QƏHRƏMAN ATANIN QƏHRƏMAN OĞLU
Tarix: 27-11-2020, 18:01 | Çap et
QƏHRƏMAN ATANIN QƏHRƏMAN OĞLU

Yaşanılan hər an yaddaşda həkk olmadığı kimi, yaşayan hər insan
da tarixə həkk ola bilmir. Biz bu günümüzdə dünənimizə nəzər saldıqca
əslində bu günümüzə işıq saçan dünənimizdə olan qəhrəmanların
olduğunu görürük. Şücaətləri, qəhrəmanlıqları örnək olan qəhrəmanların
hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var.
Çünki bu günkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti
dildən-dilə düşən əsl qəhrəmanların yolunu örnək götürürlər. Bu vətənin
örnək götürüləcək qəhrəmanları çoxdur. Belə bir qəhrəmanın və onun
davamçısı olan oğlunun ömür yolunu vərəqlədim.
      1959-cu il 20 fevral tarixində Naxçıvan Muxtar Respublikası Babək
rayonunun Cəhri kəndində doğulan Səfərov Qəzənfər Səfərəli oğlu
ömrünü vətən naminə yaşayan qəhrəmanlardan biri idi. Günbəgün
azğınlaşan ermənilərin çirkli nəfslərini Naxçıvana saldıqları l Qarabağ
döyüşlərində bir çox qəhrəman oğullar kimi Qəzənfər Səfərov da vətənin
müdafiəsinə qalxıb. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar
Respublikası Babək rayonunun Buzqov və Kərməçataq kəndləri uğrunda
gedən döyüşlərdə böyük şücaətlər göstərib. Həmin döyüşlər zamanı
yaralanan qəhrəman şəhadətin bir addımlığından dönərək qazi
olub.Qəddi-qaməti, qorxmazlığı ilə Koroğluya bənzəyən qəhrəmana el
arasında Koroğlu deyirmişlər. Vətən sevgisi ucsuz-bucaqsız olan
Qəzənfər Səfərov vətən naminə yaşamaqda qərarlı idi. Bunun üçün də
Polis Akademiyasına daxil olub. Uzun illər polis rəisi kimi fəaliyyət
göstərib. Nə vətəndən nə vətən sevgisindən doymayan Qəzənfər
Səfərov üç oğlunu da bu sevginin işığında böyüdüb. "Vətən sevgisi
qandan gəlir" deyimi əbəs deyilməyib. Bunun bariz nümunəsi Səfərovlar
ailəsinin ikinci övladı Seymur Səfərovdu. Seymur Səfərovun ömür
səhifəsini öz dilindən dinləyərkən bəzən sevinc hissləri yaşadım,
bəzənsə çox duyğulandım.

QƏHRƏMAN ATANIN QƏHRƏMAN OĞLU

      Səfərov Seymur Qəzənfər oğlu ll Qarabağ döyüşlərinin qəhrəman
qazisi. Qəhrəmanımız 1993-cü il 3 iyunda Bakı şəhər Xətai rayonunda
anadan olub. Körpəlikdən ürəyində dərin bir həsrət iz salan Seymur
1999-cu ildə Xətai rayonunda yerləşən 221 N - li məktəbdə təhsil almağa
başlayıb. Atası oğlunun vətən sevgisini, hərbiyə olan həvəsini hiss edib.
Seymur 8-ci sinifdə Naxçıvanskiyə imtahan verib və imtahandan keçməyi

bacarıb. Lakin gözlənilmədən atası dünyasını deyişib. Bu itki Seymuru
dərindən sarsıb və o imtahandan keçsə belə məcburiyyətdən
Naxçıvanskidə oxuya bilməyib. Yenidən oxuduğu məktəbdə təhsilini
davam edən Seymur 2010-cu ildə məktəbi bitirib. 2011-ci il Xətai rayon
Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılıb. Ağdam rayonunda N
saylı hərbi hissədə xidmət edib. Nümunəvi davranışı ilə seçilən əsgər
atıcılarda manqa komandiri vəzifəsində çalışıb. 2012-ci il yanvarın 1-də
xidmətini başa vurub evinə dönüb.
Ailəsinin, doğmalarının çoxu Azərbaycan Respublikasına layiqli xidmət
edən Seymur demək olar ki, böyüklərinin davamçısıdır. O, istər atasının,
istərsə də dayısı Siyavuş Novruzovun, eyni zamanda dayısı oğlu Nəcəf
Novruzovun xalq üçün, Vətən üçün atdığı addımları hər zaman örnək
kimi götürürür. Bu gün gənc nəslin vətənpərvər ruhda tərbiyə
olunmasında mühüm rolu olan Nərimanov Rayon Gənclər və İdman
idarəsinin rəisi Nəcəf Novruzov Seymuru bu yolda daim dəstəkləyir. Bu
gün qohumları, balaca qardaşı Rüfət ətrafında olan dostlarına Seymurun
cəbhədə göstərdiyi sücaətlər haqqında fəxr hissi ilə məlumatlar verirlər.
Bütün gənc nəsil kimi Seymur da Qarabağ dərdi ilə böyümüşdü. Bu dərd
onun ürəyində düşmənə intiqam, qisas hissi yaratmışdı. Hər dəfə
arzularda yer alan Qarabağın işğal altında olmağı hamı kimi onun da
səbrini daşırmışdı. O da döyüş əmri gözləyirdi. Nəhayət ki, gözlənilən an
yetişdi.
        27 sentyabr azadlıq qapısının yavaş-yavaş aralandığı və Qarabağ
adlı ümidlərin üzərinə işıq düşdüyü gün. Hər dəfə olduğu kimi ermənilər
sentyabrın 26-dan 27-nə keçən gecə yenidən təxribata əl atdılar. Bu
taxribat bardağı daşıran son damla oldu. Ordumuz geri dönməyəcəkləri
yola qədəm qoydular. O yolun yolçuları illərdi o yolu gedəcəklərini
səbirsizliklə gözləyən qəhrəmanlar idi. Xalqımız Zəfər yolunun
başlanğıcında idi. Çox keçmədi ki, qəhrəman ordumuzun illərlə işğalda
qalan torpaqları azad etdikləri xəbəri gəlməyə başladı. Müharibənin ilk
başladığı gündən Seymur dəfələrlə hərbi komissarlığa müracət edib
könüllü olaraq müharibəyə qatılmaq istədiyini bildirmişdi. Hər dəfə
"növbən çatanda çağrılacaqsan" cavabını alan vətən oğlu döyüşə
qatılmaqda israrlı idi. Çünki illərlə o bu günün həsrətini çəkmişdi.
Düşməndən qisas almaq və torpaqları azad etmək arzusunda olan
Seymurun gözlədiyi cavab gəlir. Heç kimə bir söz demədən sentyabrın
29-u  könüllü olaraq ordu sıralarına qoşulmuş, digər könüllülər birlikdə

Ballıqayaya getmişdi. Döyüş əmri gözləyən qəhrəman oktyabrın 2-si
Talış kəndi uğrunda mübarizəyə başlamışdı. Anbaan irəliləyən güclü
ordumuzun qarşısında nə düşmən nə də düşmənin sədləri tab gətirmirdi.
Düşmənin 30 il ərzində tikib möhkəmləndirdiyi "aşılmaz səddləri"
Azərbaycan Ordusu Seymur kimi qəhrəman oğulların sayəsində aşıb
keçirdilər. Ən güclü döyüşlərin getdiyi Suqovuşan uğrunda döyüşlərdə
əzmin gücü azadlığa işıq saçırdı. Bu döyüşləri dinləyərkən o anı təsəvvür
etmək insanı vahiməyə salır. Bir də o qəhrəmanların həmin anlar nələr
yaşadıqlarını düşünmək çətin deyil. Seymur o döyüş zamanı üç şey
düşünürdü. Ölməmək üçün mübarizə aparmaq, öldürməyə can atmaq,
vətəni son nəfəsdə yaşatmaq. Döyüş komandiri olan Seymur demək olar
hər an məqsədinə çatırdı. İrəliyə atılan hər addım işğaldan azad olunan
torpağa addım atmaq idi. Bu anın sevinci Seymura güc verirdi. Düzdü,
irəliləyən zaman şəhidlərimiz, yaralılarımız olurdu. Hər qarış torpaq
qanlar, canlar bahasına azad olunurdu. Ancaq buna baxmayaraq
Seymur yolundan dönməməkdə qərarlı idi. Artıq döyüşlər elə bir
istiqamətdə gedirdi ki, burada həm güclü döyüş taktikası, həm iradə tələb
olunurdu. Düşmənə sarsıdıcı zərbələr vurmaqla onları məhv edən
döyüşçülər artıq xeyli sayda əraziləri azad etmişdilər. Seymur və onun
dəstəsi Badamdar meşəsini çox çətin şəraitdə olsa da keçməyi
bacarmışdılar. 96 saat dayanmadan, yatmadan, normal qidalanmadan
vuruşan əsgərlərimiz yağışlı havada dağı yuxarı qalxmağı çətin olsada
bacarmışdılar. Sanki əsgərlərimiz mənəvi güc alırdılar. Seymurgilin
dəstəsi bir çox strateji yüksəkliyin də azad olunmasına nail olmuşdular.
Hər bir yüksəkliyin azad edilməsi düşmənin geri çəkilməsinə təkan
verirdi. Oktyabrın 7-si səhər saatlarında Suqovuşan ərazisində Talış
kəndi istiqamətində yenidən döyüş şiddətlənir. Döyüşlər zamanı
Seymurgilin yanına minamyot düşür, bir neçə nəfər şəhid olur. Bir neçə
nəfər də ağır yaralanır. Seymur çoxsaylı qəlpə yarası almasına
baxmayaraq ayağı qopan yaralı yoldaşına və digər yaralıya kömək
etməyə çalışır. Halbuki Seymur özü gözündən, sağ və sol budundan,
başından, əlindən çoxsaylı ağır qəlpə yaraları almışdı. Yaralandıqları
yerə tibbi personalın yetişməsi mümkünsüz olduğu üçün onlar digər
dəstənin köməyi ilə ərazidən uzaqlaşdırılır. Hər saniyə əleyhinə işləyən
Seymur saat 16:00 qədər yaralı halda əsgərlərin köməyi ilə yol gedir.
Artıq qan itgisi onu haldan salır.Ömrünün son anlarını yaşadığını
düşünən Seymur Kəlimeyi şəhadət deyir. Ancaq bu zaman təcili yardım

maşını əraziyə çatır. Demək Seymurun qismətində şəhidlik zirvəsinə
ucalmaq yox qazi olmaq var imiş. İlkin yardımdan sonra əvvəlcə Naftalan
şəhər xəstəxanasında, sonra isə Bakı şəhərində yerləşən
xəstəxanalardan birində mualicə olunur. Partlayış travması və bir çox
qəlpə yarası alan qəhrəmanın sol bud nahiyəsindəki kor qəlpələr isə
ömrü boyu onun cismində qalacaq. Çünki çıxarılarsa iflic olması ehtimalı
çox böyükdür. Bundan sonra müharibənin izi Seymurun həm
xatirələrində, həm də cismində qalacaq.
           Bu günə qədər çox şəhidin, qazinin, müharibə iştirakçısının
həyatın, döyüş yolun dinləmişəm. Əksəriyyətində "son güllə"  və ya "son
qumbara" olub. Nə olur olsun istifadə edilməyən güllə və ya qumbara.
Hərbiçi özünə çaxacağı gülləni və ya qumbaranı göz bəbəyi kimi
qoruyur. Hər dəfə toxunduğunda o anı düşünür. Vətənini əsirlikdən azad
edən əsgər düşmənə əsir düşəcəyi təqdirdə, düşünmədən özünü
öldürməyə hər an hazır olur. Seymur da mənə "son qumbara" haqqında
danışdı. "Mən düşmənə əsir düşəcəyim anda o qumbaranı partladıb son
nəfəsimdə də düşmən canı almağı düşünürdüm" dedi.
     Seymur və onun kimi qəhrəman oğullar ana vətəni azad Qarabağa
qovuşdurdular. İllərlə tökülən nahaq qanların qisası alındı. Xalqın
ürəyində ümid pöhrələməyə başladı. Müzəffər ordumuzun qazandığı
zəfər Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya bəyan etdi.
Halqa-halqa birləşən xalq, rəşadətli ordu Qarabağı dövrəyə aldı.
MANYA SƏXAVƏTQIZI





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net