Fevralın 10-dan start verilən direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində 900-dən çox namizəd qeydiyyatdan keçib. Təhsil Nazirliyindən verilən məlumata görə, 2020-ci ilin 28 sentyabr - 5 oktyabr tarixlərində keçirilən elektron sənəd qəbulu mərhələsinin nəticələri nəzərə alınmaqla, ümumilikdə 4200-dən çox namizəd direktor olmaq üçün müraciət edib. Fevral ayının 19-da direktorların işə qəbulu üzrə ilk elektron sınaq imtahanı keçiriləcək.
Mövzu ilə bağlı "Şərq"ə danışan təhsil eksperti Nabatəli Qulamoğlu vurğulayıb ki, müəllimlərin işə qəbulu sistemi keçmiş təhsil naziri Mikayıl Cabbarovun vaxtından tətbiq edilməyə başlayıb. Ekspertin sözlərinə görə, bu da müəllim və direktorların işə qəbulunda müəyyən qədər yeniliklər yaradıb:
"2016-cı ildə qəbul edilən yeni qərara əsasən, keçmiş Təhsil naziri Mikayıl Cabbarov yaxşı müəllimləri az da olsa toplaya bildi. Halbuki, hələ də sertifikasiya qalır. Yəni savadsız müəllimlər məktəblərdə kifayət qədər doludur. Deyərdim ki, savadsız müəllimlərin sayı məktəblərdə hələ də 70 faizdən çoxdur".
Təhsil eksperti qeyd edib ki, etiraf etmək lazımdır ki, Mikayıl Cabbarov təhsil sistemində müəyyən qədər dönüş yaratdı:
"2016-cı ildə müəllimlərdən sonra direktorların işə qəbuluna dair əmr imzaladı. İmzaladığı əmrlə əvvəl müəllimlər imtahan verirdi. Təbii ki, imtahana sənəd vermək üçün də müəyyən şərtlər qoyulurdu. Məsələn, əgər 5 il stajı varsa, əlbəttə, onu direktor təyin eləmək olar. İmtahanın birinci mərhələsində təşkilatçılığa dair suallar olurdu. Vəzifəsini icra eləmək üçün onların potensialının olub-olmaması yoxlanılırdı. Lakin sonralar müsahibə mərhələsində icra başçıları işə qoşuldular. İmtahan vermək istəyənlər Təhsil Şöbəsinin icazəsi ilə gəlməli idi.
Bu da təbii ki, korrupsiya hallarına şərait yaradırdı. 2018-ci ildə bu qərara yenidən dəyişikliklər edildi. Ümumiyyətlə, hesab edirəm ki, direktor təyin olunmamalıdır".