"Bu məsuliyyətsiz çıxışlar cəmiyyəti çaşdırmaqdan başqa bir şey deyil" - deputat
Bəzi tanınmış simalar, o cümlədən də siyasətçilər COVİD 19 virusuna qarşı peyvənd olunmayıblar. Onlar bunu peyvəndə qarşı olmaqla əsaslandırırlar. Keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) lideri Əli İnsanov da peyvənddən imtina edənlər siyahısındadır. Məşhur həkim, professor və sabiq səhiyyə naziri olmasına rəğmən, Əli İnsanov nümunə olmaq əvəzinə, peyvənd olunmaqdan imtina edir.
Yeri gəlmişkən, Əli İnsanov noyabrın 27-də paytaxtın Xətai rayonu ərazisində yerləşən “Valensiya” şadlıq sarayında keçirilən toy mərasiminə buraxılmayıb. Səbəb sabiq səhiyyə nazirinin peyvənd sertifikatının olmaması idi.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də ixtisasca həkimdir. Lakin o da COVİD-19 virusuna skeptik yanaşanlardandır. ”Yeni Müsavat"a açıqlamasında Əli Əliyev peyvənd olunmadığına görə universitetə buraxılmadığını bildirdi: “Dünya ikiyə bölünüb. Bir qisim insanlar məcburən peyvənd olunursa, digər qisim bundan imtina edir. Peyvənd olunmamışam, olmaq niyyətim də yoxdur. İnsanları məcbur etmək konstitusiyaya ziddir. Məni buna görə universitetə dərsə buraxmırlar. Bəşəriyyətə qarşı müharibə gedir. Bu, bioloji müharibədir”.
Xatırladaq ki, Əli Əliyev “Youtube” sosial şəbəkəsində çıxışlarında müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələr istifadə etməsi, vətəndaşlara qarşı zorakılıq etməyə yönələn çağırışlar etməsi, internet informasiya resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməsi, həmçinin koronavirus pandemiyasına qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönələn ifadələrə yol verdiyinə görə sentyabrın 22-də Baş Prokurorluğa dəvət edilmişdi. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməllərə davam edəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, həkim-cərrah Rəşad Mahmudov mətbuata açıqlamasında Əli Əliyevin bu mövqeyinin yolverilməz olduğunu, antipeyvənd çağırışının doğru olmadığını bildirmişdi: “Əli Əliyevin bir müddət bundan öncə ölkəmizdə və dünyada COVİD-19 infeksiyası əleyhinə aparılan vaksinasiya prosesinə inanmadığını, peyvənd olunmayacağını bildirməsi, siyasi fəaliyyətində olduğu kimi cəmiyyəti manipulyasiya etməyə və onların həyatı üçün təhlükə yaratmağa hesablanıb. Bu, təsadüfi bir səhv ola bilməz. Çünki ixtisası tibb olan və Tibb Universitetini “əla” qiymətlərlə bitirən bir şəxsin müasir, sübuta yetirilmiş statistikaya əsaslanan elmə deyil, sosial şəbəkələrdəki heç bir elmi əsası olmayan fikirlərə və dedi-qodulara istinad etməsi gülünc və absurd səslənir. Dünya ölkələri içərisində koronavirusa qarşı ən effektiv mübarizə aparan Azərbaycanın bu sahədəki fəaliyyəti hətta ÜST səviyyəsində də etiraf edilib və dəstəklənib. Dünyanın və eləcə də Avropanın bir sıra ölkələri vaksinasiya prosesində maliyyə imkanlarına görə ciddi problemlər yaşayırlar. Bunu Qərb mətbuatına nəzər salmaqla aydın görmək olur. Hamıya məlumdur ki, koronavirusa qarşı ən effektiv mübarizə metodu vaksinasiya prosesindən keçir və o vaksinə həsədlə baxan, lakin imkansızlığa görə vətəndaşını vaksinlə təmin edə bilməyən ölkələr var. Azərbaycan dövləti isə bütün problemlər və əngəllərə baxmayaraq, vətəndaşının yanındadır, daima xalqını və millətini düşünür! Siyasi məqsədləri üçün bu effektiv metoda qarşı antitəbliğat aparanlar unutmasınlar ki, onlar məhz vətəndaşların təhlükəsizliyinə qarşı çıxır, onların həyatı üzərində oyun oynayırlar. Bu məsuliyyətsiz çıxışlar cəmiyyəti çaşdırmaqdan başqa bir şey deyil. Çirkin siyasi məqsədlərinin əsirinə çevrilən bu tip adamların hətta “koronavirus infeksiyası Azərbaycan hökuməti tərəfindən yaradılıb” demək potensialı da var".
Peyvəndlə bağlı tərəddüdlər var. Bu, reallıqdır. Görünən odur ki, maarifləndirmə və müəyyən məhdudiyyətlərin olması da bunun qarşısını ala bilmir. Avstriya hökuməti isə daha sərt tədbir həyata keçirəcək. Belə ki, COVİD-19-a qarşı məcburi peyvəndin tətbiqi ilə bağlı qanun layihəsinə əsasən, məcburi koronavirus peyvəndi 2022-ci ilin fevralından Avstriyada yaşayan bütün insanlara şamil ediləcək. Peyvənddən imtinaya görə 3 600 avro və ya dörd ay həbs cəzası tətbiq olunacaq.İstisnalar peyvəndlə əlaqədar həyat və sağlamlıq riski altında olan şəxsləri, hamilə qadınlar və 12 yaşınadək yeniyetmələri əhatə edir.