"Yanvarın 18-dən, sərt karantin qaydalarının bir qədər yumşaldılmasından sonra tikinti şirkətlərinə yeni mənzillərin alışı ilə bağlı müraciətlərin sayı xeyli artıb. Buna görə də tikinti şirkətləri əvvəlki kimi qiymət endiriminə getmirlər, uzunmüddətli kredit vermirlər. 2021-ci ildən daşınmaz əmlak bazarının yaşayış mənzilləri seqmentində aktivliyin artmasını müşahidə edirik. Dinamika göstərir ki, tam karantin götürüləndən sonra, xüsusən ilin ikinci yarısından bazarın bütün seqmentlərində canlanma olacaq”.
Bunu Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov daşınmaz əmlak bazarındakı vəziyyət və gözləntilərlə bağlı fikirlərini Sfera.az-a açıqlayan zaman bildirib.
E.Azadov dedi ki, 2020-ci ildə daşınmaz əmlak, o cümlədən mənzil bazarında qeydə alınan böhranı, 2021-ci ildə aktivlik, qiymət artımı əvəz edəcək:
"2021-ci ildə xüsusi karantin rejiminin aradan qalxması ilə daşınmaz əmlak bazarında ciddi canlanma gözlənilir. Canlanmaya iqtisadi fəallığın artması və 2020-ci ildə mənzil almaq istəyən, lakin gözləmə mövqeyinə keçən şəxslərin yaradacağı tələb səbəb olacaq. Məsələn, 2020-ci ildə 1000 nəfər mənzil almaq istəyirdisə, onlardan 100 nəfəri ev aldı. Qalan alıcılar ev almaq planını 2021-ci ilə keçirib. Artıq yanvar ayından bunun bazarda alıcılığın artmasına təsir etdiyini görürük. 2021-ci ildə həm yeni alıcılar olacaq, həm də 2020-ci ildən qalan alıcılar da bazara daxil olacaq”.
Ötən il həm satış, həm də icarə və kirayə sahələrində böhran yaşandığını deyən ekspert yalnız bağ evlərinin satışı və kirayəsində canlanmanın qeydə alındığını vurğulayıb:
"Ötən il daşınmaz əmlak sektoruna mənfi təsir daha çox iri şəhərlərdəki kirayə fonduna olub. Kirayə fondunda tələbin zəifləməsi Bakı, Gəncə və Sumqayıt şəhərlərdə özünü qabarıq şəkildə göstərdi. Bu şəhərlərdə çoxlu sayda tələbə təhsil alır. Pandemiya ilə əlaqədar təhsil müəssisələrinin bağlanması kirayə mənzillərə tələbi zəiflətdi. Ümumi yaşayış fondunun təxminən 15 faizini tələbələr istifadə edir. Böyük şəhərlərə tələbə gəlmədiyinə görə mənzillər boş qaldı və kirayə mənzil bazarında qiymətlər 20 faiz nisbətində düşdü.
Böyük şəhərlərdə, xüsusən də Bakıda xarici vətəndaşlara verilən sutkalıq kirayə mənzilləri isə ümumiyyətlə boş qaldı və həmin mənzillər də sutkalıq yox, aylıq kirayə verilməyə başlandı.
Daşınmaz əmlakın qeyri-yaşayış sektorunda isə ən çox zərər və qiymət enməsi ticarət və ictimai iaşə bazarında qeydə alınıb. Burada müxtəlif təyinatlı mağazalar, iaşə obyektlərinin təxminən 15 faizi boşaldı və qiymətlərdə təxminən 20 faiz enmə baş verdi.
Yeni tikilən mənzillərin qiymətlərində tikinti şirkətləri ciddi endirimə getmədilər. Sadəcə, mənzil alanlar üçün kiçik endirimlə oldu və kreditlə satış genişləndirildi.
Köhnə yaşayış mənzil fondunda təcili mənzilini satmaq istəyənlər 10-15 faiz endirmə getdilər.
Lakin daşınmaz əmlak sektoru 2020-ci ilin əvvəlində gözlənilən mühüm zərərlə üzləşməyib. Sektor dayanıqlı oldu, tikinti davam etdi, bərpa-yenidənqurma işləri getdiyinə görə sektor aktiv qaldı. Hətta ilin sonunda bəzi inşaat materiallarında qiymət artımları baş veridi”.
Ekspert onu da bildirib ki, 2020-ci ildə illər boyu kirayə verilə bilməyən bağ evləri, torpaq sahələrinə tələb kəskin artdı. Hətta yay aylarında bağ evlərinin kirayə qiyməti 2 dəfəyə qədər artıb. E.Azadov son 10-15 ildə bağ evlərinə, torpaq sahələrinə belə güclü tələbin yaranmadığını bildirdi.