Şəhid dəfnlərində təxribat törədənlər - İran agentləri, yoxsa...
Tarix: 17-09-2022, 10:04 | Çap et


Şəhid dəfnləri zamanı bir qrup naməlum şəxs peyda olaraq, İran ideoloji kursuna xas dini şüarlar səsləndirirlər. Bu, cəmiyyətdə narahatlıqla qarşılanır. İddialar bundan ibarətdir ki, həmin adamlar qətiyyən səmimi dindarlar deyil, sadəcə din adı altında fürsət düşən kimi İran təbliğatı aparan agent şəbəkə üzvləridir. Ancaq onların heç də hamısının agent şəbəkə adamları olmadıqları, sadəcə cahillikdən, bilməzlikdən prosesə qoşulduqları deyilir.

Artıq vəziyyət o həddə çatıb ki, hüquq-mühafizə orqanları da məsələni nəzarətə götürüb.

Bununla bağlı DİN-in açıqlamasında deyilir: “Bir sıra sosial şəbəkə istifadəçiləri öz səhifələrində postlar paylaşaraq şəhidlərimizin dəfni zamanı sanki naməlum istiqamətdən yönəldilmiş bir qrup şəxsin mərasimlərə qatılaraq səs-küy salmaları və dini şüarlar səsləndirmələrini narahatlıqla qeyd edərək hüquq-mühafizə orqanlarından belə şəxsləri həmin mərasimlərə buraxmamağı xahiş edirlər. Şəhidlərimizin dəfni zamanı ərazidə ictimai asayişin qorunmasını həyata keçirən polis əməkdaşları orada baş verənləri müşahidə edirlər. Sadəcə, dəfn mərasimində hər hansı bir insidentin baş verməməsi üçün yersiz səs-küy qaldıran həmin şəxsləri oradan uzaqlaşdırmırlar. Lakin mərasimlər başa çatdıqdan sonra qeyd olunan şəxslərin ətrafında müvafiq araşdırmalar aparılaraq tədbirlər görülür”.

Aparılan araşdırmalarla onların hansınsa təxribatçı şəbəkə adamı olması faktı varmı? Yoxsa sadəcə bu bir qaragüruh davranışdır? Hansı versiya öz təsdiqini tapıb?

Məsələ ilə bağlı DİN-dən mövqe öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi:

“Hazırda araşdırmaların gedişi və təfərrüatları barədə DİN-in mətbuat xidmətində heç bir məlumat yoxdur. Araşdırmanın nəticəsi ilə bağlı hər hansı bir məlumat daxil olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.



Fazil Mustafa: “Bu qüvvələr artıq Azərbaycanın informasiya məkanını tamamilə götürüblər və onların ölkəmizdə etdiklərinin çox ciddi təhlükəsi var”

Millət vəkili Fazil Mustafa isə qeyd etdi ki, həmin şəxslər birbaşa İran təbliğatı aparan agent şəbəkə üzvləridir:

“Və onlara qadınlı-kişili, ayrı-ayrı qruplar formasında maliyyə dəstəyi göstərilir. Onlar da konkret olaraq anım yerlərində peyda olub, bu tədbirləri həyata keçirirlər.

Ümumiyyətlə, sual vermək lazımdır ki, Azərbaycanda kimsə nə vaxtsa kişilərin bu cür ağladığını görübmü? Belə bir ənənə Azərbaycanda varmı? İstər şəhid, istərsə də digər şəxslərin yas yerlərində belə şeylər olmayıb. Yəni bu, yenidir. Bəs bu yeniliyi kim gətirib? Demək ki, ayrıca qruplar formalaşdırıblar və fürsət tapan kimi ortaya çıxır və birdən-birə başlayırlar şüarlar qışqırmağa.

Onların bu cür meydan açmasında ölkəmizin müəyyən səlahiyyətli şəxslərinin laqeydliyi rol oynayır. Vaxtında buna qarşı hansısa bir şəkildə bir addım atılmalı idi. Ona görə də hesab edirəm ki, bu kimi məsələlərdə daha ciddi addımlar atmalıyıq.

Doğrudur, DİN bu məsələni nəzarətə götürdüyünü və araşdırmalar apardığını açıqladı, amma bu təkcə DİN-in işi deyil. İdeoloji sahədə bu məsələyə baxış, onun qarşısını alınması istiqamətində görülən işlər yetərli deyil və bunun üzərində düşünmək lazımdır. Çünki bu bizim gələcəyimizlə bağlı məsələdir, bu qüvvələr artıq Azərbaycanın informasiya məkanını tamamilə götürüblər və onların ölkəmizdə etdiklərinin çox ciddi təhlükəsi var.



Ceyhun Məmmədov: “Din sahəsində çox ciddi qərarlar qəbul etməli, addımlar atmalıyıq”

Biz bunu başqa ölkədə edə bilərikmi? Yəni bu cür qrup yaradıb, meydana çıxa bilərikmi? Əlbəttə ki, yox. Ona görə də hesab edirəm ki, bu məsələdə çox ciddi narahat edici məqamlar var və biz bunu mütləq çözməliyik. Əks təqdirdə çox böyük problemlər yaşayacağıq".

Millət vəkili Ceyhun Məmmədov isə qeyd etdi:

“İlk əvvəl bir məqamı qeyd etmək istərdim ki, Azərbaycanda hər kəsin dinə yüksək sevgisi, məhəbbəti, diqqəti var. Bəzən fikirlər səsləndirəndə kimlərsə bunu yozmağa çalışır ki, guya Azərbaycanda dinə qarşı hansısa təzyiqlər, münasibətdə fərqliliklər var. Ona görə də əvvəlcədən qeyd edirəm ki, Azərbaycan xalqında İslama, əhli-beytə böyük sevgi var. Bəlkə də Azərbaycanda dinə qarşı olan səmimi münasibət heç bir digər ölkədə yoxdur.

İkincisi isə onu qeyd etmək istəyirəm ki, çox təəssüf ki, bu dəfə ermənilərin təxribatını, şəhidlərimizin dəfnini bir neçə istiqamətdə siyasiləşdirməyə çalışdılar. Təəssüf ki, bəzi müxalifət adamları, qrupları bu prosesdən Azərbaycan əleyhinə istifadə etmək istədilər ki, bu da yolverilməz və qəbuledilməzdir.

Dəfn mərasimlərində açıq-aydın hiss olundu ki, müəyyən təşkilatlandırılmış, təlimatlandırılmış qruplar siyahıya alınıb, onlar bütün rayonlara ezam olunub və bütün şəhid dəfn tədbirlərində iştirak edib, bu cür şüarları səsləndirirlər.

Biz şəhidlərimizi yola salmağa toplaşmışdıq. Şəhidlərimizi yola salarkən daha çox dini-siyasi şüarların deyil, vətənpərvərliyin təbliğinə ehtiyacımız var idi. Müəyyən qruplar bu cür tədbirlərdən öz ambisiyalarını, məqsədlərini yerinə yetirmək üçün istifadə etdilər. Biz bu dəhşəti çox açıq şəkildə gördük. Əlbəttə ki, bu qəbuledilməzdir və heç kim bunu birbaşa dinlə, İslamla əlaqələndirməsin. Bu tədbirlər daha çox siyasi şouya bənzəyirdi, xüsusi təşkilatlandırılmış gənclər, qruplar bu mərasimlərdə müəyyən siyasi mesajları verməyə, şəhid ailələrini özünküləşdirməyə, öz şəhidləri kimi verməyə çalışırdılar. Onlar Azərbaycan xalqının, dövlətinin şəhidləridir. Heç kim onları hansısa dairəyə bağlamağa çalışmasın".

Ceyhun Məmmədov Azərbaycanda din sahəsində çox ciddi proseslər getdiyini diqqətə çatdırdı:

“Bu barədə dəfələrlə həm Milli Məclisdə, həm də mətbuatda bildirmişəm. Bu gün Qarabağ qədər bizim üçün ən önəmli məsələlərdən biri din sahəsində təhlükəsizliyimizin təmin edilməsidir. Biz din sahəsində çox ciddi qərarlar qəbul etməli, addımlar atmalıyıq. Biz bu barədə addımların atılmasında, proseslərdə çox ciddi şəkildə gecikirik. Diqqət edirik ki, indi bəzi dövlət qurumları müxtəlif bəyanatlar, açıqlamalar verirlər. Biz bu prosesə qədər artıq addımlar atmalıydıq.

Doğrudur, DİN bu məsələ ilə bağlı artıq açıqlama verib. Lakin məlum olduğu kimi DİN bu məsələnin sadəcə inzibati tərəfinə görə məsuliyyət daşıyır. Məsələn, əgər ortada cinayət əməli, ictimai asayişi pozmaq kimi davranışlar varsa ona uyğun addımlar atılacaq. Lakin hesab edirəm ki, burada birbaşa məsuliyyəti ölkədə din siyasətini həyata keçirən qurumlar daşıyır. Yəni, biz artıq din siyasətimizi təkmilləşdirməliyik. Elə etməliyik ki, gənclər radikal qrupların üzvlərinə, zəhərli ideologiyaların ardıcıllarına çevrilməsinlər. Bu artıq bizim üçün növbəti bir mesaj və siqnaldır".



Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunədir - Hacı Şahin Həsənli

Hacı Şahin Həsənli: “Ayıq-sayıq olmalıyıq ki, hansısa şüarlardan kimlərsə sui-istifadə etməsin”

Qeyd edək ki, “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli də bu məsələyə səssiz qalmayıb. O, şəhidlərin dəfnində səsləndirilən dini şüarlarla bağlı Real TV-yə müsahibəsində bildirib: “Ayıq-sayıq olmalıyıq ki, hansısa şüarlardan kimlərsə sui-istifadə etməsin. Şəhid mərasimləri xalqın birlik yeridir və bunu mütləq qorumalıyıq. Bəzən yersiz həssaslıq da nümayiş olunur. Biri yazır ki, filan ölkə buranı işğal edib. Elə bir şey yoxdur. Azərbaycanın özünəməxsus dini, milli kimliyi var. Bu, dəfn mərasimlərində də təzahür olunur”.

İlahiyyatçı əlavə edib ki, hər şey həddində olmalıdır və mərasimin ümumi gedişatına xələl gətirilməməlidir:

“Şəhid anlayışımız dinimizdən gəlib. Peyğəmbərimizə göndərilən dində şəhadət ən uca zirvə kimi təqdim olunur və İmam Hüseyn Allahın elçisinin övladıdır. Dünyada elə bir müsəlman tapa bilməzsiniz ki, İmam Hüseynə hörmət eləməsin. Bunu hansısa bir məzhəbə bağlamaq kökündən yanlışdır. Bir neçə valideyn şəhid övladına xitabən deyir ki, İmam Hüseynə salamımızı çatdır. Bu, əslində, şəhidlik məqamının ucalığıdır. Mən şəhidlərimizin valideynlərinə deyirdim ki, onları dünyadan köçən zaman peyğəmbər qarşılayır. Heç biri narahat olmasın ki, övladları dünyadan köçən zaman yanında yaxınları olmadı”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net