"Prezident yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirini qəbul edəndə bir çox hallarda tapşırıqlarının icra olunmadığını, gec icra olunduğunu bildirib. Bəs dövlət başçısının tapşırığına əməl etməyənlər kimlərdir?" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Daha sonra məqalədə bildirilir: "Prezidentin tapşırıqları normativ hüquqi aktlar sayılır və fərman və sərəncamlar şəklində verilir. Bu baxımdan, ilk növbədə, hansı aktların icra olunmadığını müəyyən etmək qalır. Prezidentin Azərbaycan Respublikasının ərazi bütövlüyünü və Konstitusiya quruluşunu müdafiə edərkən əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələri barədə imzaladığı 25.01.2021 tarixli sərəncam 2014-cü ilin yanvarın 1-dən mənzil qeydiyyatında olan həmin kateqoriyadan olan imtiyazlı şəxslərin 2021-2025-ci illər arasında 5 il müddətinə mənzillə təmin edilmələri haqqındadır. Bu sərəncamda 44 günlük Vətən savaşında əlil və şəhid olanların ailələrinin də, hansı ildə mənzil qeydiyyatına alınmalarından asılı olmayaraq Çernobıl əlillərinin də 5 il ərzində mənzillə təmin olunmaları təsbit olunub.
Diqqətçəkən məqam odur ki, 2014-cü ilin yanvarın 1-ə kimi mənzil növbəsinə dayananların hamısı hələ də mənzillə təmin olunmayıb. Belə ki, Prezidentin 20.06.2014 tarixli 569 saylı Sərəncamına əsasən 2014-cü ilin yanvarın 1-ə kimi mənzil növbəsinə götürülən Qarabağ əlilləri və şəhid ailələri 2014-2018-ci illər ərzində, yəni 5 il müddətinə mənzillə təmin olunmalı idilər. Lakin Prezidentin tapşırığına əməl edilməyib . Əksinə, ƏƏSMN həmin sərəncamı 19.01.2019 tarixində dəyişdirdərək Prezidentin tapşırığının icra tarixini 2028-ci ilə kimi, yəni 10 il uzadıb. Başqa sözlə, Prezidentin tapşırığını icra etməyən nazirliklərdən biri ƏƏSMN -dir. ƏƏSMN -in mənzil təminatına təhkim edilən Sosial Xidmətlər Agentliyinin saxta hesabatlarla indiyədək Bakıda yaşayan əlil və şəhid ailələrini mənzilsiz qoyması Prezidentin 25.01.2021 tarixli sərəncamından açıq-aydın görünür. Belə çıxır, prezidentə də yalan məlumat verilib ki, guya 2014-cü ilin 1 yanvarına kimi növbədə duranlar artıq mənzillə təmin olunublar. Əslində isə bu belə deyil və yola saldığımız ildə Bakı şəhərində heç bir əlil -şəhid ailəsinə mənzil verilməyib .
Prezidentin tapşırığını icra etməkdən imtina etmək, yalan məlumat – hesabat vermək isə çox pis nəticələnə bilər".
vertikal.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı təəflərin mövqelərini işıqlandırmağa hazırıq...