Vaqif Əsədov: “Yolun ikinci cərgəsində avtobus saxlamaq ... ”
Tarix: 4-02-2021, 17:31 | Çap et
Vaqif Əsədov: “Yolun ikinci cərgəsində avtobus saxlamaq ... ”

Taksi fəaliyyəti ilə məşğul olan sürücülər, eləcə də avtobus sürücüləri sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək məqsədilə müvafiq qaydalara ciddi riayət etməlidirlər.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrində “Taksi” tanınma nişanları olmalıdır:

“Eyni zamanda “Taksi” tanınma nişanları avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təchiz olunmalı, onun salonunda taksometr, sürücünün adı, soyadı, fotoşəkili və daşıyıcının adı, ünvanı, telefon nömrəsi barədə məlumat lövhəsi yerləşdirilməlidir. Taksi sürücüləri sərnişinləri düşürən zaman dayanma durma qadağan olunmayan yerdə dayanmalı, sifariş gözləyərkən isə 5.14 nişanı ilə işarələnmiş taksi duracaqlarında durmalıdırlar. Taksi duracağı ilə işarələnməmiş yerdə dayanıb sifariş gözləmək qanunvericiliklə qadağandır.

O cümlədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər bu tələblərlə yanaşı sərnişin daşıma üçün xüsusi icazə sənədinin də (fərqlənmə nişanının) qaydasında olmasına nəzarət etməlidir”.

Vaqif Əsədov həmçinin avtobus sürücülərinə səslənərək bildirib ki, sərnişinlərin daşınması və onların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yalnız xüsusi ayrılmış avtobus dayanacaqlarında dayansınlar:

“Yolun hərəkət hissəsinin ikinci cərgəsində avtobusun saxlanılması təbii ki, yolun daralmasına və arxadan gələn avtomobil sürücülərinin hərəkətinə maneə yaradır. Ona görə də hərəkət iştirakçılarına maneə yaratmamaq üçün qanunvericiliyin tələblərinə riayət etmək lazımdır”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net