Qəhrəmanlıq salnaməmizin “20 Yanvar” zirvəsi
Tarix: 19-01-2022, 15:28 | Çap et
Qəhrəmanlıq salnaməmizin “20 Yanvar” zirvəsi

Azərbaycan tarixinə “Qanlı Yanvar faciəsi” kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən düz 32 il keçir. “20 Yanvar faciəsi” Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) parçalanması zamanı baş vermiş ən qanlı hadisələrdən biridir.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil edilən 20 Yanvar günü Azərbaycana qarşı torpaq tələb edən Ermənistanın işğalçılıq cəhdlərindən hiddətlənən xalq keçmiş SSRİ administrasiyasına etiraz əlaməti olaraq Bakı küçələrinə çıxdı. SSRİ ordusunun xalqa hərbi güclə müqavimət göstərməsi böyük fəlakətlə nəticələndi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən SSRİ ordusu etirazları yatırmaq üçün Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Qanlı gecədə 137 nəfər həyatını itirdi, 744 nəfər ağır yaralandı, 841 nəfər qanunsuz həbs edildi. 1990-cı il yanvarın 20-də Bakı tarixin ən böyük vəhşiliklərindən birinin şahidi olsa da, sovet tankları Azərbaycan xalqının istiqlal atəşini söndürə bilmədi. Qəhrəmanlıq tariximizin qara günlərindən biri kimi yadda qalan 20 Yanvar 1990-cı il həm də böyük bir müqavimətin yaşandığı gündür. 20 Yanvar şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanı isə bu mübarizənin xatirəsinə çevrildiyi yerdir. Xalqımız illər keçsə də, “Şəhidlər Xiyabanı”nda uyuyan hər bir şəhidin onun müstəqilliyinin rəmzi olduğunu unutmur və hər il yanvarın 20-də Azərbaycanın ən hündür nöqtəsində yerləşən bu ziyarətgaha baş çəkir. Azərbaycan vətəndaşı şəhidlərin xatirəsi qarşısında borcunu yerinə yetirir.

Bu gün biz 1990-cı ilin 20 Yanvar hadisələrinin 32-ci ilini geridə qoyuruq. “20 Yanvar faciəsi” Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, Vətənin birliyi uğrunda mübarizəsini məhv etmək məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. O vaxtdan bəri vətəndaşlarımız keçən hər il bu günü hüznlə anırlar. Bu əhval-ruhiyyə milli matəm günü üçün təbiidir. Amma bu tarix təkcə Azərbaycan xalqının yaddaşında hüznlə xatırlanacaq bir gün deyil, bütövlükdə türk dünyası tarixinə qanlı gün kimi yazılmış bir millətin oyanışı, həm də şöhrət və şərəf günüdür. Çünki baş verən hadisələr xalqımızda müstəqillik inamını daha da artırdı və tezliklə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Bu gün fəxrlə deyə bilərik ki, “Qanlı Yanvar” indi “Şanlı Yanvar”a çevrildi. Xalqımızı kədərlərə boğdu, lakin diz çökdürə bilmədiyi Azərbaycan az sonra öz qəddini düzəltdi. Azadlığın, istiqlalın yeni mübarizləri meydana atıldı. Qəhrəman övladlarımız Qarabağ müharibəsində bir daha şücaət göstərdilər. Şəhidlərimizin ruhu bu gün ona görə şaddır ki, torpaqlarımız əsarətdən xilas oldu. 44 günlük Vətən müharibəsində son damla qanına qədər hər qarış torpağı uğrunda vuruşub canından keçən vətən övladları canları bahasına qorxmadan düşmən üzərinə yürüdülər. 32 il əvvəl Sovet tankları qarşısında canını sipər edən Azərbaycan türklərinin övladları və nəvələri olaraq bir daha şücaət göstərdilər. İllər keçəcək, nəsillər dəyişəcək, amma vətən övladlarının xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

Bəli, düz 32 il əvvəl baş vermiş bu qanlı faciə yaşından, peşəsindən, siyasi mövqeyindən asılı olmayaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. Bu birlik keçmiş Sovet İmperiyasına qarşı inamsızlıq və nifrətin vəhdətindən ibarət idi. İllər keçdi, Azərbaycan xalqı yenidən birləşdi, hədəfə dəyən dəmir yumruğa çevrildi. Bu, 44 günlük Vətən müharibəsində şanlı Qələbə sevincinin, xalqın dövlətinə, ordusuna, qalib Ali Baş Komandanına olan sonsuz inam və sevgi birliyi idi!

84 nömrəli tam orta məktəbin direktoru Şəfəq İbişova




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net