Polad Bülbüloğlu: “Atamın ev muzeyində çalışan fəhlələrə özüm də kömək etmişəm”
“Şuşada atamın ev muzeyini bərpa edərkən çox böyük həvəslə, səhərdən axşamadək fəhlələrin yanında oldum. Orada aparılan hər bir işi çox böyük həvəslə izləyirdim, kömək edirdim. Bu mənim üçün çox xoş idi”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə quruculuq işləri çox böyük sürətlə gedir.
“Moskvada da mənə sual verirlər ki, axı necə ola bilər Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya tikilib? Doğrudan da, böyük möcüzədir. Mən özüm avtomobil sürməyi çox sevirəm. Şuşaya sükan arxasında gedib-gəlirəm. Bu yolun tikilməsi demək olar ki, gözümün qarşısında, mərhələ-mərhələ həyata keçirilib, 8-9 aya dağların ətəyində asfalt yol salınıb. Biri var bunu televizorda izləyəsən, biri də var ki, öz gözlərinlə görəsən, ayağınla gəzəsən”, - P. Bülbüloğlu qeyd edib.