Noyabr ayında koronavirusa yoluxanların sayının artması gözləniləndir.
Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
O bildirib ki, buna səbəb növbəti aylarda respirator virus infeksiyalarının baş vermə hallarının artması olacaq:
“Sözügedən infeksiyaların artması koronavirusun da yayılmasına gətirib çıxara bilər. İki virusun yanaşı olması isə xəstəliyin daha ağır gedişlə müşahidə edilməsinə səbəb olacaq”.
“Karantin qaydaları sərtləşə bilərmi?” sualına isə C.İsayev belə cavab verib:
“Yoluxma sayının çoxalması və ya azalması birbaşa insanlarla əlaqədardır. İstərsə ən sərt, istərsə də hazırkı yumşalmalarla olan karantin tədbirlərində insanlar diqqətli olmasalar, nəticə dəyişməyəcək. Biz karantin tədbirlərinə maksimum riayət etməliyik. Maskaların taxılması, sosial məsafələrin gözlənilməsi, sıx yerlərdə toplaşmağın qarşısının alınması, əllərin tez-tez yuyulması və s. tədbirlərə əməl etsək, yoluxma sayı çox az olacaq. Bunlara əməl etməsək, ən sərt karantin rejiminin belə faydası olmayacaq.
İnsanlardan bir daha xahiş edirəm ki, karantin tələblərinə riayət etsinlər. Özlərini və ətraflarını qorusunlar ki, həyatımız normal hala qayıtsın”.