Daha dəhşətli pandemiya və ya özünü ölmüş sayan narkoman qadın
Tarix: 5-11-2021, 11:21 | Çap et
Daha dəhşətli pandemiya və ya özünü ölmüş sayan narkoman qadın
Deyəsən yaşlanıram. Nəsə yazmağa başlayanda “əvvəllər”, “bizim vaxtlarımızda”, “bir zamanlar” yazmaq istədiyimə görə bu qənaətə gəldim. Amma yenə də o sözlərdən qaça bilmədim.
Əvvəllər bir rayonda, bir nəfərin narkotik vasitəyə görə tutulması faciyə sayılardı. Hətta nəinki nəsil, həmin insanın yaşadığı ərazidə yaşayanlar bunu ört-basdır etmək istəyirdi ki, ayıbdır, eşidən bizim məhləyə (küçəyə, kəndə, rayona) necə baxar. Adamlar bunun adını çəkməkdən cəkinər, soruşana da “işə düşüb” deyərdilər.

Hətta 2000-ci illər də vəziyyət indikindən qat-qat yaxşı olub. Yəni kütləvilik bu qədər olmayıb. Narkotik istifadəçilərinin yaşı bu qədər gəncləşməyib. Artıq narkomaniya uşaqlaşmaq dövrünə keçir.

Bu gün dünya koronovirusla mübarizəyə fokuslaşıb. Təbii, bu, gözlə görülməyən, laborator ayrıntıları belə onun mahiyyətini tam etiva etməkdə çətinlik çəkdiyi bir virusdur. Və insanları öldürür. Amma ondan da dəhşətli olan narkomaniya gözlə görünən, əllə toxunulan maddə-pandemiyadır. Bu dəhşətli xəstəlik xərçəng kimi hər gün daha çox cəmiyyəti içindən yeyir.

Bu günlərdə Daxili İşlər Nazirliyi belə bir məlumat yaymışdı ki, Bakının Sabunçu rayonunda oktyabr ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, yəni onun alverini edən 61 nəfər saxlanılıb. Bu rəqəmlər faciəvi göstəricidir. Biz nəzərə alsaq ki, Bakı şəhərinin 12 rayonu var və hər bir rayonda az fərqlə eyni vəziyyətdir. Üstəlik də ölkənin 70-ə yaxın rayonunda da göstəricilər heç də paytaxtdan geri qalmır, faciənin fəsadını necə dərinlərə işlədiyini anlaya bilərik.

Artıq vəziyyət o həddə çatıb ki, insanlar haqlı, ya haqsız narkomaniyanın arxasında hüquq-mühafizə orqanlarının olduğunu düşünürlər. Hansı ki, bu bəlaya qarşı mübarizəni elə o orqanlar aparmalıdır və görünən odur ki, aparırlar. İnsafən hər gün həmin orqanlar mətbuat vasitəsi ilə cəmiyyətə “əsrin bəlasını” yayanlar, ölkəyə gətirənlər barədə məlumat verirlər.

Artıq bu barədə narkomanların özləri danışmağa, xalqa yalvarmağa başlayıblar ki, özünüzü və xüsisilə də, övladlarınızı bu bəladan qoruyun. Bu günlərdə “yuotube” kanalında rastlaşdığım videoda 32 yaşlı qadının bu barədə verdiyi müsahibə məni sarstdı. Aparıcının, “ağrıdığınız zaman övladınız və maddə arasında seçim etmək məburiyyətində qalsaniz, hansını seçərdiniz?” sualına belə cavab verib:

- Əlbəttə, onu seçərdim. Onu seçərdim, sonra övladım barədə düşünərdim. 32 yaşım var, amma artıq mən yaşayan ölüyəm. Heç bir hissim qalmayıb. Tək bir dərdim var...

Ailəsindən, övladından ayrılmış, ata-anası tərəfindən tərk edilmiş, qohum-əqrəbadan uzaq düşmüş 7 ildir ki, narkotik bağlılığı olan həmin qadın yalvararaq xalqa səslənir ki, “bu bəlaya bulaşmayın, övladlarınıza qarşı diqqətli olun ki, onları narkomanlar əlinizdən almasın”.

Bilmirəm, bəlkə bu video ssenariləşdirilib, amma mənə onun dedikləri səmimi və çox təsirli gəldi. Bu qadının dedikləri onu yandıran atəşə başqalarının yaxınlaşmaması çağırışı təsirini bağışladı mənə.

Biz bəzən bu bəladan danışmağı özümüzə rəva görmürük. Amma o bəla bizim susqunluğumuzdan istifadə edib, bizə daha da yaxınlaşır, ətrafımızda dolanır. Biz onu bir nəfərin və ya bir ailənin faciəsi kimi qəbul etdikcə, o hər bir ailəni, ümumilikdə, cəmiyyəti özünə ram etməyə çalışır.

Adam yaşa dolduqca özündən sonrakı nəsli - gəncliyi gözəl, güclü, xoşbəxt görmək istəyir. Çünki ardımızca gələn onlardır. İzimizdən gəlib bizdən önə keçərək öz izlərini açmasını istədiklərimiz. Valideynlər övladlarının onlardan yaxşı yaşaması arzusu ilə yaşlanır. Kaş ki, yaşlı, gənc, adi vətəndaş və ya səlahiyyətli şəxs olaraq hamılıqla bu bəlaya qarşı çıxa biləydik. Onu təkcə dövlət orqanlarının ümidinə buraxmayaydıq. Və kaş ki, gələcəkdə nələrisə etmədiyimizə görə, “kaş ki” deməyəydik.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net