2019-cu ilin dekabr ayından etirabən dünyanı cənginə alan koronavirus pandemiyası çox keçmədi ki, Azərbaycana da ayaq açmağa başladı. Məhz buna görə də 2020-ci il mart ayının 3-dən etibarən ölkədəki bütün təhsil müəssisələrində ənənəvi təhsil dayandırılaraq distant təhsilə keçildi. 2020-2021-ci il tədris ili üçün qəbul olunmuş əmrə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonların ümumi təhsil müəssisələrinin fəaliyyəti isə əyani formada həftədə 3 dəfə tətbiq edilməklə uyğunlaşdırılmış tədris planlarına müvafiq təşkil olunmağa başlanmışdı.
Ali təhsil müəssisələrində isə dərslər distant formada davam etdirilirdi. Sentyabrın 27-dən etibarən işğalçı Ermənistanın davamlı təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı. Vəziyyət yenidən müharibə fazasına qədər qoydu. Və döyüşlər bu gün də davam edir. Bu mənada ölkə ərazisində dezinformasiya xarakterli məlumatların yayılmasının qarşısını almaq məqsədilə internetin istifadəsinə məhdudiyyət qoyulub. Bu səbəbdən elə həmin tarixdən onlayn dərslərin təşkilinə də fasilə verilib. Nazirlər Kabinetinin qəbul ediyi qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil olunacaq.
Bəs müəllim və şagirdlərin "Teams", “Zoom” və başqa proqramlarla işləyə bilmə bacarıqları hansı səviyyədədir? Tədrisin onlayn təşkili təhsilimizə necə təsir göstərir?
Suallarımızı cavablandıran təhsil eksperti Kamran Əsədov "Sherg.az”a açıqlamasında ölkəmizdəki müəllim və şagirdlərin onlayn tədrisin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara malik olduğunu bildirib:
“Bilirsiniz ki, Azərbaycanda mart ayından etibarən ənənəvi tədris dayandırılıb. Təhsil öz ətrafında çox insanı birləşdirdiyi üçün bu qədər insanın bir yerə toplaşmasına imkan vermək olmazdı. Əks halda yoluxanların sayında ciddi artım qeydə alınardı. Ona görə də martın 3-dən etibarən ənənəvi təhsil onlayn təhsillə əvəz olundu. Müəllimlər ilk vaxtlar "Zoom", "Skype", "WhatsApp" vasitəsilə dərs keçirdilər. Sonradan isə beynəlxalq "Microsoft Teams" proqramı vasitəsilə onlayn tədris təşkil edildi. İlk əvvəllər 40 yaşından yuxarı olan müəllimlərin onlayn dərslərdəki iştirak faizi aşağı idi. Eyni zamanda onlayn təhsil Azərbaycan üçün yeni tipli təhsil forması olduğu üçün hazırlıqsız idik: ölkə ərazisində bütün şagirdlərin internetə çıxışı, lazımi texniki avadanlığı olmadığı üçün bu tipli dərslərdə iştirak edə bilmirdilər. Biz 2020-ci ilin mart ayından iyun ayına qədər olan müddətdə onlayn tədris üçün hələ hazır deyildik. Ancaq artıq bizim təcrübəmiz var. Məndə olan məlumata görə 30 mindən çox müəllim Təhsil Nazirliyinin bu və ya digər formatda keçirdiyi təlimlər vasitəsilə məktəbdaxili və sinifdaxili qiymətləndirmələrin həyata keçirilməsi üçün bacarıqlara yiyələniblər. Ona görə onlayn tədrisin tətbiqi ilə bağlı müəllim və şagirdlərimiz zəruri bilik və bacarıqlara malikdirlər. Yeganə problem onlayn tədrisin həyta keçirilməsi üçün internetin və texniki avadanlıqların olmaması ilə bağlıdır”.
Ekspertin qənaətincə, hazırkı dönəmdə istər Azərbaycanda, istərsə də dünyada tədrisin onlayn şəkildə təşkili ən uyğun variantdır:
“Amma elə fənlər var ki, onların onlayn şəkildə keçirilməsi effektiv deyil. Məsələn, fizika, kimya, riyaziyyat, laboratoriya və lövhədə işləməyi tələb edən fənlərin tədrisində şagirdlə müəllim individual qaydada işləməlidir. Təəssüf ki, hazırkı texniki imkanlar bu fənlərin onlayn şəkildə effektiv formada həyata keçirilməsinə imkan vermir. Biz bunun təsirini 2020-ci ildə blok fənləri üzrə keçirilən qəbul imtahanlarının nəticələrində də gördük. Abituriyentlərin humanitar fənlər üzrə nəticələri texniki və təbiət fənləri ilə müqayisədə daha yaxşı idi. Düşünürəm ki, texniki proqram təminatını həyata keçirməklə, vizuallaşdırılmış dərslər vasitəsilə qeyd etdiyimiz fənlərdə də tədrisin keyfiyyətini artıra bilərik”.