"Oqtay Gülalıyevin 6 gündə koronavirusdan sağalması qəribədir" - Oğlu
Tarix: 25-11-2020, 15:32 | Çap et
"Oqtay Gülalıyevin 6 gündə koronavirusdan sağalması qəribədir" - Oğlu

Noyabrın 17-də Bakıdakı “Yeni klinika”ya yerləşdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyev xəstəxanadan evə gətirilib.

Koronavirus səbəbindən 6 gündür müalicə olunan hüquq müdafiəçisinin durumu normallaşıb və evdə müalicəsi davam etdirilir.

Bu barədə Cebhe.info-ya oğlu Təbriz Gülalıyev məlumat verib. Onun sözlərinə görə, atasının, özünün və anasının növbəti koronavirus testləri neqativ çıxıb:

“Bu işdən bir şey anlamadıq. 7 gün əvvəl test vermişdik. Hamımızda pozitiv çıxmışdı. Anamla mən özümüzü normal hiss etmişik. Hər hansı əlamət olmayıb. Koronavirusa görə də müalicə olunmadıq. Sonradan verdiyimiz testlərin nəticəsi neqativ çıxdı. Məncə testlər səhv göstərib. Atamın 6 günə koronavirusdan sağalması da qəribədir”.

Qeyd edək ki, avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində 1 ildən çoxdur ki, koma vəziyyətində olan və 4 əməliyyat keçirən hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 7-də İstanbuldan Bakıya gətirilib.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da Bakıda əməliyyat olunub. Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra Heydər Əliyev Fondunun yardımı ilə noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və "Avrasiya" xəstəxanasına yerləşdirilib.

Bir müddət orada müalicə alan hüquq müdafiəçisi sonra İstanbulda yerləşən “Amerikan Xəstəxanası”na köçürülüb. Noyabrın 7-də hüquq müfadiəçisi İstanbulda yerləşən “Amerikan Xəstəxanası”ndan Azərbaycana gətirilib. Hazırda müalicəsi evində davam etdirilir. Oqtay Gülalıyev 1 ildən çoxdur ki, komadadır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net