Ermənistan atəşkəsi niyə pozdu? – “”Qarabağ klanı”nın Paşinyana qarşı təxribatıdır”
Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətə uğradı.
Azərbaycan işğal altındakı torpaqlarını hərbi əməliyyatlarla azad etdi və nəticədə Ermənistan 10 noyabr bəyanatına imza atmaq məcburiyyətində qaldı.
10 noyabr bəyanatından sonra bölgədə hərbi əməliyyatlar dayandırıldı və Ermənistan təslimçi sülhə tabe olmağa məcbur oldu.
Bu günlərdə isə Ermənistan yenidən təxribata əl atıb. Belə ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, Ermənistan Qazax istiqamətində atəşkəs rejimi pozub.
Qeyd olunub ki, fevralın 2-də saat 05:00 radələrində Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.
Ermənistanın bu təxribatının arxasında nə dayanır? 44 günlük müharibədən məğlub çıxan Ermənistan yenidən müharibə istəyir?
Politoloq Qabil Hüseynli məsələni Cebhe.info-ya şərh edib.
Politoloq hesab edir ki, bu, Baş nazir Nikol Paşinyana qarşı olan qüvvələrin törətdiyi təxribatdır:
“Ermənistanın sabiq prezidentləri Serj Sarkisyanın və Köçəryanın adamları ordu içərisində kifayət qədərdir. Onlar hər vasitə ilə Azərbaycanı provokasiyaya çəkmək istəyirlər. Bunu Qazax istiqamətində ona görə edirlər ki, KTMT-nin də məsələlərə qarışmaq imkanı olsun. Ermənilər dinc durmayacaq, amma bu onlar üçün ağır olacaq. Baş verən insident araşdırılacaq və həmin adamların kimliyi və hansı səbəbdən bunu etdikləri aydınlaşdırılacaq. Düşünürəm ki, təhlükəli presidentdir, amma Ermənistanda daxili proseslərdən qaynaqlanan və mərkəzi hakimiyyətə tabe olmaq istəməyən qüvvələrin əməlləri olduğuna şübhə etmirəm”.