Gənclik gözəllik, gənclik sağlamlıq, gənclik qürur, gənclik enerjidir..
Tarix: 2-02-2022, 13:30 | Çap et
Gənclik gözəllik, gənclik sağlamlıq, gənclik qürur, gənclik enerjidir..

Bu gün 2 fevral, Azərbaycan Gənclərinin günüdür. Artıq neçə ildir ki, bu gün ölkəmizdə bayram əhval-ruhiyyəsində qeyd olunur, tədbirlər keçirilir. Çünki gənclik həyatın ən gözəl anı, ömrün bahar çağıdır. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdir və buna görə də, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir.

Ümummilli Lider Heydər Əliyev gəncliyin parlaq gücünün fərqində idi və buna görə də onun gənclərlə bağlı xüsusi siyasəti meydana çıxdı. O, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdi.

Azərbaycan gənclərinin l forumunda bu barədə danışan Heydər Əliyev demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”. Bu həmin illərin ən böyük nailiyyətlərindən idi. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Hələ Sovet hakimiyyəti illərində ümummilli liderimiz yüzlərlə Azərbaycan gəncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaratmışdır. Bu gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlayırdılar. O gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada oxumağa göndərirdi. Bu səbəbdən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını sevinclə qarşılayan nəhəng kütlənin əsas hissəsini məhz gənclər təşkil edirdi. Heydər Əliyev gənclərə, onların gələcəyinə böyük ümid bəsləyir, gənclər də ona arxalanırdılar. Hakimiyyətə qayıdan lider ilk görüşünü də elə gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi. Onun “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” -sözləri hər kəsin həyat devizinə çevrildi.

Ümummilli lider tərəfindən önə çəkilən, dəstəklənən gənclər zaman keçdikcə ölkənin istər sosial, istər ictimai-siyasi, istərsə də mədəni həyatında mühüm rol oynamağa başladılar. Və o dövrdəki sözügedən gənclər artıq bugünkü gənclərin valideynidir, müəllimidir, ustadıdır, yol göstərənidir, həyat yolunun mayakıdır. O gənclərin yetişdirdiyi bugünkü gənclər özlərini hər sferada yaxşı mənada sübut edirlər. Buna ən əsas misal kimi 44 günlük Vətən müharibəsini göstərmək olar. Bu gənclər-əksəriyyəti anadan olduqları ildən də əvvəl işğal olunmuş rayonlarımızı, doğma Qarabağımızı bizə qaytardılar.. Bu gənclər şəhid qanları ilə tarix yazdılar, bizim and yerimizə çevrildilər. Hətta onların arasında elələri var idi ki, atası Birinci Qarabağ müharibəsində, özü isə 44 günlük müharibədə şəhid oldular...Kimin uğrunda? Nəyin uğrunda? Çiçəklənən Azərbaycanın, onun gözəl gənclərinin, körpə balalarının, valideynlərinin, həmvətənlərinin uğrunda..

Bəli, gənc olmaq gələcəyə ümid, ömrün bahar çağı, insanın yaşlı dövründəki həyatının necə olacağını müəyyənləşdirməyə fürsət verən dönəmidir...Gənclik gözəllik, gənclik sağlamlıq, gənclik qürur, gənclik enerjidir.. Yolunuz açıq olsun, dünya gəncləri, yolunuzda hər zaman yaşıl işıq yansın, qeyrətli Azərbaycan gəncləri !

Suraxanı rayonunun fəal gənci Türkan Bayramova





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net