Azərbaycan dilinə dövlət dili statusu verilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən biridir.
Tarix: 22-04-2022, 10:23 | Çap et
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən biridir.

Dilin inkişafında qüdrətli dövlət başçılarının, xalqının tarixində şərəfli yer tutan böyük siyasi xadimlərin müstəsna rolu olur. Belə şəxsiyyətlər, siyasi xadimlər cərgəsində Ulu Öndərimiz Heydər Əliyevin adı yüksək və layiqli yer tutur. Onun hakimiyyətə gəlişi Azərbaycan xalqının tərəqqisi və inkişafının başlanğıcı idi.
70-ci illərdə ölkəmizin ictimai-siyasi, iqtisadi və mənəvi-ideoloji həyatında böyük bir dirçəliş yaratmışdır. Sözsüz ki, bu dirçəlişi yaradan böyük lider, dahi şəxsiyyət dil məsələsinə laqeyd qala bilməzdi. O həm də milli dilimizin xilaskarı kimi tarixdə öz imzasını qoymuşdur. 70-ci illərin II yarısında onun siyasi müdrikliyi nəticəsində Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının hazırlanması və qəbulu zamanı bir çox təzyiqlərə baxmayaraq, böyük bir iradə nümayiş etdirərək konstitusiyaya dövlət dili ilə əlaqədar xüsusi maddə (73-cü maddə) salınmasına nail olmuşdur.
Ulu Öndərin xalq qarşısında ən böyük xidmətlərindən biri məhz Azərbaycan dilinə dövlət dili statusu verilməsidir. 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində “Azərbaycan Sovet Sosialist Respulikasının dövlət dili Azərbaycan dilidir ” statusu təsbit edilmişdir.
Ümummilli Lider Heydər Əliyev demişdir: “Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir.”
Hər bir xalqı yaşadan və inkişaf etdirən onun mənsub olduğu dilidir. Dil xalqın mənəvi varlığıdır. Deməli, ana dili xalqın özüdür, milli kimliyidir. Əgər bir xalqın ana dili yoxdursa, demək həmin xalqın özü də yoxdur. Şübhəsiz ki, dilə qayğı olmasa, o, inkişaf edə bilməz.
Ulu Öndərimiz hələ Sovet dövründə quruluşun təzyiqlərinə baxmayaraq, Azərbaycan dilinin dövlət dilinə çevrilməsi sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Bütün tədbirlərdə, yığıncaqlarda doğma dilində danışmaqla hamıya şəxsi nümunə göstərmişdir.
Dilimizin inkişafı ilə əlaqədar fəaliyyətini Ulu Öndərimiz neçə istiqamətdə qururdu. Ən birincisi özünün şəxsi nümunəsi idi. Ölkəmizə başçılıq etdiyi illərdə doğma vətənini qarış-qarış gəzmiş, sadə insanlarla görüşmüş, xalqın dilini eşitmiş, onun gözəlliyini, təravətini öz nitqinə gətirmişdir. Onu dinləyən hər kəs dərhal görür ki, bu şəxsiyyət sadəcə ana dilində danışmır, fikirlərini, emosiyalarını, hisslərini ifadə etmir. O, ana dili ilə yaşayır. Bu dildən güc, qüvvət alır. Aydın, rəvan, səlis olan bu nitqdə Vaqif şirinliyi, Nəsimi üsyankarlığı duyulur. Dilimizin inkişafında və zənginləşməsi istiqamətində 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərmanın imzalanması xüsusi əhəmiyyətə malik olmuşdur. O, təkcə cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi.
“Azərbaycan əlifbası və Azərbaycan Dili Günü”nün təsis edilməsi haqqında 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
XX əsrin II yarısında Azərbaycan dilinin ümumişlək dilə, dövlət dilinə, diplomatiya aləminə yol açması yüksək kürsülərdə səslənməsi birbaşa Ulu Öndərimizin adı ilə bağlıdır.
Çıxışlarının birində Ümummilli lider demişdir ki, hər bir xalq öz dili ilə tanınır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək onun qabaqcıl adamlarının elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkündür.
Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan SSR-ni idarə edən siyasi xadimlər arasında ilk dəfə olaraq doğma ana dilimizdə çıxış edən tarixi şəxsiyyət kimi yaddaşımızdadır.
Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, o cümlədən doğma Azərbaycan dilinin inkişafinda böyük xidmətləri olan Ümummilli Lider Heydər Əliyev xalqımızı və dövlətimizi hər zaman yüksək qayğı ilə əhatə etmişdir.
Ulu Öndərin böyük siyasətinin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin Azərbaycan dilinin, dövlətinin təhsilinin inkişafında müstəsna xidmətləri vardır.
Xalqımız, millətimiz durduqca Azərbaycan dili yaşayacaq və gələcək nəsillərə ötürüləcəkdir. Yaxın keçmişdə çox ciddi sınaqlarla üzləşən və bu sınaqlardan üzüağ çıxan dilimiz sübut edir ki, onun mənsub olduğu xalq dünyanın ən qədim xalqlarından biridir.
Ulu Öndərin vurğuladığı bir ifadəni heç vaxt unutmamalıyıq: “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verir ki, o artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.



Bakı şəhəri Suraxanı rayonu
279 №li tam orta məktəbin
direktoru Südabə Abdullayeva





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net