahənin 11 min hektarı mexaniki üsulla, yerdə qalan 29.199 hektarı isə öz axını ilə suvarılır. Müəssisənin yüksək səviyyədə fəaliyyət göstərə bilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Buna baxmayaraq, idarə rəisinin səbəb olduğu özbaşına əməllər kəndlilərin əlavə çətinliklə qarşı-qarşıya qalmasına səbəb olur. Son illər ərzində Yevlax Suvarma Sistemləri İdarəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Belə ki, idarəyə "Hyundai" markalı ekskavator, kranlar, buldozerlər və "Kamaz" markalı maşınlar verilib. Bu texnikaların əksəriyyəti özəl təsərrüfatlarda istifadə olunur. İdarənin balansındakı torpaq kanallarının lildən təmizlənməsi lazım olan səviyyədə aparılmır. Bu isə suvarma ilə bağlı müxtəlif problemlərin meydana çıxmasına zəmin yaradır. Bundan başqa, dövlətin maliyyə dəstəyi ilə həyata keçirilən bəzi layihələrdə qanun pozuntuları diqqəti cəlb edir. Bir neçə il əvvəl Bakı nasos stansiyalarının əsaslı bərpası, Aran-6 nasos stansiyasının yenidən tikilməsi və bərpası, həmçinin Əlican çayı üzərində Ərəbbəsrə, Meyvəli və Xanabad kəndlərinin əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq üçün istinadın tikintisi məqsədilə büdcədən külli miqdarda vəsait ayrıldı. Görülən işlərin keyfiyyəti bunu deməyə əsas verir ki, layihələrin icrası üçün ayrılan büdcə vəsaitlərinin yetərli hissəsi yox edilib. Bunun səbəbini sözügedən məmurda axtarmaq lazımdır". Mənbəmiz vurğulayır ki, rayonda fəaliyyət göstərən sudan istifadə birliklərindən yığılan vəsaitlər də məqsədyönlü şəkildə xərclənmir: "Rəsmi məlumatlara əsasən 2013-cü ildə birliklərdən 95361 manatlıq vəsait yığılıb. İdarə rəisinin açıqlamasına görə, bu məbləğ nasos stansiyaların saxlanılmasına, suvarma kanallarının lildən təmizlənməsinə və enerji xərclərinə sərf olunub. Müvafiq qurumlar gəlib araşdırma aparsınlar görək bu pulların müqabilində sadalanan işlər görülüb, ya yox. Adıçəkilən məmur reallığı əks etdirməyən hesabatlar verməklə törətdiyi qeyri-qanuni əməlləri pərdələməyə çalışır. Yevlax Suvarma Sistemləri İdarəsinin rəisi bu günə qədər qanunsuzluqlara imza ataraq maliyyə imkanlarını genişləndirməyə müvəffəq olub. İdarəyə keçən il üst-üstə büdcədən 1 milyon manatdan çox vəsait ayrılıb. Ancaq həyata keçirilən layihələrin bir çoxunda qeyri-şəffaflıq mövcuddur. Telman Əsədovun fəaliyyətini araşdıran yoxdur. Əgər onun bu vaxta qədər gördüyü işlər hərtərəfli şəkildə yoxlansa, o zaman məmurun həbsi məsələsi gündəmə gələ bilər. O ASC sədri Əhməd Əhmədzadəyə arxalanaraq öz bildiyi kimi hərəkət edir. Deyirlər ki, onun Yevlax şəhərində 3 mağazası, 1 restoranı, 1 gözəllik salonu, 1 tikinti materialları mağazası, 100 hektara yaxın torpaq sahəsi, həmçinin ferması, Bakı şəhərində 4 evi, 1 ehtiyat hissələri mağazası, "İnfiniti", "Prado Lexus" və "Mersedes" kimi bahalı maşınları var. Xırda məmurun bu qədər var-dövləti hansı pullarla əldə etməsi təbii ki araşdırma mövzusudur. Bunu əlaqədar dövlət orqanları yerinə yetirməlidir. Məlumatları dəqiqləşdirmək üçün idarə rəisi ilə əlaqə yaratmağa cəhd göstərsək də, bir nəticə vermədi. Buna baxmayaraq, qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net