Afaq Əliyeva: “Hər kəs başa düşməlidir ki, virusa görə bayramda qonaq getməməlidir”
Tarix: 6-03-2021, 10:44 | Çap et
Afaq Əliyeva: “Hər kəs başa düşməlidir ki, virusa görə bayramda qonaq getməməlidir”
“Son vaxtlar koronavirusa yoluxma sayı artıb. Gündəlik yoluxma sayı 300-ü keçib”.

Bunu APA-ya açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.

O bildirib ki, ailədaxili və ictimai nəqliyyatda yoluxma daha çoxdur: “Son vaxtlar az da olsa, təhsil müəssisələrində şagirdlər və müəllimlər arasında yoluxma halları var. Əsasən nəqliyyatda yoluxma daha çoxdur. Bildiyiniz kimi, yanvarın 18-dən Azərbaycanda vaksinasiya prosesinə başlanılıb. Artıq əksər tibb işçilərinə ikinci doza peyvənd vurulub. Hesab edirəm ki, qısa zamanda əhali arasında COVID-19-a qarşı kollektiv immunitet yaranar, bu da xəstəliyin artımının müəyyən qədər qarşısını alar. Odur ki, vaksinasiya prosesində aktiv iştirak edib, peyvənd vurdurmaq lazımdır”.

A. Əliyevanın sözlərinə görə, daim təbliğat işləri aparılır, insanlar maskadan istifadə etməli, sosial məsafəni gözləməli, gigiyena qaydalarına əməl etməlidirlər: “İndi əhalinin böyük qismi maskadan istifadə edir, karantin qaydalarına riayət edir. Mənə elə gəlir ki, bayram günlərində təbliğat bir az da gücləndirilməlidir. İnsanlar xəstəliyin nə qədər ağır olduğunu bilirlər. Mənə elə gəlir ki, yoluxma sayında böyük artım olmaz, çünki insanların bu barədə informasiyası çoxdur. Əhali arasında poliklinikalara müraciət edərək peyvənd olunmaq istəyənlər də çoxdur. İnsanlar xəstəliyin nə qədər ağır, xəstəlikdən qorunmağın vacib olduğunu başa düşür və özlərini qorumağa çalışırlar. Ümid edək ki, bayram günlərində də karantin qaydalarına əməl olunar, xəstəlik o qədər də artmaz”.

Həkim bildirib ki, insanların çoxu qaydalara əməl edir, bununla belə bəziləri qaydaları pozur, maskanı doğru taxmır, sosial məsafəni gözləmir: “Hələlik karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur. Çünki bayram günlərində insanlar evdə olacaq, kollektivlərdən bir qədər uzaqlaşacaqlar. Xəstəliyə yoluxmanın iş yerlərində, məktəbdə, kollektivdə yayılması dayanacaq. Yoluxma sayı azalmasa da, artmaya da səbəb olmayacaq. Ailədaxili yoluxmalar çoxdur, hər bir insan başa düşməlidir ki, bayramda qonaq getməməli, mümkün qədər az gediş-gəliş olmalıdır. Başa düşürük ki, Azərbaycanda bayramda hər kəs bayramlaşmaq istəyir, amma bu dövrdə hamı daha çox özünü qorumaq barədə düşünməlidir. Hesab edirəm ki, aparılan böyük peyvəndləmə prosesindən sonra, isti ayların gəlməsi ilə iş, sinif otaqlarında, evlərdə havanın dəyişdirilməsi, ən əsası peyvənd olunanların sayının daha da artması vəziyyəti yaxşılaşdıracaq”.

Direktor müavini bildirib ki, təxminən aprel ayına insanlarda koronavirusa qarşı kollektiv immun yarana bilər.

A. Əliyeva insanlarda koronavirusa qarşı immunitetin yaranıb-yaranmadığının kütləvi yoxlanmasının hələlik nəzərdə tutulmadığını deyib: “Amma hər kəs ikinci doza peyvəndi vurdurduqdan təxminən 2 həftə sonra istənilən laboratoriyaya yaxınlaşaraq onda xəstəliyə qarşı antitellərin yaranıb-yaranmadığını yoxlatdıra bilər”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net