Düşmənin Qazax təxribatına cavabımız on dəfə artıq olmalıdır - Əks halda...
Tarix: 3-02-2021, 08:26 | Çap et
Düşmənin Qazax təxribatına cavabımız on dəfə artıq olmalıdır - Əks halda...

Bir müddət səssizlikdən sonra Ermənistan tərəfi növbəti təxribata əl atıb. Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, fevralın 2-si səhər saatlarında erməni silahlı birləşmələri Azərbaycanla sərhədin Qazax rayonu Aşağı Əskipara kəndindəki mövqelərimizi pulemyot silahlardan atəşə tutublar. Məlumdur ki, 44 günlük müharibə Azərbaycan Ordusunun tarixi zəfəri ilə başa çatsa da, Ermənistanla Azərbaycan arasında faktiki sülh müqaviləsi yoxdur. Bu mənada erməni tərəfinin dövlət sərhədində provokasiyaya cəhd etmə ehtimalı var idi. Həmçinin, Ermənistanda güclənən revanşizm siyasəti cəbhədə bu kimi insidentlərin yaşanması ilə müşahidə oluna bilərdi.

Ancaq istənilən halda hesab edilir ki, Azərbaycan tərəfi düşmənin bütün təxribatçı və aqressiv hərəkətlərinə dərhal cavab verməlidir. Çünki Ermənistanın məhz Qazax istiqamətində atəşkəsi pozması ciddi təxribatdır və məqsəd işğal altında olan yeddi kəndi Azərbaycana verməməkdir. Lakin o da vurğulanır ki, Baş nazir Nikol Paşinyan dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası prosesində praqmatik siyasət ortaya qoyur.

Zəngəzur və Kəlbəcərdə demək olar ki, sərhədlər müəyyən edilib. İndiki halda atəşkəsin pozulması ilk növbədə Paşinyana qarşı siyasi təxribatın tərkib hissəsi olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin qarşısının alınmasına yönələ bilər.

Görünür, Ermənistan ordusunda Paşinyanın sərhəd məsələlərində tutduğu mövqeyə kəskin etirazlar da var. Ancaq o məsələ də gün kimi aydındır ki, hazırda Ermənistan ordusunun Azərbaycana qarşı yenidən müharibə etmək gücü yoxdur.

Ermənistanın təxribatçı addımlarına Rusiyanın siyasi şərhçiləri də münasibət bildirirlər. Rusiyalı politoloq Yevgeni Mixaylov deyib ki, atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması yeni müharibənin qızışdırılmasına yönəlmiş planlı aksiyadır. Onun sözlərinə görə, Qazax istiqamətində Azərbaycan postunun atəşə tutulması ilə bağlı hadisəni beynəlxalq sülhməramlı iştirakçılar, yəni Rusiya və Türkiyə qiymətləndirməlidir: “Görünür, Ermənistan silahlı qüvvələrində döyüş əməliyyatlarının dayandırılmasına dair razılaşmanın imzalanmasından sonra başlayan prosesləri bəyənməyən yüksək vəzifəli şəxslər var və onlar ölkəyə dinc həyat gətirməyə çalışan Baş nazir Nikol Paşinyanı gözdən salmağa çalışırlar. Hər halda, mövcud münaqişə vəziyyətini sərt şəkildə dayandırmaq və rəsmi İrəvandan izahat və üzr tələb etmək lazımdır”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Şərq”ə açıqlamasında deyib ki, ermənilər məğlubiyyət şoku yaşadıqları üçün atdıqları addımları sağlam məntiqlə dəyərləndirmək mümkün deyil. Partiya rəhbərinin sözlərinə görə, Ermənistan rəsmiləri Azərbaycana yönəlik sərsəm ifadələr səsləndirməklə, eyni zamanda sərhəddə atəşkəsi pozmaqla bir növ özlərinə təsəlli verirlər:

“Ermənistan daxilində müəyyən qüvvələr var ki, ölkəni yenidən müharibəyə cəlb etməklə hakimiyyət dəyişikliyinə nail olmaq istəyirlər. Düşmən ölkə 44 günlük müharibədə ağır məğlubiyyətə düçar olsa da, Paşinyanın hakimiyyətdən devrilməsi baş vermədi. Görünür, yeni münaqişə yaratmaqla daha ağır uğursuzluq fonunda Paşinyanı yola salmaq niyyətindədirlər. Ermənilərin hansı məqsədlə təxribat törətməsindən asılı olmayaraq, Azərbaycanın cavabı on qat artıq olmalıdır. On qat cavab deyəndə, “bir gülləyə on güllə atılmasını” nəzərdə tutmuram. Düşmənin təxribatına siyasi və hərbi yöndə geniş miqyasda elə reaksiya verilməlidir ki, ermənilər sərhəddə təkrar insidenti ağıllarından keçirtməsinlər”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da “Şərq”ə bildirib ki, Ermənistanın hərəkətlərini şərh etmək çətindir. QAT rəhbəri vurğulayıb ki, bir tərəfdən Moskvada üçtərəfli görüşlərdə iştirak edən ermənilər digər tərəfdən Qarabağda yol kəsir, Xankəndinə azərbaycanlıların qayıtmasına imkan verməyəcəklərini iddia edir, separatizmi yenidən dirçəltməyə can atırlar:

“Düşmən ölkədən məntiqli addım gözləmək əbəsdir. Ermənilər Vətən müharibəsinin şokunu üzərlərindən ata bilməyiblər. Hər tərəfdən zərbə alan, Azərbaycana məğlub olduqdan sonra müttəfiqləri Rusiyadan, İrandan, ABŞ və Avropa ölkələrindən də şillə yeyən Ermənistan çıxılmaz vəziyyətə düşüb. Qeyri-rəsmi məlumatlara görə, ermənilər işğal etdikləri Qazax rayonunun 7 kəndini yavaş-yavaş boşaltmağa başlayıblar. Ola bilsin, bu prosesə mane olmaq üçün atəşkəsi pozublar”.

A.Nağı vurğulayıb ki, Azərbaycanın qələbəsindən sonra Ermənistan hakimiyyətində dərin böhran müşahidə olunur:

“Mövqelərimizin atəşə tutulması hakimiyyət hərc-mərcliyindən doğan bir göstəriş ola bilər. Hökumət ölkədə və orduda gedən proseslərə nəzarət etmək gücündə deyil. Baş nazir Nikol Paşinyan parlamentdə iddia edir ki, Şuşa ermənilərin ola bilməz. Amma ondan sonra çıxış edən xarici işlər naziri Şuşanın “erməni şəhəri” olduğunu söyləyir. Yəni demək istəyirəm ki, ordu içində müəyyən qruplar da özbaşına addımlar ata bilərlər”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net