Tarixdə elə nəhəng zirvələr var ki, ondan uzaqlaşdıqca əzəmətini və böyüklüyünü daha aydın görürsən. Belə zirvələri fəth etmiş ən böyük şəxsiyyət hər zaman güclü və məğrur olmağı bacaran Heydər Əliyevdir. Bəli O, sağlığında əfsanəyə çevrilmiş dahi bir şəxsiyyət idi. Onun barəsində qalaq - qalaq kitablar yazılsa da, kiçik bir xatirə belə bu dahi insanın əsl simasını tam dəqiqliyi ilə açıb ortaya qoyur. Sadə, zəhmətkeş bir ailədən necə dahilərin yetişdiyini sübut edir. Bir insan kimi bizi düşünməyə, nəticə çıxarmağa, bu müdrikliyi dərk etməyə sövq edir. Mayası vətənə sevgidən, torpağa məhəbbətdən yoğrulan Heydər Əliyev hələ uşaq ikən idmana, hərbi oyunlara, böyük maraq göstərirdi. Həmyaşıdlarının söylədiyinə görə onunla eyni komandada yarışmaq böyük cəsarət tələb edirdi. Çünki O: “mən hansı komandadanam?” demirdi, “kim mənimlədir?” deyib öz komandasını yaradırdı. Hər işdə qalib gəlməyə çalışar, məğlub olmağı sevməzdi. Naxçıvan Pedaqoji texnikumunda Heydər Əliyevlə bir yerdə oxuyan Zərqələm Hüseynova Ulu öndərlə bağlı xatirələrini bölüşərkən deyirdi: “Texnikumda hərbi hazırlıq dərslərini sonralar general mayor rütbəsinə yüksələn Böyük Vətən Müharibəsinin (1941-1945) qəhrəmanı Akim Abbasov tədris edirdi. O, tələbələrə hərbi təlim meydanında tüfəngi söküb - yığmağı, nişan alıb - atmağı, formaya taxılan nişan - petlisaya görə rütbələri müəyyənləşdirməyi öyrədirdi. Akim Abbasov həmişə Heydərə deyirdi: “Sənin böyük gələcəyin var. Sən general olacaqsan.”
Mənə həyatımda bir neçə dəfə Heydər Əliyevi yaxından görmək nəsib olub. Bu ilk dəfə 1982-ci ilin oktyabr ayına təsadüf edir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyev Naxçıvan Alt Triqotaj fabrikinin açılışında iştirak edirdi. Onda mənim 19 yaşım var idi və mən 44 nəfərlik komsomolçu gənclər briqadasına rəhbərlik edirdim. Biz böyük həyəcanla onun gəlişini gözləyirdik. Nəhayət gözlədiyimiz an gəlib yetişdi. Heydər Əliyev sexə daxil olanda hamı bir nəfər kimi ayağa qalxdı. Sexi alqış səsləri bürüdü. “Burada nə qəşəng qızlar var.” Hamı gülüşdü. Həyəcan da, təlaş da yox olub getdi. Bəli, O, belə idi. Sadə insanların qəlbini ələ almağı bacarırdı. Bu görüşdən sonra Heydər Əliyev Azərbaycanın ali və orta ixtisas müəssisələrinin rəhbərlərinə tapşırdı ki, bu fabrikin yerli kadrlarla təmin olunmasına köməklik etsinlər. Bu göstərişdən yararlananlardan biri də mən oldum. Aradan bir neçə il keçdi. 1990-cı ilin iyul ayı idi. Naxçıvana səs yayıldı ki, Heydər Əliyev Moskvadan Naxçıvana gəlir. O vaxt mən Naxçıvan şəhər komsomol komitəsində işləyirdim. Bakıda və Naxçıvanda baş verən 20 Yanvar hadisələrinə etiraz olaraq kommunist partiyasından imtina etmişdik, onun yerinə Azərbaycanın tərəqqisi uğrunda gənclər ittifaqı yaratmışdıq. Bu təşkilat bir ilə yaxın yaşadı.
İnsanlar axın - axın meydana toplaşırdı. Səmada YAK-40 təyyarəsi göründü. Yarım saat sonra Heydər Əliyev yaxın adamlarının əhatəsində meydana doğru gəlirdi.
Hamı onu görməyə çalışırdı. Naxçıvan öz nicat yolunu bu möhtəşəm qayıdışda görürdü. 1991-ci il sentyabr ayında Naxçıvan MR Ali Məclisinin sessiyası Heydər Əliyevi Naxçıvan MR Ali Məclisinə sədr seçdi. Elə həmin ayda Naxçıvan MR Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında fərman imzalandı. Bir il keçmir ki, sovet ordusunun 75-ci diviziyası Naxçıvandan çıxarılır. Onların Naxçıvandan çıxması Heydər Əliyev tərəfindən məharətlə planlaşdırılır. Nəticədə diviziya komandiri Slobarşebviç zirehli texnikanı, silah - sursatı Naxçıvanda qoyub getmişdi.
Blokada şəraitində qazsız, işıqsız və susuz qalan Naxçıvanı xilas etməyin daha uğurlu bir yolu Türkiyənin Iğdır vilayəti ilə Sədərək qəsəbəsi arasında tikilən Ümid körpüsü oldu. Sonra Naxçıvana elektrik enerjisi verildi. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyevin gördüyü işlər, aldığı tarixi əhəmiyyətli qərarlar bu məqamda Tanrının bu torpağa bəxş etdiyi ən böyük xoşbəxtlik idi.
1992-ci ilin may ayında Naxçıvan MR Sədərək qəsəbəsində çox gərgin vəziyyət yaranmışdı. 2002-ci ilin avqust ayında Naxçıvan MR Sədərək rayonunu Heydərabat qəsəbəsinə gələn Heydər Əliyev o günləri belə xatırlamışdı:
“1992-ci il mayın 17-dən 18-nə keçən gecə buraya ermənilər hücum etdilər. Orada dağın üstündə postlara, Mil təpəsinə hücum etdilər. Bizim oradakı əsgərlərimizdən 8 nəfər həlak oldu. Yadınızdadırsa, orada 40 gün atışma getdi. O vaxt mən bütün dünyaya haray saldım. Biz körpü tikmişdik. Hələ körpü açılmamışdı. Ancaq Türkiyədən nə qədər müxbir o körpüdən keçib Naxçıvana, döyüş yerinə gəldi. Onda bizim nəyimiz var idi? Ordumuz yox idi, silah - sursatımızı ordan - burdan yığırdıq. Amma o döyüşdə sədərəklilər, yəni Naxçıvanlılar - təkcə sədərəklilər yox, onda mən buraya bütün Naxçıvanı tökmüşdüm - hamı bir yerdə döyüşürdü. Onları susdurduq.”
1993-cü ildə Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi. Hakimiyyətə gəldiyi ilk gündən müdafiə və ordu quruculuğu ilə məşğul olmağa başladı. Vəziyyət olduqca ağır idi. Heydər Əliyev mərkəzi televiziya ilə xalqa müraciət edərək cəbhədəki vəziyyətdən açıq danışdı və faktları sadaladı. 16 min nəfər həlak olmuş, 22 min nəfər yaralanmış, 1 milyon qaçqın olmuşdu. “Bu gün hamı vətənin müdafiəsinə qalxmalıdı, mən hamınızı buna çağırıram.”
1994-cü ilin may ayının 12-də atəşkəs haqqında saziş imzalanır. Ölkənin iqtisadiyyatını dirçəltmək üçün bu bizə lazım idi. Qısa müddətdə ordu quruculuğunun bazası yaradıldı. “Müdafiə haqqında” , “Hərbi vəziyyət haqqında” və s. qanunlara əlavə dəyişikliklər edildi. Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə (1993-2003) Azərbaycanda ölkənin silahlı qüvvələri üçün kadr hazırlayan hərbi tədris müəssisələrinin sayı xeyli artırılmışdı. Eyni zamanda ABŞ, Türkiyə, Almaniya, Rusiya, Pakistan və s. digər ölkələrlə bağlanmış ikitərəfli müqavilələrə əsasən bu dövlətlərin ali - hərbi məktəblərində də Azərbaycan hərbi qüvvələri üçün kadrlar hazırlanmış və bu hazırlıq bugün də davam edir.
Heydər Əliyev son çıxışlarında deyirdi: “Mən ümidvaram ki, biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək Azərbaycanın işğal olunmuş torpaqlarını azad edəcək və ərazi bütövlüyümüzü təmin edəcəyik.”
Ruhun şad olsun, Ulu Öndər! Sənin son vəsiyyətini yerinə yetirdik. Müzəffər Azərbaycan ordusu, Ali Baş Komandan, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev bu missiyanı uğurla başa çatdırdı. Sənin bizlərə əmanət etdiyin müstəqil Azərbaycanın sükanı etibarlı əllərdədir. Müxtəlif dövlətlərin təzyiqlərinə baxmayaraq ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi. Ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifəsinin öhdəsindən gəldi. Biz bu qələbəni döyüş meydanında şəhid verərək qazandıq. Allah bütün şəhidlərimizə və Ulu Öndərimizə rəhmət eləsin!
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş fond müdiri Zəkiyyə Hacıyeva