Qaragüney standartıyla bilik verib, Kembric standartıyla imtahan götürərlər? - ETİRAZ
Tarix: 21-08-2020, 10:30 | Çap et

Keçən il test üsulu ilə tələbə qəbulunda ənənəvi qaydaların radikal şəkildə dəyişdirilməsi, yeni hoqqalar çıxarmaqla düzənin pozulması zamanı ictimaiyyətin narahatlığını nəzərə alaraq bir tənqidi yazı yazmışdım. İllər öncə qurulmuş və abituriyentlərin vərdiş etdiyi bu qaydaların tətbiqinin son nəticədə imtahanda gənclərə yüksək ballar toplamaqda mane olduğunu, bu səbəbdən yüksək ballar toplayanların azaldığından bəhs etmişdim.

DİM sədri Məleykə Abbaszadə isə mətbuat konfransında bu iradlara cavab vermiş, hətta öz erudusiyasını göstərərək, “İqor polku haqqında dastan” əsərindən sitat gətirmiş, iradlarımı rusca “Yaroslavna plaç” (“Yaroslavnanın ağısı”) adlandırmışdı. Elə çıxırdı ki, mən 700 bal toplamayanlar üçün ağı deyirəm, ah-nalə edirəm.

Ancaq gerçəkdən də ağlamalı durum idi. Anlaşılmırdı: 2018-ci ildə 27 abituriyentin ən yüksək – 700 bal toplaması, yüzlərlə gəncin isə 650-dən çox bal yığması DİM rəhbərliyini nədən narahat edib ki, onlar tez-tələsik “islahat keçirərək”, növbəti ildə müvəffəq abituriyentlərin ixtisar olunmasını hədəfləyiblər və 2019-cu ildə buna nail olublar. Qeyd edək ki, ötən il 700 bal toplayan olmadı. 2018-ci ildə 635 balla ödənişli yerləri seçməyə məcbur olan abituriyentlər olduğu halda, 2019-da artıq bu göstərici 560-a qədər endi.

Belə görünürdü ki, bir ilin içində abituriyentlər “savadsızlaşıb”. Əslində isə elə deyildi. Abituriyentlərin əxz edəcəyi predmetlər artırılmış və çətinləşdirilmişdi. İndi də elədir. Son iki ilin abitiriyentləri bundan əvvəlki illərdəki həmyaşıdlarından daha çox oxumağa, hazırlaşmağa məcburdurlar.

Yeni təhsil naziri isə bunu dünya standartlarına uyğunluq adlandırır.

Qara gəlsin o dünya standartlarını. Şagirdə Ağcabədi-Hacıqabul-Zobucuq-Qaragüney standartları ilə bilik verirsiniz (son 6 ayda heç o da olmadı), Kembric, Oksford, Harvard standartıyla imtahan götürürsünüz? Məktəblərdə 9-11-ci siniflər üçün tədrisin qeyri-rəsmi şəkildə ləğv olunması hansı “dünya standartına daxildir”?

Deyilə bilər, DİM hamıya eyni gözlə baxır, suallar çətindirsə, hamı üçün çətindir. Birincisi, elə deyil. Bəzi günlərdə abituriyentlərə verilən suallar nisbətən asan, bəzi günlərdə çətin olur, haqlı rəqabət prinsipi kobudcasına pozulur.
İkincisi, 1 həftə öncə abituriyentlərə verilmiş və cavablandırılmış suallar “bunker repetitorları” tərəfindən öz müdavimlərinə paylanır və onlar artıq imtahanda hansı suallarla qarşılaşacaqlarını bilirlər, konkret o cavabları əzbərləyib hazırlaşırlar. Yenə də haqsız rəqabət alınır.

Üçüncüsü, “dünya standartlarını” uğursuz şəkildə tətbiq edərkən 17 yaşlı cocuqların keçirdiyi həyəcan, stress, yüklənmə, məyusluq, depressiya kimi hallar nəzərə alınmır. Hələ pandemiya dövrünün sıxıntılarından bəhs etmirəm.

Bircə şeyi düşünün, DİM sədri Məleykə Abbaszadə, eləcə də onun müavinlərindən bir neçəsi özləri ali məktəbə daxil olarkən cəmi 9 suala (3 ayrı-ayrı imtahanın hərəsində 3 suala) cavab veriblər və bir inşa yazıblar. Vəssalam.

İndiki abituriyentlər isə 180 suala cavab verməlidirlər və onların çoxu düsturlu məsələ həlləridir. Riyaziyyat, kimya, fizika fənlərində elə məsələlər var ki, abituriyent onlara atomu parçalayan Eynşteyn kimi yanaşmalı, düsturları ard-arda sıralaya-sıralaya bir vərəqi qaraltmalı, yarım saatdan sonra cavabı tapıb qeyd etməli və digər sualın kələfini çözməyə keçməlidir.
9 suala cavab vermək hara, 180 suala cavab yazmaq hara? Həm də o vaxtlar 4 imtahana ən azı 16-20 gün vaxt verilirdisə, indi iki dəfə 3 (toplam 6) saat vaxt verilir?

Məqsəd nədir? 17-18 yaşlı abituriyentlər ali məktəbə artıq hazır riyaziyyatçı, kimyaçı, fizik, tarixçi kimi daxil olacaqlarsa, onlara universitetdə nə öyrədəcəklər?

Yenə əsas arqument “dünya standartları” olacaq. Amma ölkəmizdə heç nə (varlıların məişət şəraiti və lüks avtomobilləri istisna olmaqla) dünya standartlarına uyğun deyil və qat-qat geridədirsə, bir damcı uşaqlar o standarta uyğunlaşa bilməzlər.

Məqsəd abituriyentlərin bilik səviyyəsini ölçmək və aşkarlamaqdırsa, bunu daha sadə üsullarla etmək və gənclərin fiziki və sağlamlığına zərbə vurmamaq şərti ilə etmək gərəkdir.

Ancaq DİM hansısa məkrli niyyətlə bunun əksini edir. Sanki məqsəd abituriyentləri daha da dolaşdırmaq, çaşdırıcı suallarla onları yanılmağa vadar etməkdir. Bu il bir çox sualların cavab variantları o qədər çaşdırıcı, bir-birinə yaxın olub ki, abituriyüntlərin bir xeylisi də o tələlərə düşüb.
Qaragüney standartıyla bilik verib, Kembric standartıyla imtahan götürərlər? - ETİRAZ
Həmin abituriyentlərin sırasında şəxsən tanıdığım gənclər var, tədris kitablarının hansı səhifəsindən soruşurdun, tapança kimi cavab verirdilər və elə görünürdü ki, onlar 30 sualın 30-na doğru cavab verəcəklər. Amma nəticə 20 civarında olub. Məlum olur ki, uşaqların cavab verə bilmədiyi 10-a yaxın sual ümumiyyətlə heç bir topluda yoxdur, tamam yenidir. Belə predmetləri imtahana salmaqda məqsəd nədir?

Bizimkilər sanki elmdən iyrənən, təhsilə nifrət edən, “onsuz da oxumağın xeyri yoxdur” fikrinə dolan gənc nəsil yetişdirmək, test üsulunu gözdən salmaq, valideynlərin bu qaydayla qəbula kütləvi etirazlarını təşkil etmək istəyirlər.

Niyyət yavaş-yavaş testlə qəbul üsulunu ləğv etməkdirsə, nə özlərini, nə də abituriyentləri dağa-daşa salmasınlar, ləğv etsinlər, getsin. İnsanlar da gələn il, vaxtilə sovet dövründə olduğu kimi, sadəcə, yeni məzənnə ilə (50, 100 min, bəzi ixtisaslar üçün 250 min manat) pullarını ödəyib tələbə bileti alsınlar.

Belə dünya standartları da var. Yuxarıda adları çəkilən məşhur universitetlərdə təhsil haqqı çox bahadır, pulu olan oxuyur, olmayan gedib “qara işlər”də çalışır.

P.S. Yanlış anlaşılmasın deyə ilk baxışdan lovğalıq kimi görünə biləcək bir zəruri qeyd etməyə məcburam: Bu sətirlərin müəllifinin övladları 3 bakalavr, 2 magistr, 2 dövlət qulluğu imtahanlarında yüksək ballar toplayıb, 3 qırmızı diplom qazanıblar. Yəni bu yazı “şəxsi ah-nalə” deyil, ictimai səciyyə daşıyır. Çünki son iki ildə tələbə qəbulu sahəsində çıxarılan hoqqalar qorxulu tendensiyadan xəbər verir.

P.P.S. Blok imtahanının keçən il olduğu kimi təkrar keçirilməsi haqlı tələbdir.
Xalid KAZIMLI //musavat.com//




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net