Deputat yoxlamaları mənasız sayır: “COVID-19 pasportu “kollektiv fayda” vermir”
“Böyük Britaniya izdihamlı yerlərin girişində COVID-19 pasport yoxlamaları tətbiq etmək planlarından imtina edib. Danimarkada isə bütün karantin məhdudiyyətləri ləğv olunub”.
Bunu Milli Məclisin deputatı Nigar Arpadarai COVID-19 pasportu ilə bağlı yoxlamalar barədə fikirlərini bölüşərkən deyib.
Deputatın sözlərinə görə, 2020-ci ilin əvvəlində dünyada tətbiq olunmağa başlayan karantin tədbirlərinin aydın bir məqsədi vardı - səhiyyə sisteminə olan təzyiqi azaltmaq və onun çökmə təhlükəsinin qarşısını almaq. Həmin aylar ərzində müvafiq işlər görülməli, xəstəxanalar və kadrlar hazırlanmalı, müalicə protokolları təkmilləşdirilməli, dərman təchizatı sistemi qurulmalı idi, qısa söyləsək, səhiyyə və bütün digər sahələr yeni şəraitə uyğunlaşmalı idi.
“Böyük Britaniya və Danimarka kimi ölkələr bu yolla gedərək, hazırda vətəndaşları əsassız məhdudiyyətlərə məruz qoymayaraq COVID-19 virusuna yoluxmalar şəraitində yaşamaq üçün hazırdırlar.
Azərbaycanda da pandemiya ilə mübarizə sahəsində çox işlər görülüb. Son il yarım ərzində dövlət xəstəxanalara, avadanlıqlara, dərmanlara böyük vəsait ayırıb. Peyvəndləməyə də erkən başlanılıb. Bunlar təqdirəlayiqdir! Amma indiki mərhələdə bir sual yaranır - COVID-19 pasportunun tətbiqinə ehtiyac varmı? Azərbaycanda hazırkı məhdudiyyətlər epidemioloji, iqtisadi və hüquqi baxımdan məqsədəuyğundurmu?!
COVID-19 virusunu öncə keçirmiş, anticisim olan insanlardan peyvəndi təsdiq edən sənəd (COVID-19 pasportu) tələb edilməlidirmi? Axı bu insanlarda yenidən yoluxma ehtimalı demək olar ki, sıfıra yaxındır (bunu beynəlxalq araşdırmalar göstərir). Peyvəndi artıq virusu keçirmiş birinə sərf etmək heç bir praktik nəticə verməyən, enerji, pul və vaxt itkisidir, səhiyyə sisteminə yükdür. Üstəlik, Azərbaycanda peyvənd olunanların və virusa yoluxanların (anticisim olanların) sayı çoxdur.
COVID-19 pasportunun yoxlanması ticarət mərkəzlərində və restoranlarda insanları infeksiyadan qorumağın yoludurmu?! (“Vaksin olunanlar xəstəliyi daha asan keçirir” arqumenti var, amma COVID-19 pasportu olanlar belə digərlərini yoluxdura bilər, ona görə bu məhdudiyyətin “kollektiv fayda” məntiqi mövcud deyil, çünki peyvəndlənmiş insan özü xəstəliyi asan keçirsə belə, digərlərini yoluxdurur). Peyvənd olunmuş insanlar da xəstələnirlər, bu o deməkdir ki, restorana gələn hər kəsin əlində COVID-19 pasportunun olması sizin yoluxmamağınız demək deyil. Amma iqtisadiyyat və biznes sahələri bundan əziyyət çəkir.
Zənnimcə indi daha önəmli sual budur - COVID-19 virusuna yoluxmaların davam etdiyi bir zamanda səhiyyə sistemimiz təzyiq altında işləməyə öyrəşdimi?
Bu suallar, ölkədə neçə adamın COVID-19 pasportunun olması sualından daha əhəmiyyətlidir. COVID-19 pasportunun tətbiqinin məqsədəuyğunluğu isə məndə hələ də sual doğurur”.