“Dərmanlar piştaxta altından satılır” – Qıtlıq və bahalaşma!
Tarix: 28-12-2020, 18:13 | Çap et
“Dərmanlar piştaxta altından satılır” – Qıtlıq və bahalaşma!
Millət vəkili Zahid Oruc Parlamentdə gələn ilin dövlət büdcəsi haqqında müzakirə zamanı maraqlı nüanslara toxunub. Deputatın sözlərinə görə, bu il gösərdi ki, icra orqanlarında ciddi problemlər, həmçinin korrupsiya ilə bağlı nöqsanlar var. Parlament üzvü hökuməti bu sahəyə nəzarəti artırmağa çağırıb.

Z.Oruc həmçinin 2021-il üçün səhiyyə xidmətinə 1,4 milyard manat ayrıldığını, bunun yaxşı rəqəm olduğunu deyib:
“Ölkə üçün əsas problem COVİD-19-dur. Bu virus heç bir təbəqədən olan insanlara rəhm etmir. Hər kəs Prezidentin müharibə çağırışına dərhal səs verdi, 44 gün ərzində düşmənlə mübarizə apardı. Arxa cəbhədə olanlar çörəklərini ön cəbhədəkilərlə bölüşdü, beləcə erməni adlı şərə qalib gəldik. Səhiyyə sistemində də belə birlik olmalıdır. Səhiyyə Nazirliyi və TƏBİB-ə güvən aşağıdır. Hesab edirəm ki, müvafiq qurumlar bu istiqamətə nəzarəti gücləndirməlidir. Dərmanların qiymətləri bahadır və bu ciddi problemdir. 40 manata olan “Favipiravi”nin 500 manata satılır. Əslində bu cinayət əməlidir”.

Mövcud durumdan çıxış yolları barədə “Sherg.az”a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda dərman qıtlığı və qiymətləri kifayət qədər həssas mövzulardan biridir. Ekspertin sözlərinə görə, virusun geniş yayılması və xəstə sayının çoxalması səhiyyə ilə bağlı problemləri üzə çıxardı:
“TƏBİB və Səhiyyə Naziliyinin bəzən koordinasiya olunmadan və bir-birilərinin işini tamamlamadan fəaliyyət göstərmələri bu sahədə ciddi islahatlara ehtiyac olduğundan xəbər verir. Bir neçə il öncə dərman bazarının molekul qaydada tənzimlənməsi qərara alındı. Bu qərarın sona qədər yerinə yetirilməsi üçün müvafiq sistem yaradılmadığını görürük. Çünki molekullara uyğunlaşdırılmış tənzimlənən qiymət siyasəti tələb və təklif qaydalarına uyğun deyil. Bu durum bazar oyunçularının sayını daraltdı. Beləliklə, bazarda inhisarçılığın artması baş verdi. Kiçik şirkətlər rəqabətə tab gətirmədilər, bazardan çıxdılar, müflis oldular və ümumiyyətlə, Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar. Bazarda yalnız bir neçə iri şirkət qaldı. Onlar da dominant rol oynamağa və qiymətləri diqtə etməyə başladı”.

İqtisadçının fikrincə, qiymətin tənzimləmə siyasətindən tamamilə əl çəkilməli, qiymət tənzimlənməsinə iqtisadi üsullarla gedilməlidir, dövlət tənzimlənməsi ilə yox:

“Sovet dönəmində də görürdük ki, piştaxta altından hər şey satılırdı, amma piştaxtalarda heç nə yox idi. İndi də eyni durum yaranıb. Müəyyən insanlar apteklərdən kənarda dərmanları baha qiymətə satır, apteklərdə isə bu dərmanlar tapılmır.

Çıxış yolu bazarın liberallaşdırılmasıdır. Yəni bazarda oyunçu sayı artmalı, rəqabətli mühit olmalı, bazara girən oyunçular üçün maneələr aradan qaldırılmalı, lisenziyaların verilməsi tezləşdirilməlidir. Dövlət də qiyməti tənzimləmək üçün gömrük və vergi alətlərindən istifadə etməlidir. İndiki pandemiya şəraitində gömrük rüsumları sıfırlanmalı, əlavə dəyər vergisindən azad edilməlidir.

Dövlətin dərmanlara qiymət qoyması doğru yol deyil. Nəticə etibarı ilə bugünkü vəziyyət yaranır: Qıtlıq və piştaxta altından satış formalaşır. Gömrük və vergi rüsumlarını ən azından 1 il müddətinə sıfırlamaq lazımdır. Belə tənzimləmə olsa, daha yaxşıdır. Bizdə isə ancaq cəza metodundan istifadə etməyə çalışılır.

Bu, düzgün yanaşma deyil. Zor gücü və hansısa cərimələrlə problemlərin qarşısını almaq mümkün olmayacaq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net