Baş Klinik Hospitalda DÜŞMƏN MÜNASİBƏTİ - əsirlikdən qayıtmış könüllü prezidentə müraciət etdi
"İynə vurdururam, ağrılarım keyiyir, gedirəm "Papanin" xəstəxanasına. Allaha and olsun, çox əziyyət çəkirəm. Həkimlərə deyirəm ki, sənədlərimlə bağlı nə deyirsiniz? Deyirlər ki, sən yararlısan. Deyirəm axı necə yararlıyam?! Yararlıyamsa, o zaman mənə necə orta-ağır diaqnozu ilə 2 min 700 manat pul verildi? Durub üzümə baxırlar. Məni göndərirlər psixoloqun yanına, deyirəm, ay kişi, mən dəli deyiləm. Deyirəm ki, necə ola bilər ki, mənim sənədlərim psixoloqun otağından çıxır, axı mən dəli deyiləm".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında 44 günlük Vətən müharibəsindən sonra ermənilərə əsir düşən və əsirlikdən qayıtmış Bayram Kərimov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında onun səhhətinə diqqətsiz yanaşılması ilə bağlı danışarkən deyib.
O, ayağındakı problemlə əlaqədar olaraq yeriyə, qaça bilmədiyini söyləyir: "Məni Nevropatologiya şöbəsinin rəisinin yanına göndərirlər. Həkim deyir ki, səni mənim yanıma niyə göndəriblər, mən beyinə baxıram, ayağa yox. Sümüklərimə o qədər iynə batırıblar ki, yeri sızıldayır. Sol ayağımı yandırıblar, ayağımı toka veriblər. İnanın həkimlərin diqqətsizliyindən əsəb keçirirəm. Deyirlər ki, sən yararlısan. Deyirəm, yəni, ermənilərin əlinə düşmüşəm, mənə heç nə etməyiblər, balla yağ veriblər?! Deyirəm ki, mən necə yararlı ola bilərəm ki, maşın yolunu belə keçə bilmirəm, axsayıram. Qorxuram ki, bu dəqiqə maşın məni vuracaq. Artıq o xəstəxananı məhkəməyə vermişəm".
B.Kərimov ona laqeyd yanaşan həkimlərin adını bilmədiyini deyib:
"Həkimlərin adlarını bilmirəm. Hər gün biri kürsüdə oturur. O onun yanına göndərir, bu bunun yanına göndərir. Deyirəm ki, mənə iynə-dərman yazın, müalicə olunum. 3 dəfə məni rentgen etdiriblər, amma oranın cərrahı heç mənim əməliyyatıma diaqnoz qoya bilmir. Allah uzaq eləsin, kimsə mənim çəkdiyimi çəkməsin. Allaha şükür ki, bütün dünya erməni vəhşiliyinin nə olduğunu yaxşı bilir. Hamı bilir ki, insan onların əllərinə düşəndə nə hallara qalır. Şərəfsiz ermənilər qarnıma 14 tikiş atdılar, məni narkoz vermədən əməliyyat etdilər. Ölüb ölümdən qayıdırdım, indi də bunun əziyyətini çəkirəm. Sol gözümədək çıxartmaq istədilər. 10 faizədək sol gözümdə görmə yoxdur. Eynək yazıblar, amma əsəblərim gərginləşir deyə eynək də taxa bilmirəm".
"Hazırda əməliyyat olunmaq istəmirəm, heç kəsə inamım qalmayıb", - deyə o, əlavə edib.
B.Kərimov deyir ki, ona əlillik dərəcəsi da verilməyib: "Xəstəxanadan nə mənə əlillik dərəcəsi verilir, nə də müraciətlərimizə baxılır. Dünən nazirlikdən zəng etdilər, getdim. Abbas müəllim deyir ki, şikayətin nədəndir, dedim sənədimi qanuni olaraq yazın, verin, gedib başqa həkimlərin yanına müalicə olunum".
B.Kərimov "YAŞAT" Fonduna müraciətindən də danışıb: "YAŞAT" Fondu mənim banka olan borcumu bağladı. Onlardan narazılığım yoxdur. Hələ ki, onlara müraciət etmirəm. Çünki bir adam ora altı aydan bir müraciət edə bilər. Ona görə də heç nə demirəm. İnanın elə həddə çatmışam, artıq yaşamaq istəmirəm. İstəyirəm ki, cənab prezident bütün bunları bilsin. Bütün bunları ondan gizlədirlər. O, çox gözəl insandır. Onun sayəsində bu gün vətənimdəyəm".
Xatırladaq ki, Bayram Kərimov 11 noyabr tarixində ermənilərə əsir düşüb, 14 dekabrda əsirlikdən qayıdıb.
Qeyd edək ki, B.Kərimovun şikayəti ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Suallara cavab tapmaq üçün nazirliyin rəsmi elektron poçtuna yazılı olaraq sorğu ilə müraciət etmişik. Müraciətə cavab veriləcəyi təqdirdə onu da oxuculara təqdim edəcəyik.