YAP cəmiyyətimizdə formalaşmış ictimai-siyasi birliyimizin rəhnidir
Tarix: 9-03-2022, 10:49 | Çap et
YAP cəmiyyətimizdə formalaşmış ictimai-siyasi birliyimizin rəhnidir

Yeni Azərbaycan Partiyası müasir dövlətçiliyimizin əsas sütunlarından biridir. Onun yaradılışı, meydana gəlməsi həm zamanın diqtəsi, həm də xalqın təkidli tələbi idi. 90-cı illərin siyasi qarışıqlığı ölkəni tamam gücdən saldığı və xalqın o zaman mövcud olan idarəetmədən sözün bütün mənalarında yorulduğu bir zamanda YAP Ulu Öndər Heydər Əliyevin siyasi irsinin inkişafının təməlində duran əsas ideoloji amil kimi meydana çıxmışdır. O zamanlar Heydər Əliyevin ətrafında yaradılmış yeni partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrilə bildi. Ulu Öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı mütərəqqi baxışları xalqımızı onun ətrafında ən çətin vaxtlarda bir yumruq kimi birləşdirdi. Çünki Azərbaycan xalqı bilirdi ki, Heydər Əliyev hakimiyyətdə olduğu zamanlarda, hələ Sovetlər Birliyi dövründə müsbət dəyişikliklərin əldə olunmasında Ulu Öndərin gördüyü işlərin müstəsna xidmətləri olmuşdur. Sonrakı illər sübut etmişdir ki, cəmiyyətimizin inkişfında, müstəqil dövlətçiliyimizin formalaşmasında və qorunmasında xalqın verdiyi o zamankı müdrik qərarın əhəmiyyəti böyük olmuşdur.

YAP ölkənin hakim partiyası kimi son dövrlərdə öz tarixi məsuliyyətini dərk edərək cəmiyyətimizin sosial müdafiəçisi və Ulu Öndər Heydər Əliyevin siyasi irsinin mənəvi mühafizəçisi kimi xalqımızın öz liderinin ətrafında birləşməsi işində titanik rol oynamaqdadır. YAP cəmiyyətimizdə formalaşmış ictimai-siyasi birliyimizin rəhnidir. Doğma partiyamız dövlətimizin qarşısında duran bütün məsələlərdə ölkə başçısımızın siyasi istinad nöqtəsidir. Həyata keçirilən siyasi, iqtisadi, sosial-humanitar islahatların geniş xalq kütlələri arasında yayılması, reallaşdırılmış uğurlu layihələrin insanların diqqətinə çatdırılması istiqamətində doğma partiyamız əzmlə çalışmaqdadır.

2018–ci ildə həyata keçirilmiş növbədənkənar Prezident seçkilərində cənab İlham Əliyevin seçki platformasının əsasını islahatlar kursu təşkil edirdi. Çünki sözün bütün mənalarında məhz dövlət başçısının özü cəmiyyətimizdə olan həssas məqamları ən yaxşı və ən səlis şəkildə görür və təhlil edir. Seçkilərdən dərhal sonra bütün istiqamətlərdə islahat başlanmışdır. Həm sosial sahələrdə, həm də dövlət idarəetməsində islahatlar kursu öz nəticələrini qısa zamanda verdir. Bununla yanaşı 2020–ci ildə keçirilmiş növbədənkənar parlament seçkiləri ölkədə siyasi islahatların effektiv davamı olmuşdur. Siyasi həmrəylik və demokratiya mühitinin qorunması siyasətinin reallaşmasında iqtidar partiyası kimi YAP–ın rolu danılmazdı. Ölkədə reallaşan siyasi dialoq YAP-ın ümdə fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Parlamentdə ölkənin digər siyasi partiyalarından olan nümayəndələrin rəhbər vəzifələrə seçilməsi və Vətən Müharibəsində 50–dən çox siyasi partiyanın eyni amal uğrunda birləşməsində də YAP-ın böyük rolu xüsusi qeyd olunmalıdır.

Vətən Müharibəsində əldə olunmuş qələbədən, şanlı Zəfərdən sonra yaranmış yeni reallıqlar siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini də müəyyən etmişdir. 30 illik müstəqilliyimiz dövründə bir çox siyasi partiyada olduğu kimi Yeni Azərbaycan Partiyasının da Proqramında qeyd

etdiyi hədəflər artıq əldə olunmuşdur. 5 mart 2021-ci ildə YAP-ın VII Qurultayının keçirilməsi məhz ölkə Prezidenti və YAP-ın sədri cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş yeni yol xəritələr, yeni yanaşmalar, yeni hədəflərlə bağlı idi. Ölkəmiz artıq həm öz regionumuzda, həm də dünya miqyasında əhəmiyyətli siyasi fiqur olaraq yalnız mikro və mezo deyil, makro siyasi, iqtisadi miqyasda layihələr həyata keçirir. Azərbaycan etibarlı enerji tərəfdaşı kimi Avropa İttifaqında təmsil olunan ölkələrlə əməkdaşlıq edir. Ölkəmizin hərbi qüdrəti dünyanın bir çox hərbi məktəblərinin dərsliklərində tədris olunur, öyrənilir. Belə olan təqdirdə deyə bilərik ki, ölkəmiz son 30 ildə qarşısında qoyduğu bütün hədəflərə çatmağı bacarmışdır. Bu yolda dövlətimizin yanında olan YAP bundan sonrakı mərhələdə də yeni istiqamətləri özü üçün müəyyənləşdirdi.

29 il öncə yaranmış Yeni Azərbaycan Partiyası özünü zamanın və dünyanın yeni tələblərinə uyğunlaşdırmaq məqsədi ilə islahatlar etməli idi. Doğma partiyamızda həyata keçirilən islahatlar nəticəsində yeni Nizamnamə təsdiq olunmuşdur. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən olunmuşdur. Həmçinin partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, Partiyanın strukturuna Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparat, yerli təşkilatlar və onların aparatları daxil edilmişdir. VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədrləri seçilmişlər. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar da qəbul olunmuşdur. Artıq partiyanın yeni Proqramı və Yerli Təşkilatlar haqqında Əsasnaməsi hazırdır. Yeniliklər YAP-ın sədri cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinin vaxtında icra olunmasına böyük imkanlar yaratmışdır. Ölkə Prezidentinin və çox hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdiyi müxtəlif istiqamətli siyasətlərin geniş xalq kütlələri arasında yayılması və bu haqlı siyasətin insanlara çatdırılması istiqamətində doğma partiyamız böyük rola malikdir. Xüsusi ilə Vətən Müharibəsindən sonra şəhid ailələri, qazilər və müharibə veteranları ilə görüşlərin keçirilməsi, onların sosial qayğılarının öyrənilməsi, bir çox məsələnin öz həllini tapması istiqamətində Yeni Azərbaycan Partiyası geniş fəaliyyətlə məşğuldur. Partiyada həyata keçirilmiş yeniliklər sosialyönümlü sahələrdə uğurlu layihələrin icrasına səbəb olmaqdadır. VII Qurultay ərəfəsində ölkənin siyasi palitrasında yer alan 6 partiyanın YAP-a qoşulmasından da artıq bir il ötməkdədir. Bu ərəfədə həmin partiyaların üzvlərinin YAP–a qəbulu və uyğunlaşma prosesləri də başa çatmışdır. Onlar da ölkənin gələcəyi naminə bizlərlə çiyin-çiyinə fəaliyyət göstərməkdədirlər.

Yeni Azərbaycan Partiyasında uzun illərdir dövlətimizin və dövlətçiliyimizin keşiyində dayanan ləyaqətli insanlar fəaliyyət göstərirlər. Onlar heç bir təmənna güdmədən öz həyatlarını doğma partiyaya qurban vermiş kəslərdir. Yeniliklər fövqündə partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında partiya sədrinin sərəncamlarının imzalanması da mütərəqqi yanaşmadır. Vəzifə maaşlarının günümüzün tələblərinə uyğunlaşdırılması və həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər son nəticədə Mərkəzi Aparatın və Ali rəhbərliyin qarşımıza qoyduğu vəzifələrin operativ yerinə yetirməsinə xidmət edir.

Hesab edirəm ki, ötən bir il ərzində YAP–ın beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlərə xüsusi yer ayırmaq lazımdır. Hər zaman ölkəmizin beynəlxalq əməkdaşlıq

sahəsində gördüyü işlərə öz töhfəsini verən doğma partiyamız VII Qurultaydan sonra daha aktiv fəaliyyət göstərməkdədir. Azərbaycana dost və qardaş münasibəti bəsləyən dövlətlərin hakim partiyaları ilə beynəlxalq münasibətlərin qurulması, qarşılıqlı səfərlərin təşkil olunması, təcrübə mübadiləsinin həyata keçirilməsi və ikitərəfli əməkdaşlıqların təminatı işini doğma partiyamız uğurla icra etməkdədir. Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında ötən ilin iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. İki qardaş ölkə arasında mövcud münasibətlər siyasi partiyalar müstəvisində də özünə yer tapmışdır. Ötən il həmçinin Yeni Azərbaycan Partiyası Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyası ilə əməkdaşlıq memorandumu imzalanmış, Çin Kommunist Partiyasının videoformatda təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etmiş, Qazaxıstanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirdə iştirak etmişdir. Bu gün doğma partiyamız Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvüdür.

VII Qurultaydan ötən bir il ərzində YAP–da aparılmış kadr islahatları partiyanın gələcək inkişafında ən vacib məqamlardandır. 2021-ci ilin sentyabrın 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur. Orta yaş həddi 59-dan 50-yə enmişdir. Xüsusi ilə yerli təşkilatların yenidən formalaşdırılması və gənc, dinamik sədrlərin şəhər, rayon təşkilatlarına İdarə Heyəti tərəfindən təyin olunması nəticədə partiyanın cəmiyyətdə nüfuzunun daha da artmasına səbəb olmuşdur. Eyni zamanda da bu təyinatlar həm böyük etimad, həm də böyük məsuliyyətdir.

Son bir il ərzində Yeni Azərbaycan Partiyasında həyata keçirilmiş geniş miqyaslı işlər əyani göz qabağındadır. Onu da xüsusi qeyd etməliyəm ki, ölkəmizin əldə etdiyi şanlı Zəfərdən sonra doğma partiyamıza üzvlüklə bağlı müraciət edənlərin sayı durmadan artmaqdadır. Biz 800 minə yaxın ölkə vətəndaşını üzv kimi öz sıralarımızda birləşdirsək də yaxşı bilirik ki, YAP–ın təəssübkeşlərinin sayı milyonlarladır.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net