"Təhsil Nazirliyi ləngiyir, şagirdlərin gözü yoldadır" - deputat
Tarix: 26-08-2020, 13:38 | Çap et
 "Təhsil Nazirliyi ləngiyir, şagirdlərin gözü yoldadır" - deputat

Təhsil Nazirliyi və Nəqliyyat Rabitə Yüksək Texnologiyaları Nazirliyi yeni dərs ilində təhsilin təşkili formaları ilə bağlı məsələdə çox ləngiyirlər. Yeni dərs ilinin başlanmasına az qalıb. Təhsil Nazirliyi indiyədək məktəblərin açılması və təhsilin təşkili formaları ilə bağlı vəziyyətə aydınlıq gətirməyib. Şagirdlər, tələbələr və valideynləri ciddi suallar narahat edir.

Bu məsələni sosial şəbəkə hesabında qabardan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, hələ də şagirdlər yeni kompüter və ya planşet, smartfonlar alıb-almamaq dillemması ilə üz- üzədirlər. O cümlədən də internet təminatları ilə bağlı ciddi narahatlıqları var: "Əlbəttə, anlayırıq ki, real vəziyyətə uyğun qərar vermək çox çətindir, lakin TN-in bu qədər ləngiməsi düzgün deyil. Maraqlı tərəflərə tədrisin təşkili formaları ilə bağlı dəqiq mesajlar vermək lazımdır ki, zamanında tədris prosesinə hazırlıqla bağlı normal qərarlar qəbul edə bilsinlər. Fikrimcə, TN və NRYTN rəhbərliyi təhsilin təşkilinin texniki-texnoloji tərəflərinə aydınlıq gətirmək üçün çox tez bir zamanda geniş tərkibdə görüşməli və birgə fəaliyyət planı hazırlamalıdır".

Millət vəkili Ceyhun Məmmədov isə "Şərq"ə açıqlamasında deyib ki, mövcud durumda yaranmış şərait nəzərə alınaraq, dərslərin hansı formada keçirilməsi ilə bağlı Təhsil Nazirliyi öz mövqeyini ötən həftə açıqladı. Qarşıdan gələn tədris ilində dərslərin həm ənənəvi, həm də onlayn formada keçirilməsi nəzərdə tutulur. Deputatın sözlərinə görə, hazırda əsas məsələ təhsilalanların dərslərdə iştirakını maksimum təmin etməkdir. Bu vəziyyətdə tədrisin təşkili üçün texnoloji platforma, avadanlıqlar və təbii ki, uyğun internet paketlərinin mövcudluğu vacibdir.

Bəs, ölkəmizdə internet provayderləri və mobil internet xidməti təqdim edən operatorlar nə dərəcədə uyğun qiymətə öz xidmətlərini təklif edirlər?

C.Məmmədovun sözlərinə görə, təxminən mart ayından başlayan onlayn dərslər bu sahədə çətinliyin mövcudluğu məsələsini ortaya çıxardı. Müşahidələr göstərdi ki, bu sahədə mövcud olan problemlər tədrisin təşkilinə, keyfiyyətinə təsir göstərir:

"İstər orta, istər ali məktəblərdə çox sayda şagird və tələbələr məhz bu problemlərə görə dərslərə qoşula bilmədilər. Nəzərə alsaq ki, bəzən bir ailədən 2 və daha çox uşaq dərslərə qoşulmalı olur, bu da təbii ki, valideynlər üçün müəyyən problemlər yaradır. Xüsusilə aztəminatlı ailələrdə bu problemlər qabarıq şəkildə özünü büruzə verir.

Hesab edirəm ki, mövcud şəraitdə internet provayderləri məsələnin aktuallığını, vacibliyini nəzərə alıb qiymətlərə yenidən nəzər sala bilərlər. Bunun üçün müəyyən təkliflər verilməlidir. Onlayn dərslərin keçirilməsi üçün xüsusi və güzəştli paketlərin təklif olunması, təhsilalanların müəyyən limit çərçivəsində pulsuz internetlə təmin edilməsi, keyfiyyətin artırılması və s. bu kimi istiqamətlərdə mövcud şəraitdə tədrisin təşkilini təmin etmək olar".

Onlayn dərslərin təşkili məsələsi üçün internet resurslarının əlçatan olmasını vacib məsələ hesab edən millət vəkilinin fikrincə, dağlıq ərazilərdə yaşayan şagird və tələbələr üçün də müəyyən mexanizm hazırlanmalıdır.

Bəllidir ki, bu ərazilərdə internetin əlçatanlığı hələ də tam təmin olunmayıb: "Bəzi ərazilərdə isə internetin sürəti həddindən artıq zəifdir. Qiymət məsələsi ilə yanaşı, bu nüanslara da diqqət yetirmək lazımdır.

Təhsilalanların mövcud elektron tədris resurslarına çıxışının təmin olunması istiqamətində təhsil müəssisələri özləri də müəyyən tədbirlər həyata keçirməlidir.

Müasir dövrün və mövcud şəraitin tələblərini nəzərə alaraq, ölkəmizdə internet qiymətlərinə və təkliflərinə yenidən baxılmasını məqsədəuyğun hesab edirəm. Belə olduğu təqdirdə onlayn təhsildə istədiyimiz nəticəni əldə etmək mümkün olacaq".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net