Koronavirus pandemiyasının Hindistanın Delta variantının yoluxma gücü daha çox olan yeni ştammı - “Delta Plus” (K417N) sürətlə yayılmağa davam edir.
“Report”un məlumatına görə, “Delta” ştammı indiyədək artıq 85 ölkədə aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu ştammla bağlı artıq həyəcan təbili çalır. Çünki bu növün digərlərinə nisbətən daha sürətli yayıldığı və ölümcül olduğu bildirilir.
Bu ştammda insanlar eşitmənin itirilməsi əlaməti ilə qarşılaşırlar. Bu ştamm xüsusən gənclərdə ağır qrip keçirmə hissi yaradır. Bu, indiyədək yayılan ən təsirli mutasiyadır. Bu ştammın əsas xarakterik xüsusiyyətlərindən biri hüceyrələrə sürətlə nüfuz etməsidir. Ancaq vaksinasiyadan keçmiş şəxslərdə virusun hüceyrəyə keçməsinə əngəl olan qalxan formalaşdığı üçün yoluxma ehtimalı azalır.
“Delta” ştammı yayıldığı ölkələrə görə simptom fərqlilikləri göstərə bilir. Ölkələrdən asılı olaraq, bu ştammın mədə ağrısı, ürəkbulanma, iştahsızlıq kimi fərqli simptomları da müşahidə edilir.
Təhlükəli ştamm Azərbaycana qonşu ölkələrdə Türkiyə, Rusiya, Gürcüstan və İranda sürətlə yayılmağa başlayıb. Bu da o deməkdir ki, Delta ştammının Azərbaycan üçün riski qaçılmazdır.
Adil Qeybulla
Adil Qeybulla
Ttanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla “Report”a açıqlamasında bildirib ki, dünyada virusa yoluxma ilə bağlı statistika azalsa da, bir çox ölkələrdə yeni ocaqlar yaranır:
“Hindistan ştammının belə sürətlə yayılması koronavirus infeksiyasında IV mərhələ, yaxud yeni pandemiyanın baş verəcəyi ilə bağlı alimlərin proqnozları var. Azərbaycanda epidemoliloji vəziyyətə gəlincə, 3 milyondan çox vaksin vurulub, insanların çoxunda immunitet formalaşıb. Ancaq yenə də arxayınlaşmaq olmaz. Yeni ştammın Azərbaycanda yayılacağı təqdirdə özünü necə aparacağı barədə fikir irəli sürmək çətindir. Ona görə də insanlar diqqətli olmalıdır”.
Mütəxəssis qeyd edib ki, sosial həyatın ayrı-ayrı sahələrində olan yumşalma tədbirlərə yenidən baxmaq lazımdır: “Situasiyaya uyğun olaraq karantin qaydaları sərtləşdirilə bilər. Ümumilikdə qapalı məkanlarda karantin qaydalarınını tələblərinə ciddi əməl edilməlidir. Delta ştammının özəlliyindən biri də odur ki, uşaqlar arasında da yayılır. Halbuki COVID-19-un uşaqlar arasında gedişatı əlamətsiz idi. Lakin Delta uşaqlarda ciddi xəstəliklər yaradır. Qonşu ölkələrdə yeni ştamm yayıldığından Azərbaycanda da olması yaxud olacağı ehtimalı böyükdür. Delta ştammının sürətlə yayılması böyük narahatlıq doğurur”.
Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hazırda Azərbaycanda koronavirus infeksiyasının müxtəlif ştamlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar aparıldığını vurğulayıb. Qeyd olunub ki, bu günə kimi ölkədə Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb.
Məlumat üçün bildirək ki, bu ilin mart ayında Azərbaycanda “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilmişdi.
Qeyd edək ki, bu günə qədər ölkədə 335 961 nəfər COVID-19-a yoluxub. Onlardan 330 193 nəfəri artıq sağalıb. Ümumilikdə isə virusa yoluxan 4 973 nəfər dünyasını dəyişib.