Bu şəkil Səudiyyə Ərəbistanında çəkilib – daima insanları gözütoxluğa, halallığa, nəfsinə hakim olmağa çağıran torpaqlarda.
Şəkildə gördüyümüz mənzərə isə bu çağırışlara paradoksaldır. Başdan-ayağa örtünmüş, yalnız gözləri görünən iki qadın yol keçir, motosikletdə oturan iki gənc isə gözləri ilə onları yeyəcəkmiş kimi süzürlər.
Qadınların geyimində heç bir açıq-saçıqlıq yoxdur. Aydınca görünür ki, onlar öz hərəkətləri ilə də heç kəsi təhrik etmirlər. Ancaq ərəb gənclərin baxışında hər şey var – aşırı maraq, heyvani ehtiras, cinsi tamah və s.
İndi bu nədir? Demək, qadınlar öz geyim və hərəkətləri ilə heç bir təhrikə yol verməsələr də, qarşı cinsin mənsubları onlara bu cür, qurbanlıq şikar kimi yanaşırlar.
Bu, Şərq aləmini məşğul edən cinsəllik probleminin qadınlardan, onların geyiminin stilindən və ya davranışlarının sərbəstliyindən qaynaqlanmadığını göstərir. Problem hər gördüyü dişiyə müsəllət olmaq, öz cinsi fantaziyalarını istənilən yerdə təmin etməyə çalışan, acgöz və yanıq kişilərdədir.