BU ZƏFƏRƏ ORDUMUZ DA, XALQIMIZ DA HAZIR İDİ...
Tarix: 5-11-2021, 18:59 | Çap et
BU ZƏFƏRƏ ORDUMUZ DA, XALQIMIZ DA HAZIR İDİ...


İlk Qələbəsini iqtisadiyyat sahəsində qazanan Azərbaycan müasir dünyanın aparıcı ölkələri arasında özünün layiqli yeri olan dövlətlərdən biridir. Cənubi Qafqaz regionunda ərazicə kiçik, lakin təbii sərvətlər və geostrateji mövqeyi baxımından önəmli yerə sahib olan ölkəmiz buna 1969-cu ildən bu yana aparılan düzgün siyasətin nəticəsində nail olmuşdur...

1970-1985-ci illərdə Azərbaycan artıq keçmiş Sovetlər Birliyi respublikaları arasında neft məhsullarının və avadanlıqlarının, polad boruların, əlvan metalların, mineral gübrələrin və digər məhsulların istehsalına görə önə çıxmağı bacardı. 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi. O dövr üçün bu çox böyük rəqəm idi. Aqrar ölkədən sənaye ölkəsinə çevrilən Azərbaycan İttifaq miqyasında önəmli yerə malik respublika kimi dostlarını sevindirir, düşmənlərini qıcıqlandırırdı...

1993-cü ilin iyun ayında Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ölkə və xalq üçün ağır olan günlərdə yeganə xilas yoluna çevrildi. Keçmiş Sovetlər Birliyi dağılmışdı. Artıq respublikalar bir mərkəzdən idarə edilmirdilər. Uzun illər iqtisadiyyatı bir-birinə şəbəkə şəklində bağlanan və müstəqilliyini elan etmiş ölkələr sadəcə kağız üzərində müstəqil qala bilməyəcəklərini dərk edirdilər. Belə bir vaxtda Heydər Əliyev yaranmış vəziyyətdən çıxış yolunu doğru olaraq güclü iqtisadiyyatda gördü və addım-addım dağılmış iqtisadi əlaqələri bərpa etməyə, yeni layihələrin həyata vəsiqə almasına çalışdı. Azərbaycanın tək Qafqaz regionunda deyil, eləcə də onun hüdudlarından kənarda genişmiqyaslı transmilli layihələrdə iştirakı birinci növbədə milli maraqlara, ölkənin iqtisadi gücünün artırılmasına xidmət edirdi.

Neft amilinin əsas rol oynadığı Azərbaycan iqtisadiyyatı dünyanın aparıcı ekspertlərini də heyran qoyan böyük sıçrayışlarla qısa müddətdə irəliləməyə başladı. Və, beləliklə də Heydər Əliyev tərəfindən neft strategiyasının əsası qoyuldu. Bu strategiyada, əlbəttə ki, ön planda həmişə olduğu kimi, Azərbaycan və onun milli maraqları dururdu...

Azərbaycan bir çox sahələrdə öz modelini dünyaya təqdim etmişdir. İqtisadi islahatların Azərbaycan moleli, multukultralizmin Azərbaycan modeli, 30 illik işğala 44 gündə son qoyan Zəfərin Azərbaycan modeli... Hətta məğlub etdiyi ölkənin inkişafına təkan verə biləcək layihələr təklif edən qalib ölkə modeli də...

Bu gün ABŞ da daxil olmaqla dünyanın aparıcı dövlətləri artıq Azərbaycana iqtisadi əlaqələr qurduqları, neft-qaz hasilatından yararlana biləcəkləri bir ölkə kimi baxmır, onu regionda hərbi və siyasi cəhətdən də güclü dövlət kimi qəbul etmək məcburiyyətində qalırlar. Təbii sərvətlərlə zəngin

ölkələrdə sabitliyi pozaraq yaranan qarşıdurma və hərcmərclikdən faydalanan, sərvətlərini dəyər-dəyməzinə sömürən böyük ölkələrin bu siyasəti Azərbaycanda və ümumilikdə Qafqaz regionunda güclü lider, öz ölkəsinin dəyərlərini xalqın milli maraqlarına uyğun siyasətin bir parçası kimi dünyaya təqdim edən ağıllı siyasətçi ilə qarşılaşdı və onunla razılaşmaq məcburiyyətində qaldılar...

“Güclü iqtisadiyyat – güclü dövlət deməkdir”. İqtisadi siyasətin düzgün qurulması ölkəmizi qısa müddətdə geniş imkanları olan ölkəyə çevirsə də, bu imkanları doğru istiqamətə yönəltmək də ciddi siyasi, milli strategiya tələb edirdi. Məhz güclü iqtisadiyyatın nəticəsində Azərbaycan Hərbi Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev güclü ordu yaradaraq onu ən müasir silahlarla təmin etdi...

ABŞ-ın bir sıra aparıcı ekspertləri 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin əsas səbəblərini təhlil edərkən belə bir fikir səsləndirirlər ki, deməli, müasir dövrdə müharibədə qələbə qazanmaq üçün heç də ABŞ kimi böyük və güclü dövlət olmaq lazım deyilmiş. Bunun üçün müasir müharibənin tələblərini dərk etmək, az xərclə böyük uğurlar qazanmaq olarmış...

Təbii ki, müharibə tək silahlarla qazanılmır. O silahları düşmənə tuşlayan əsgərin, zabitin, bir sözlə bütün ordunun milli ruhu, vətənpərvərlik hissi də qələbəmizi təmin edən amillərdəndir.

Çoxsaylı xalq, etnik və etnoqrafik qrupların yaşadığı Azərbaycanda multukulturalizmi dövlət siyasətinə çevirmək, iqtidar xalq birliyini təmin etmək də vacib şərtlərdən idi. Ermənistan və onun havadarları ölkəmizdə etnik qarşıdurma, vətəndaş müharibəsi yaratmağa çalışsalar da, buna müyəssər ola bilmədilər. Dövlət başçısından tutmuş uşaq bağçalarındakı körpələrə qədər bu 30 ildə hamı Qarabağ dedi, Qarabağ arzusu ilə yaşadı. Qarabağ arzusu artıq hamının bayramlarda ən müqəddəs arzusu kimi səslənirdi. Son illərin erməni təxribatları, qalib xalq ədası xalqımızın səbr kasasını doldurmuşdu. Bir sözlə, bu Zəfərə, bu Qələbəyə ordumuz da, xalqımız da hazır idi...

Cəmi 44 günə millətin, Vətənin 30 il qanı axan yarasını sağaltmaq, Ermənistan ordusunun yenilməz gücü haqqında yaranan mifi darmadağın etmək, məğlub xalqdan qalib xalqa çevrilərək millərin milli ruhunu özünə qaytarmaq, dəmir yumruq kimi birləşərək dünyaya bölünməzlik mesajı vermək, gücünü göstərmək... Bu hər ölkənin, hər xalqın, hər liderin qazana biləcəyi uğur deyil...

Azərbaycanın qələbəsi regionda yeni siyasi və iqtisadi reallıqlara yol açdı. 10 000 kv.km-dən çox ərazidə bərpa-tikinti işləri aparılır. Bölgəyə xarici şirkətlər cəlb ounur. Zəngəzur dəhlizi region ölkələri üçün yeni perspektivlər

vəd edir. Bütün bunlar onu göstərir ki, həmişə regionun inkişafına xidmət edən layihələrin təşəbbüskarı olan Azərbaycan öz Qələbəsi ilə də region ölkələri üçün yeni perspektivlər açdı. Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları, Türkiyə və Rusiyanın yaxınlaşmasının regional təhlükəsizliyin mühüm amili kimi strateji əhəmiyyəti, ilk baxışdan yaranan yeni iqtisadi imkanlardan kənarda qalmış kimi görünən Gürcüstanın da, reallığı qəbul edərsə, məğlub Ermənistanın da inkişafına yol aça biləcək iqtisadi layihələrə qoşulması Azərbaycanın 44 gündə qazandığı Qələbəni bu çətin dövrdə region ölkələri üçün də iqtisadi Qələbəyə çevirə bilər və bu belə də olacaq!

GÜLLÜ YOLOĞLU

tarix üzrə elmlər doktoru





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net