"Bizim 10 milli parkımız var. Kənd həyatını istisna etməklə digər fəaliyyətlər elə milli parkların ərazisində baş verməlidir. Amma əfsuslar olsun ki, infrastruktur çox zəifdir"
"Açıq etiraf edək ki, biz son illərdə daxili turizmə deyil, gəlmə turizmə daha çox maraq göstərmişik. Daxili turizmi də yaddan çıxartmaq olmaz. Çünki bu yerli əhalinin rifahıdır. Son illərdə biz bunları unutmuşduq, daxili turizmdə bir ləngimə yaranmışdı. Artıq dövlət qurumları da daxili turizmə diqqəti artırmaq üçün müəyyən addımlar atmağa hazırlaşır. Biz isə bu haqda çoxdan danışırdıq". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "DAİR" Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi deyib.
Artıq yay mövsümünün başlanmasına az müddət qalıb. "Ötən ildən fərqli olaraq yayda daxili turizmdən gəlir əldə etmək üçün nə kimi addımlar atmaq olar?" sualına cavab olaraq Samir Dübəndi təkliflərini səsləndirib: "Qobustanda palçıq vulkanları ərazisində yeni kompleksin təməli qoyuldu ki, bu həm xarici, həm də daxili turizm üçün töhfələr verəcək. Eyni zamanda da yaşıl turizmi inkişaf etdirmək lazımdır. Pandemiya dövründə insan sağlamlığının hər şeydən vacibliyi bir daha sübuta yetirildi. Açıq havada olan fəaliyyətlər, idman turizmi, aktiv, ekstrim turizmi də bu baxımdan faydalı hesab etmək olar. Belə turlar sağlamlıqla yanaşı, həm də müəyyən biliklərin əldə edilməsinə, təcrübələrə yiyələnməyə səbəb ola bilər. Kənd turizminə də diqqət çəkmək olar. Yəni, aqrar fəaliyyətlərdə də turizm imkanlarını genişləndirmək olar. Ev heyvanlarına baxım, biçim, məhsul yığımı, yaxud da hansısa məhsulun hazırlanma, emalı prosesində iştirak etməklə də fərqli turizm imkanları yaratmaq mümkündür. Bizim 10 milli parkımız var. Kənd həyatını istisna etməklə digər fəaliyyətlər elə milli parkların ərazisində baş verməlidir. Amma əfsuslar olsun ki, infrastruktur çox zəifdir".
"Biz 2019-cu ilin dekabrında Azərbaycan Ekoturizm Assosiasiyasını əbəs yerə yaratmamışıq. Bu fəaliyyət növlərinə diqqət yetirməyin zamanı çatıb. Onların turistlər üçün elektron xəritələri, düşərgələri belə, yoxdur. Cığırlar, marşrutlar çox zəifdir. Bütün bunlar yoxlanılmalıdır, baxılmalıdır. Çalışırıq ki, bu sahənin perspektivini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çatdıra və əməkdaşlıq qura bilək", - deyə o əlavə edib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, ölkəmizdə beynəlxalq sertifikat almış dağ turizm marşrutları üzrə bələdçilər yoxdur: "Müxtəlif çətinlik dərəcəsi olan zirvələrimizin olmasına baxmayaraq, ölkədə belə dağ bələdçilərinin olmaması problemi var".
O bildirir ki, iyunda Bakıda "Formula 1" yarışının keçirilməsi də turizm bazarının canlanmasına gətirib çıxaracaq.