"Dövlət qurumu vətəndaşdan diplomun notarial qaydada təsdiqlənmiş variantının elektron versiyasını öz sisteminə yükləməyi tələb edir. Yəni vətəndaş onun haqqında dövlət qurumunda - Təhsil Nazirliyində olan bir məlumatın doğruluğunu hansısa bir dövlət qurumuna sübut etmək üçün yenidən başqa bir dövlət qurumuna - Ədliyyə Nazirliyinə getməlidir. Ödəniş edərək onu təsdiqlətməlidir, "scan” versiyasını hazırlamalıdır və nəhayət dövlət qurumunun informasiya sisteminə yükləməlidir”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, problem Azərbaycanın indiki inkişaf mərhələsi üçün olduqca xoşagəlməz, təəssüf doğuran və izahı olmayan bir vəziyyətdir:
"Təhsil Nazirliyi son illərdə bir neçə uğurlu, faydalı rəqəmsal həllər hazırlayıb. Elektron Hökumət Portalına diqqət yetirdikdə bəzi elektron xidmətlərin yalnız adlarını görmək olur, xidmətin özü aktiv deyil. Ümumiyyətlə, belə müşahidə etmək olur ki, nazirliyin bir neçə aktiv elektron xidməti Portala inteqrasiya olunmadan ayrı bir resurs üzərindən təqdim olnur. Onda sual ounur ki, portal nə üçün lazımdır ? Maraqlıdır ki, Təhsil nazirliyinin diplomlarla bağlı "Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması” xidməti də yarımçıq bir vəziyyətdədir. Sistem yalnız 2011-2017-ci illər üzrə diplomları yoxlamağa imkan verir. Heç bir quruma inteqrasiya indiyədək baş tutmayıb”.
O.Gündüz diplom bazası ilə bağlı 5 il bundan öncə də durumun təxminən bu vəziyyətdə olduğunu vurğulayıb:
"Görəsən ötən 5 il müddətində nazirlik bu bazanı yeniləyə bilməyibmi ? Nə üçün universitetlərə bu haqda tapşırıqlar verilməyib ? Dəqiq xatırlayıram ki, bir universitet özünün 4-5 illik diplom bazasını nazirliyin sisteminə cəmi bir-iki ay ərzində yükləyə bimişdi. Belə olan halda, ötən 5 il ərzində ali təhsil müəssisələrində oflayn formada mövcud olan diplom bazasının Təhsil nazirliyinə inteqrasiyasının indiyədək baş tutmaması təəssüf və təəccüb doğurur”.
Ekspert bildirib ki, nazirlik tez bir zamanda diplom bazasını qaydaya salmalı, rəqəmsallaşdırmalı və FİN-ə bağlanmalıdır:
"Bu bazanı "eGov” və "myGov” Portalına, DİM-in sisteminə, təhsil müəssisələrinə inteqrasiya etməlidir. Nazirlik bu bazadan istifadə üçün dövlət və özəl müəssisələrə, universitetlərə servislər təqdim etməlidir ki, bu qurumlar vətəndaşdan diplomu və ya onun notarial təsdiqini tələb etməsin, vətəndaşın FİN nömrəsinə görə onun diplomunu tanıya bilsinlər. Bununla həm də saxta diplom problemini birdəfəlik həll etmək olardı.
Bir müddət öncə Təhsil haqqında qanunvericiliyə də dəyişikliklər edilib. Artıq kağız formada diplomlar vermək qadağan olunub, diplomlar yalnız elektron formada olacaq. Bu baxınmdan Təhsil nazirliyinin öz informasiya sistemlərini tez bir zamanda buna hazırlaması, diplomların vahid bazaya toplanması üçün universitetlərə ciddi tapşırıq verməsi və inteqrasiya proseslərinə başlaması çox vacibdir”.