"Bizə qələbə sevinci yaşatdıqları üçün şanlı ordumuza borcluyuq" - RƏY
Tarix: 25-06-2021, 12:44 | Çap et
"Bizə qələbə sevinci yaşatdıqları üçün şanlı ordumuza borcluyuq" - RƏY

“Azərbaycan xalqı 26 İyun - Silahlı Qüvvələr Gününü böyük qürurla, ruh yüksəkliyi ilə qeyd edir. Azərbaycan Ordusu dövlətimizin və xalqımızın güvənc yeridir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəman əsgər və zabitləri 44 günlük Vətən müharibəsində möhtəşəm zəfər qazanmaqla tarix yazdı”.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə başlanıldı: "Məhz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla iyunun 26-sı Azərbaycan Respublikasının Silahl Qüvvələr Günü elan edildi. Eyni zamanda ulu öndərin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 20 avqust 2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması haqqında imzaladığı fərmanlar heç şübhəsiz bu istiqamətdə əsaslı dönüş yaratdı. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycanda güclü maddi-tədris bazasına, müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstərən, uğurları ölkəmizin sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur".

Deputat bildirib ki, Azərbaycanda 2003-cü ildən etibarən başlayan hərbi quruculuq işləri bu gün də yüksələn xətlə inkişaf edir: "Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən ümummilli liderin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer tutur. Ölkəmizin ötən illərdə dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olundu. İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb".
"Bizə qələbə sevinci yaşatdıqları üçün şanlı ordumuza borcluyuq" - RƏY

F.Yıldırım vurğulayıb ki, Azərbaycanın əzəli dədə-baba torpaqlarının təcavüzkar erməni qəsbkarları tərəfindən 30 ilə yaxıın müddətdə zəbt olunması, beynəlxalq birliyin buna göz yumması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün uzun illərdən bəri yaradılan ATƏT-in Mink qrupunun səmərəsiz fəaliyyəti, münaqişəyə biganə yanaşması problemin diplomatik həllinə imkan vermədi: "Ermənilər mütəmadi atəşkəsi pozur, günahsız insanları qətlə yetirirdi. Ən acınacaqlısı da o idi ki, bütün bunlar beynəlxalq qurumların, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Qarabağın ona aid olduğunu birmənalı şəkildə təsdiqləyən dünya dövlətlərinin gözü qarşısında baş versə də, onlar tərəfdən laqeydlik, susqunluq müşahidə olunurdu. Azərbaycanın dövlət başçısı çox böyük səbir nümayiş etdirərək gözlədi və haqq-ədalətin gec-tez yerini tapacağına ümid bəslədi. Amma qarşı tərəf öz aqressiv mövqeyi ilə sülhə getmək fikrində olmadığını nümayiş etdirirdi. Ötən il sentyabrın 27-də Prezident İlham Əliyev xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrimizi, dinc sakinlərimizi atəşə məruz qoyması haqqında məlumat verdi. Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Tarixin səhifələrində “Vətən müharibəsi”, “İkinci Qarabağ müharibəsi”, “Dəmir yumruq” əməliyyati kimi yer alan müharibə çox uzun sürmədi. 44 gün ərzində xalqla dövlətin sarsılmaz birliyinin, Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan müharibə erməni işğalçılarının uzun illərdən bəri ölkəmizin müdafiə gücünün yoxluğu, ordusunun zəif olması ilə bağlı apardıqları əks təbliğatlara son qoymuş oldu. Azərbaycan dövləti özünün ərazi bütövlüyünü qısa müddətdə bərpa etməklə nəinki ermənilərə, o cümlədən bütün dünyaya hansı gücə qadir olduğumuzu sübut etdi".

"Bu gün Azərbaycanda hər kəs xoş ovqatla, böyük sevinclə qələbə sevincini yaşayır və keçmiş məcburi köçkünlər doğma yurdlarına dönəcəyi günü səbirsizliklə gözləyirlər. Bizə qələbə sevinci yaşatdıqları üçün şanlı ordumuzun qəhərman əsgərlərinə, şəhidlərimizə və qazilərimizə borcluyuq. Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş qabiliyyəti dünyanın müasir hərb elmində bir yenilik oldu. Təsadüfi deyil ki, dünyanın bir sıra hərbi mərkəzlərində Azərbaycan Ordusunun tətbiq etdiyi hərbi strategiya öyrənilir. Azərbaycan xalqı olaraq qürur duyuruq ki, belə güclü, müzəffər ordumuz var. 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçilərimizi ürəkdən təbrik edirəm, onlara şərəfli peşələrində daim uğurlar arzulayıram!”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net