Milli Məclisdə “Narkomaniya ilə mübarizə ailə cəmiyyətinin sağlamlığıdır” mövzusunda dinləmə keçirilir
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin “Narkomaniya ilə mübarizə ailə cəmiyyətinin sağlamlığıdır” mövzusunda birgə dinləməsi keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Milli Məclis sədrinin müavini Adil Əliyev ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən danışıb. Bildirib ki, narkomaniya ilə cəmiyyət olaraq mübarizə aparmalıyıq. Maarifləndirmə işinə xüsusi diqqət yetirilməlidir. Məktəblərdə, mətbuatda narkomaniya ilə mübarizə üçün görülən işlərin genişləndirilməsinə ehtiyac var. Sənədli filmlərin hazırlanıb mətbuatda yayımlanması, maarifləndirmənin əhatə dairəsinin genişləndirilməsi, sosial şəbəkələrdə qısa videoçarxların hazırlanıb paylaşılması narkomaniya ilə mübarizəyə dəstək verə bilər.
Milli Məclis sədrinin müavini qeyd edib ki, narkomaniya ailələrin bədbəxtliyinə, həmin ailədə böyüyən uşaqların psixologiyasına mənfi təsir edir. Aidiyyəti qurumlar narkomaniyaya qarşı ciddi mübarizə aparır. Nə qədər mübarizə aparılsa da hələ də bunun kökünü kəsmək mümkün olmayıb. Bu bəlanın qarşısının alınması hər birimizin vətəndaşlıq borcudur.