“Cəmiyyətdə koronavirus panikası yaratmaq xəstə təfəkkürün məhsuludur” – PROFESSOR
Tarix: 9-08-2021, 14:42 | Çap et
“Cəmiyyətdə koronavirus panikası yaratmaq xəstə təfəkkürün məhsuludur” – PROFESSOR

Son günlərdə yenidən ölkəmiz üzrə COVID-19 virusuna yoluxma statistikasında yoluxanların sayında artım müşahidə olunur. Elə bir qrup həkim də müsahibələrində, sosial media hesablarında yoluxma sayında ciddi artım müşahidə edildiyini deyir, yaxın günlərdə karantin ola biləcəyi ehtimalını səsləndirir.

Eyni zamanda karantinin sərtləşdirilməsi üçün heç bir əsas görmədiyini deyənlər də var. Onlar da fikirlərini əsaslandırır, insanları panikaya düşməməyə səsləyirlər.

Beləliklə, AYNA həmsöhbət olduğu həkimlərin fikirlərini təqdim edir:

Tibb elmləri doktoru, professor Musa Qəniyev son günlərdə COVID-19 statistikasında müşahidə olunan artım dinamikasına münasibət bildirərkən söyləyib ki, hər nə qədər yoluxma sayında artım müşahidə edilsə də, bu, ciddi fəsadlara yol aça bilməz: “Son günlər koronavirus statistikasında gündəlik artım dinamikası insanlara yenidən qorxu, həyacan, ümüdsüzlük və gərginlik yaşadır. Mən dəfələrlə bildirmişəm ki, simbioz yaşam qanunlarına uyğun olaraq istənilən aqressiv virus ştammı zaman keçdikcə dövrü olaraq mutasiyaya məruz qalmalı və yeni-yeni mutantlar əmələ gətirməlidir. RNT nuklein ardıcıllığının kəmiyyət və keyfiyyət tərkibində fərqlilik olan bu mutantlar törətdiyi bəzi potensial klinik əlamətinə görə “ana” ştamdan daha aqressiv və ya zəif ola bilər, lakin heç bir halda kəskin ağırlaşma törətmə və letallığına görə ondan üstün ola bilməz. Odur ki, fərqli yanaşmalardan asılı olmayaraq, hər kəs bilməlidir ki, hazırda COVID-19-a yoluxmada müşahidə olunan artım, hətta bir neçə rəqəmli səviyyəsinə yüksəlsə belə, heç bir ciddi fəsadlara yol aça bilməz”.

Professor fikrini belə əsaslandırıb: “Söylədiklərimin təsdiqi kimi kiçik bir statistik təhlil üzərində dayanıram: COVID-19-a yoluxma zamanı 87% hallarda xəstələr bu infeksiyanı ya simptomsuz keçirir, ya da yüngül, başqa sözlə, desək, dərman müdaxiləsi tələb olunmur. Bu və ya digər dərəcədə tibbi müdaxilə yalnız 13% hallarda (hər 100 xəstədən 13-də) lazım olur. Bu halda belə, kritik durumda olanların faiz nisbəti 0,4-0,6%-dır (hər 1000 xəstəyə 4-6 nəfər). Bu şəxslər arasında da ölüm, əsasən yanaşı ciddi xəstəliyi olan, immun sistemi tükənmiş və ya qeyri-professional yanaşma və profilaktik məqsədlərlə uzunmüddətli antiviral, hormonal və antibiotik müalicəsi alan şəxslər qrupunda daha çox müşahidə olunur”.

Qəniyev hesab edir ki, koronavirusun arzuolunmaz fəsad və nəticələrinə görə bizim ölkəmizdə vəziyyət, hətta əksər ölkələrdən xeyli dərəcədə yaxşıdır: “Belə ki, xəstəlikdən sağalma faizi təqribən 96%-dir. Hazırda aktiv xəstə sayı ümumi yoluxanların 2,6%-ni təşkil edir. Letallıq, yəni ölüm halı isə ümumi xəstələnənlərin cəmi 1,4%-i qədərdir. Bu faiz nisbəti də söylədiyim məlum qruplara daxil olan şəxslərdir. Digər tərəfdən ölkəmizdə əhalinin ümumi sayı 10 milyonun üstündədir. Hazırda peyvənd olunanların sayı isə 5 milyondan artıqdır. Bu hal xəstəliyə tutulub yoluxanlarla birlikdə artıq kütləvi immunitetin formalaşmasını söyləməyə mütləq mənada əsas verir”.

“COVID-19-un statusu artıq fəsli infeksiya statusunun hətta altındadır” deyən professorun sözlərinə görə, infeksion xəstəliklərin başlanğıc mərhələsi COVID-19-dan fərqlənmir: “Bugünlərdə bir nəfər mənə dedi ki, modul tipli xəstəxanaya gedib, orada olduğu müddətdə təcili yardım maşınları xeyli sayda xəstə gətirib, vəziyyət çox ağırdır. Bildirmək istəyirəm ki, insan bütün ömrü boyu 200-220 dəfə müxtəlif mikrob, virus və s. infeksiyalara yoluxur. Yəni insanın orta ömür müddəti 75 olsa, hər il 2,5-3 dəfə olmaq şərtilə infeksiyaya yoluxur. Bu infeksion və qeyri-infeksion xəstəliklərin praktik olaraq bütün klinik əlamətləri başlanğıc mərhələdə COVID-19-dan fərqlənmir. Odur ki, hazırkı şəraitdə temperaturun yüksəlməsi, əzələ-oynaq ağrısı, halsızlıq və s. əlamətlərlə təcili yardıma müraciət edilərkən, ilk növbədə COVID-19-dan şübhələnilir və modul tipli xəstəxanalara müraciət olunur. Bu səbəbdən belə müraciətlərə görə insanlar arasında panika yaratmaq, zənnimcə, xəstə təfəkkürün məhsuludur və ya başqa məqsədlərə xidmət edir”.

Professor bildirib ki, COVID-19-a yoluxmanın ən əsas yolu insanların nəfəs-nəfəsə dayanması, qucaqlaşması, xüsusən də öpüşməsidir: “COVID-19-a yoluxmanın yeganə yolu tənəffüs havası ilə mümkündür. Hələ aprel ayında Səhiyyə Nazirliyinin xətti ilə keçirilən vebinarda bunun elmi məntiqə əsaslanan izahını vermişəm. 2020-ci ilin martında söylədiyim və yazdığım bu mülahizələrim hazırda məşhur alman alimi, virusologiya professoru, Bonn Universiteti Virusologiya İnstitutunun direktoru Hendrik Ştrek və həmkarlarının apardığı tədqiqatlarda da öz təsdiqini tapdı. Yəni COVID-19-a yoluxmanın ən əsas yolu insanların nəfəs-nəfəsə dayanması, qucaqlaşması, xüsusən də öpüşməsidir”.

“Mən bu günlərdə bir toy mərasimində iştirak etdim. Orada insanların bir-biri ilə necə qucaqlaşıb öpüşdüyünü görüncə dəhşətə gəldim. Onlar bir-birilə sanki uzun illər görüşməyən doğmalar kimi qucaqlaşır və ən azı 3 dəfə öpüşürdülər. Düzdür, qarşılaşdığım bu “gözlənilməz” vəziyyət mənim üçün nə qədər ürəkağrıdıcı olsa da, digər tərəfdən düşündüm ki, bu hal kütləvi, yəni 5-6 rəqəmli yoluxmaya səbəb olmursa, deməli, COVID-19 bir infeksiya kimi artıq əbədiyyətə qovuşub. Çünki burada mən başqa bir məntiq tapa bilmədim”, - deyə mütəxəssis vurğulayıb.

Yoluxma sayında artıma gəlincə, M.Qəniyevin fikrincə, bunun kütləvi tədbirlərin keçirilməsinə icazə verilməsi ilə əlaqəsi yoxdur: “Artımın səbəbinin müəyyənləşdirilməsi və qarşısının alınması üçün hətta sadə monitorinqin aparılması belə, yetərlidir. Diqqət edin, yoluxmanın kəskin artması 27 iyuldan sonrakı dövrə təsadüf edir. İnfeksiyanın inkubasiya müddətinin təqribən 5 gün olduğunu nəzərə alsaq, nisbi artımın baş vermə ehtimalı iyul ayının 23-ü və sonrakı günlərə təsadüf edir. Yəni bu artım nə toylar, nə də digər lokal şəkildə təşkil olunan şənlik, dini mərasim və ya digər kütləvi tədbirlərlə əlaqədardır. Odur ki, nə məhdudiyyətlərin tətbiqinə, nə toyların, nə də digər lokal kütləvi tədbirlərin dayandırılmasına heç bir elmi əsas var”.

“Sadəcə olaraq, ilkin səbəblər araşdırılmaqla, ilk növbədə, birbaşa tənəffüs kontaktına səbəb olan istənilən ünsiyyət formasına qadağa qoyulmalı, icrasına nəzarət edilməli və bu qadağaları pozanlar ciddi şəkildə cəzalandırılmalıdır. Yaxşı olar ki, cərimələnsinlər. Çünki bu halda, hətta “cərimələnmə olacaq” sözü rəsmi şəkildə söylənilərsə belə, kimsə nə qucaqlaşacaq, nə öpüşəcək, nə də nəfəs-nəfəsə dayanacaq. Bundan sonra, hətta ictimai nəqliyyat vasitələrində belə, sıxlıq müşahidə olunmayacaq. Biz bu zaman COVID-19-a əbədi əlvida deyəcəyik”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Anestezioloq-reanimatoloq Şahin Məmmədov da son günlərdə yoluxma sayındakı artım ilə bağlı panikaya ehtiyac görmür: “Müraciətlərin sayı çoxalsa da, ağır xəstələrin sayında artım müşahidə edilmir. Düzdür, müraciətlər artıb. Amma ağır xəstələrin sayında artım müşahidə edilmir”.

“Ciddi karantin rejimi ilə bağlı qərar yoluxma sayına görə yox, xəstəxanalarda yer probleminə görə verilir. Hələlik yer problemi yoxdur, qapanmalara gediləcəyinə inanmıram. “Delta” variantının sürətli yoluxma qabiliyyəti olsa da, müşahidəmə əsasən, xəstəlik yüngül keçirilir”, - deyə Məmmədov qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net