Xəbər verdilyi kimi, 2020-ci il oktyabrın 29-da 2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb.
Dövlət İmtahan Mərkəzindən "Report"a bildirilib ki, hər il tələbə qəbulu müsabiqəsində xüsusilə fərqlənərək, ən yüksək nəticə əldə edənlər gəncliyimizin intellektual elitasını təmsil edirlər. Onların təcrübəsi həm cəmiyyətdə, həm də məktəblərdə güclü təsirə malik örnək, nümunə rolunu oynayır. Bilik öncüllərinə qayğı göstərmək, onları həvəsləndirmək, inkişaflarına və potensial imkanlarının gerçəkləşməsinə kömək etmək, şərait yaratmaq dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır:
"Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1739 nəfər 600 və daha yuxarı bal toplamışdır. Onlardan 206 nəfər məcburi köçkün rayonlarına aid məktəblərin məzunlarıdır. Sevindirici haldır ki, bu məzunların əksəriyyətini artıq məcburi köçkün hesab etməyə də bilərik. Çünki hazırda rəşadətli Azərbaycan Ordusu tərəfindən həmin rayonların əksər hissəsi düşməndən azad edilib. Yüksək bal toplayan abituriyentlər demək olar ki, respublikanın bütün şəhər və rayonlarını, o cümlədən kənd məktəblərini təmsil edir. Yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarının sayı bu il 966 nəfər olmuşdur.
Yüksək nəticə göstərənlər I ixtisas qrupu üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 612 nəfər, II ixtisas qrupu üzrə (iqtisadiyyat və idarəetmə üzrə ixtisaslar) 216 nəfər, III ixtisas qrupu üzrə (humanitar və sosial ixtisaslar) 555 nəfər, IV ixtisas qrupu üzrə (səhiyyə, rifah və xidmət ixtisasları) 356 nəfər olmuşdur.
Qeyd edək ki, hələ 2001-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman vermişdi. Həmin Fərmana uyğun olaraq, o vaxtdan hər il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş gənclərimiz Prezident təqaüdünə layiq görülür. Çox fərəhli haldır ki, Prezident İlham Əliyevin 2004-cü ildə verdiyi Sərəncamla Prezident təqaüdçülərinin sayı və onlara verilən təqaüdlərin məbləği daha da artırılmışdı. Təqaüdün məbləği sonradan bir neçə dəfə də artırılıb.
Azərbaycan gəncliyinin intellektual elitasına göstərilən bu diqqət maddi stimuldan çox güclü mənəvi dəstək, ruhlandırıcı amil rolunu oynayır, təhsildə sağlam yarış mühitinin yaranmasına təsir göstərir.
Bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülən şəxslər respublikanın 21 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Təqaüdçülərdən 43 nəfər regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 10 nəfər kənd məktəblərinin məzunlarıdır), 3 nəfər bir valideyni əlil olan ailədən, 1 nəfər bir valideyni olmayan ailədən, eləcə də hərbçi, sürücü, mühafizəçi, aşpaz, usta, bərbər və digər ailələrdən olan məzunlardır. Siyahıda olan 23 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.
Təqaüdçülərdən 59 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Abşeronda yerləşən məktəblərin məzunlarından 8, Sumqayıtda yerləşən məktəblərin məzunlarından 7, Qəbələdə yerləşən məktəblərin məzunlarından 5, Naxçıvanda yerləşən məktəblərin məzunlarından 4 nəfəri bilik öncüllərini siyahıda görmək olar. Ümumilikdə 5 nəfər isə keçmiş işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır.
Xatırladaq ki, Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə, 22 nəfər Bakı Ali Neft Məktəbinə, 20 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 8 nəfər ADA Universitetinə, 5 nəfər Dövlət İdarəçilik Akademiyasına, 2 nəfər Azərbaycan Dillər Universitetinə, 2 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 2 nəfər isə xüsusi təyinatlı ali təhsil müəssisəsinə, 1 nəfər Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, qəbul olunub".