“Bu gün yoluxma pik səviyyəyədədir və daha da yüksələcəyi gözlənilir” - Həkimdən əhaliyə XƏBƏRDARLIQ
“Son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq, dörd mini keçməsi payız-qış aylarının gəlişi və havaların soyuması ilə bağlıdır. Mövsümdən asılı olaraq insanların immuniteti zəifləyir və bu da infeksion xəstəliklərə yoluxmağımıza zəmin yaradır”.
Bunu Oxu.Az-a açıqlamasında həkim-infeksionist İlahə Vəliyeva son günlər koronavirusa yoluxmanın artan dinamikasına münasibət bildirərkən deyib.
Həkim bildirib ki, immunitet zəiflədiyi üçün orqanizm infeksion xəstəliklərə qarşı həssaslaşır:
“Digər səbəb pasiyentlərin bu virusa qarşı bir qədər səhlənkar davranması, zamanında həkimə müraciət etməməsidir. Bu faktor ölüm hallarının da artmasına gətirib çıxarır. Bu gün yoluxma pik səviyyəyə çatır, gözlənilir ki, yoluxma sayı daha da yüksələcək. Bu hal, təbii olaraq, səhiyyə sisteminin həddindən artıq yüklənməsinə gətirib çıxaracaq. Lakin düşünmürəm ki, ciddi çətinliklər yaşanacaq. Dövlət bunu nəzərə alaraq çarpayı fondunu, eləcə də, xəstəxanaların sayını, zəruri avadanlıqlarla təminatı həyata keçirir”.
Bu günə qədər COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində görülən tədbirlərin gözlənilən nəticəni verməməsi fikri ilə razılaşmayan həkim qeyd edib ki, yoluxmanın artması insanların ictimai yerlərdə karantin qaydalarına düzgün riayət etməməsindən irəli gəlir:
“Deməzdim ki, tədbirlər gözlənilən nəticəni vermir. Sadəcə olaraq, insanlar çox laqeyddirlər. Gigiyena qaydalarına riayət edilmir, tibbi maskadan təlimatına uyğun şəkildə istifadə olunmur. Sosial məsafə qorunsa, düşünürəm, yoluxmanın dinamikası bu qədər sürətlə artmaz. Çox ümid edirəm ki, SMS icazə sisteminin yenidən aktivləşdirilməsinə ehtiyac qalmaz, bütün hallarda bu da vəziyyəti müvafiq olaraq dəyişə bilər”.
“Ötən dövrlə müqayisədə, bu gün koronavirusla mübarizədə ölkənin səhiyyə sistemi yüklənmiş vəziyyətdədir. Koronavirusun müalicəsində istifadə olunan fibral dərman preparatları olduqca bahalıdır.
Həkim və tibbi personalla bağlı isə onu deyə bilərəm ki, könüllü olaraq koronavirusa yoluxan xəstələrlə işləmək üçün müraciət edən tibb işçilərinin də sayı az deyil. Bu, çox sevindirici haldır. Dərman vasitələrinə olan tələbat da kifayət qədər qarşılanır.
Ümumiyyətlə, koronavirusla mübarizəni tam olaraq dövlətin üzərinə yükləmək olmaz. Fərdi qaydada hər kəs diqqətli olmalı, hər hansı simptom hiss etdikdə gecikmədən həkimə müraciət etməlidirlər”, - deyə İlahə Vəliyeva vurğulayıb.