Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev uşaqlar arasında koronavirus infeksiyasının gedişatı barədə müsahibə verib.
"Report" müsahibəni təqdim edir:
- Uşaqlar COVID-19 virusunu necə keçirdir?
- 1 il 4 aydan artıq müddətdə davam edən COVID-19 infeksiyası zamanı aparılan müşahidələr göstərir ki, böyüklərlə müqayisədə uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər. Müqayisə üçün qeyd etmək olar ki, uşaqlarda bu infeksiyadan baş verən fəsadlar və ölüm hadisələri böyüklərdən yüz dəfəyə qədər az rast gəlinir. Lakin onu da qeyd etmək lazımdır ki, bu vəziyyət uşaqlara göstərilən diqqət və qayğının azalmasına heç bir əsas vermir. Nadir hallarda da olsa uşaqlarda çox ağır fəsadlar və ölüm hadisələri müşahidə edilir.
- Uşaqlarda adətən rast gəlinən əlamətlər hansıdır?
- Uşaqlarda bu xəstəliyin əlamətləri bir qayda olaraq hərarətin yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, qusma və ishalla müşayət olunur. Uşaqlarda böyüklərdə göründüyü kimi atipik pnevmoniyanın inkişafı nadir hallarda baş verir.
Nəsib Quliyev
Nəsib Quliyev
- Böyüklərlə müqayisədə bəzən uşaqlarda yaranmış simptomları təyin etmək daha çətin olur. Valideynlər nəyə diqqət etməlidir?
- Bu deyilənləri tibb işçiləri ilə bərabər valideynlər də nəzərdə saxlamalıdırlar. Belə hallar müşahidə olunan uşaqlar vaxt itirmədən uşaq həkiminə və ya uşaq infeksionistinə göstərilməlidir. Onu da yadda saxlamaq lazımdır ki, yüngül əlamətlərin görülməsinə baxmayaraq uşaqlar ətrafdakılar üçün həmişə yoluxma təhlükəsi yaradırlar. Ona görə də uşaqlara qarşı daha da diqqətli olmaq lazımdır.
- Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir?
- COVID-19 xəstəliyi immun çatışmazlığı, xronik xəstəliyi, şiş xəstəliyi olan, inkişafdan geri qalmış uşaqlar üçün daha təhlükəlidir. Valideynlər və uşaq həkimləri uşaqların düzgün və keyfiyyətli qidalandırılması (vitaminlərlə zəngin meyvə-tərəvəzlər daxil olmaqla), mövsümə uyğun geyindirilməsi, mümkün olan bütün hallarda açıq havada gəzdirilməsi və xəstəlik şübhəsi olanlarla təmasdan uzaq olmasına diqqət yetirməlidir.